Məhkəmə qərarları › İş №2(064)-848/2023

Füzuli Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(064)-848/2023

27.04.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Füzuli rayonu İş № 2(064)-848/2023 27.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, ərizəçi - Füzuli rayonu, Bala Bəhmənli kəndi, Tələbkar, borclu-Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan Borclu qarşı «pul məbləğinin ödənilməsi»nə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: Ərizəçi Tələbkar Borclu qarşı «pul məbləğinin ödənilməsi»nə dair ərizə ilə məhkəməyə müraciət edərək borcludan 168 manat borcun və 15 manat cərimə borcunun ərizəçinin hesabına ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizəçi Tələbkar ərizəsini belə əsaslandırmışdır ki, borclu ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alğı-satğı müqaviləsinə əsasən borcluya cəmi 400 manat dəyərində Redmi 7 telefonu 6 ay müddətində satılmışdır. Borclu aldığı malın dəyərindən qismən ödəniş etsə də borclu qaldığı 168 manatı bu günədək ödəməmişdir. Borcun könüllü olaraq qaytarılması barədə borcluya kreditor tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, o, borcunu indiyədək ödəməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, həmin məbləğin borcludan alınaraq kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alğısatğı müqaviləsinə əsasən borcluya cəmi 400 manat dəyərində Redmi 7 telefonu 6 ay müddətində satılmışdır. O, əldə etdiyi telefonun dəyərini 06 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, borclu tərəfindən 232 manat ödənilmişdir. İddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi hüquq normalarına isnad etməyi məqsədəmüvafiq hesab edirəm. Öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alğı-satğı müqaviləsinə əsasən borcluya cəmi 400 manat dəyərində Redmi 7 telefonu 6 ay müddətində satılmışdır.Həmin malın dəyərini 06 ay müddətinə borclu ödəməyi öhdəsinə götürsə də bu öhdəliyinə lazımınca əməl etməmiş və nəticədə onun 168 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditorun tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 276.2-ci maddəsində göstərilir ki, məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə (kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa. 280-ci maddəsində qeyd edilir ki, məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Odur ki, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280-284-cü maddələrinin tələblərini rəhbər tutaraq, əmr etdim: Ərizə təmin edilsin. Kreditor-Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayan Tələbkar xeyrinə borclu- Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan Borclu 168 manat əsas borc və 15 manat cərimə borcu olmaqla, cəmi 183 manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Füzuli Rayon Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar