Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Füzuli rayonu İş № 2(064)-654/2024 15.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, kreditor Tələbkar Borclu qarşı verdiyi “borcun ödənlməsi” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Kreditor Tələbkar (bundan sonra - kreditor) məhkəməyə təqdim etdiyi ərizədə Borclu (bundan sonra - borclu) xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış borca görə 1087 manat əsas və 108 manat cərimə borcu olmaqla, ümumilikdə 1195 manat məbləğində pulun alınıb ona verilməsi barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Kreditor ərizəsində tələbini onunla əsaslandırmışdır ki, borcluya aralarında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən 1130 manat dəyərində olan “Shivaki 18” markalı kondisioner və “Shivaki” paltaryuyan satmış, borclu kreditora həmin malın dəyərinin qismən ödəsə də, yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, 1087 manat hissəsini ödəməməklə müqavilə öhdəliyini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. - 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. - 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. - 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə göstərilən mülki-prosessual qanunvericilik normalarına uyğun olaraq, hazırki mülki işə kreditorun tələbinin sadə yazılı formada bağlanmış əqdə və borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanmaqla aşkar olmasına görə əmr icraatı qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onun dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə ərizəyə əlavə edilmiş xx.xx.2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi, ödəniş cədvəli, borclunun borcu haqqında maliyyə arayışı, kreditorun borcluya göndərdiyi yazılı xəbərdarlıq əsasında işin faktiki hallarının kreditorun ərizəsində göstərdikləri ilə eyni məzmunda olduğunu müəyyən edir. Məhkəmə buna görə də işin müəyyən edilmiş faktiki hallarının məzmununu təkrarlamağa zərurət görmür. Məhkəmə göstərilən qanunvericilik normaları və və işin kreditorun ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 275-278, 280, 281-ci maddələrini rəhbər tutaraq ƏMR ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş və həmin ünvanda yaşayan Borclu xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə yaranmış borca görə 1087 manat əsas və 108 manat cərimə borcu olmaqla, ümumilikdə 1195 manat məbləğində pul alınıb kreditor Tələbkar verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №2(064)-654/2024
Füzuli Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(064)-654/2024
15.03.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver