Məhkəmə qərarları › İş №2(064)-91/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-91/2023

09.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-91/2023 09.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı əmək haqqının, məzuniyyət pulunun və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 MMC-dən 22 ayın ödənilməmiş əmək haqqı – 6.380 AZN, məzuniyyət pulu- 250 AZN və mənəvi zərər 2.000 AZN olmaqla ümumilikdə 8.630 manat, "xxxx" MMC- dən 22 ayın ödənilməmiş əmək haqqı – 4.050 AZN, məzuniyyət pulu - 220 AZN və mənəvi zərər 2.000 AZN olmaqla ümumilikdə 6.270 manat pulun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh1 MMC-də əsas iş yeri kimi əmək fəaliyyətinə başlamışdır. Aylıq əmək haqqı 290 AZN təşkil edirdi. xx.xx.2021-ci il tarixdə tərəflərin birinin təşəbbüsü ilə sözügedən əmək müqaviləsinə xitam verilmişdir və o, həmin şirkətdən indiyə kimi heç bir əmək haqqı almamışdır. Bununla bağlı bildirmişdir ki, işdən çıxma barədə ərizədəki imza ona məxsus deyil və Cavabdeh1 MMC-nin sahibləri tərəfindən qeyd olunan ərizə yazılmış və imzalanmışdır. Bunun səbəbi barədə Cavabdeh1 MMC-nin rəhbərliyindən soruşduqda “hamıya belə etdik heç kim problem yaratmadı ondan başqa” deyə cavab vermişlər. Buna görə də düşünür ki, Cavabdeh1 MMC xx.xx.2020-ci ildən bu günədək onun əmək haqqı, məzuniyyət pulunu və mənəvi zərəri ödəməli və onun imzaladığı deyilən işdən çıxma ərizəsində imzası olan və bunu təşkil edənlər barədə cinayət məsuliyyətinə cəlb olunmaq üçün məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməlidir. Cavabdeh1 MMC-nin ona borcu aşağıdakı kimidir: 22 ayın ödənilməmiş əmək haqqı – 6.380 AZN, məzuniyyət pulu - 250 AZN və mənəvi zərər 2.000 AZN olmaqla ümumilikdə 8.630 manat. Eyni zamanda xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, “A.R.MOON Ajans’ MMC-də əlavə iş yeri kimi əmək fəaliyyətinə başlamışdır. Aylıq əmək haqqı 270 AZN təşki edirdi. xx.xx.2021-ci il tarixdə tərəflərin birinin təşəbbüsü ilə sözügedən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci il tarixdən həmin şirkətdən heç bir əmək haqqı almır. Bununla bağlı bildirmişdir ki, işdən çıxma barədə ərizədəki imza ona məxsus deyil və "xxxx" MMCnin sahibləri tərəfindən qeyd olunan ərizə yazılmış və imzalanmışdır. Bunun səbəbi barədə "xxxx" MMC-nin rəhbərliyindən soruşduqda “hamıya beli etdik heç kim problem yaratmadı ondan başqa” deyə cavab-verdilər. Buna görə də düşünür ki, "xxxx" MMC xx.xx.2021-ci ildən bugünədək onun əmək haqqını, məzuniyyət pulunu və mənəvi zərəri ödəməli və onun imzaladığı deyilən işdən çıxma ərizəsində imzası olan və bunu təşkil edənlər barədə cinayət məsuliyyətinə cəlb olunmaq üçün məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməlidir. "xxxx" MMC-nin ona borcu aşağıdakı kimidir: 15 ayın ödənilməmiş əmək haqqı-4050 AZN, məzuniyyət pulu- 220 AZN və mənəvi zərər 2000 AZN olmaqla ümumilikdə 6.270 manat. Cavabdeh1 MMC və "xxxx" MMC-nin rəhbərliyi yaxın qohumlardır və onların bu eyni davranışları eyni mərkəzdən idarə olunmaları ilə bağlıdır. Sözügedən şirkətlərin qanunsuz əməlləri barədə X2 məlumat vermiş və X4 Xidməti Bərdə Regional Ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli, **********3 saylı cavabına əsasən, hər iki müəssisənin rəhbərinə son haqq hesabın ödənilməməsi və əmək müqaviləmə xitam verilərkən yol verilən nöqsanlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinə müvafiq xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Mediasiya prosesindən keçsə də cavabdehlərin heç bir nümayəndəsi mediasiya prosesinə gəlməmişdir. Ona görə də, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında: İddiaçı məhkəmənin hazırlıq iclaslarında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Bununla yanaşı, İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin direktoru X5 xx.xx.2023-cü il tarixli məhkəmə baxışı iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçıla əmək müqaviləsi bağlansa da o, faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfləri dinləyərək və təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş: “e-sosial.az” internet portaldan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh1 MMC-də operator işləməklə müqavilənin bağlanma tarixi xx.xx.2020-ci il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci il. Əmək haqqı 290 manatdır. “e-sosial.az” internet portaldan çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də reklam üzrə mütəxəssis işləməklə müqavilənin bağlanma tarixi xx.xx.2021-ci il, müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci il. Əmək haqqı 270 manatdır. Azərbaycan Respublikası ƏƏSMN yanında X4 Xidməti Bərdə regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 26.08.202-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh1 MMC ilə müddətsiz əmək müqaviləsi bağlayaraq əsas iş yeri olmaqla operator-kompyüter işinə qəbul olunmuşdur. Bundan sonra, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq əlavə iş yeri olmaqla reklam mütəxəssisi işinə qəbul edilmişdir. Həmçinin sistemdə Cavabdeh1 MMC ilə olan əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC ilə olan əmək müqaviləsinə xx.xx.2021ci il tarixdə Əmək Məcəlləsinin 68.2a-ci maddəsi ilə xitam verildiyi müəyyən edilmişdir. Cavabdeh1 MMC-də işəgötürən X5, "xxxx" MMC-də işəgötürən X3r. İddiaçı son haqqhesabın ödənilməməsi və əmək müqaviləsinə xitam verilməsində yol verilmiş nöqsanlarla əlaqədar hər iki müəssisənin rəhbəru barəsində İXM-in müvafiq maddələri ilə inzibati qaydada tədbirlər görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı əmək haqqı 290 manat olmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh1 MMC-də operator və əmək haqqı 270 manat olmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" MMC-də reklam üzrə mütəxəssis işləmişdir. Lakin qeyd olunan müddət ərzində əmək fəaliyyətinə görə iddiaçıya faktiki olaraq əmək haqqı ödənilməmişdir. İddiaçı əmək müqaviləsi bağlandığı tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək olan dövr üzrə əmək haqqının hesablanaraq ona ödənilməsini tələb etsə də məhkəmə hesab edir ki, iddiaçıya əmək haqqı hər iki əmək müqaviləsinin bağlandığı tarixdən həmin əmək müqaviləsinə xitam verildiyi tarixədək olan dövr üzrə hesablanmalıdır. Belə ki, iddiaçıya ödənilməmiş əmək haqqına görə əmək haqqı Cavabdeh1 MMC-də işlədiyi cəmi 11 aya görə (11x290=3.190) 3.190 manat, "xxxx" MMC-də işlədiyi 7 ay görə (7x270=1.890) 1.890 manat vəsait hesablanaraq ödənilməlidir. Hər iki əmək müqaviləsinə xitam verildiyindən və xitam verilmə barədə əmrlər hazırda qüvvədə olduğundan ondan sonrakı dövr üzrə əmək haqqı hesablana bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından bəhs edən 9-cu maddəsində qeyd edilir ki, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq. Maddə 154. Əmək haqqı.

1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinin 1-ci bəndində deyilir ki, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. İddia tələbinin istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi hissəsini təmin edərək məhkəmə qeyd edir ki, iddiaçı-işçi İddiaçı hər iki müqavilə üzrə azı altı ay işlədiyinə görə əmək məzuniyyətindən istifadə etmək hüququnu əldə etdiyindən, lakin bu hüququndan istifadə etmədiyindən pul əvəzi ona ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası.

1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Maddə 144. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi.

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə cəmi 4.000 manat pulun tutulması hissəsini isə rədd edərək onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsini kifayət qədər əsaslandırmamış və ümumiyyətlə əmək haqqının ödənilməməsi nəticəsində nə kimi mənəvi sarsıntı və iztirablar keçirməsini müfəssəl qeyd etməmişdir. Bununla yanaşı, məhkəmə belə hesab edir ki, cavabdehlərin əmək haqqının ödənilməməsində ifadə olunan hərəkətləri iddiaçının mənafeyinə münasibətdə qanunsuz olsa da ailə vəziyyətinə görə subay olan iddiaçının buna görə ailədə və ya məişətdə mənəvi sarsıntı və iztirablar keçirməsi inandırıcı deyil. Məhkəmə həmçinin hesab edir ki, iddianın pul tələbinin qismən təmin olunması elə İddiaçı keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda iddiaçını müəyyən miqdarda vəsaitlə təmin etməklə onun keçirdiyi sarsıntı və iztirabın unutdurulması, mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona maddi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının: 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində deyilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Beləliklə də, məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddia qismən təmin olunsun. İddiaçı xeyrinə Cavabdeh1 MMC-dən ödənilməmiş əmək haqqına görə 3.190 manat və istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi 250 manat olmaqla, cəmi 3.440 manat, "xxxx"MMC-dən ödənilməmiş əmək haqqına görə 1.890 manat və istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi 220 manat olmaqla, cəmi 2.110 manat pul tutulsun. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Yaşar Həşimov

Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi

AZ 1900 Horadiz şəhəri Tel : (026) 315-51-82 Horadiz şəhəri

İş № 2(064)-91/2023 15 fevral 2023-ci il

İddiaçı Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Çapayev küçəsi 10A

Cavabdehlər: Cavabdeh1 MMC-yə Ünvan: Bakı şəhəri, Beynəlxalq avtovağzal kompleksi sıra 1, otaq 1116

"xxxx" MMC-yə Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi

Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-91/2023 saylı qətnaməsi sizə göndərilir.

qoşma: qətnamə. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar