Məhkəmə qərarları › İş №2(064)-945/2024

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-945/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-945/2024 23.07.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı verdiyi alimentin təyin edilməsi tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra - cavabdeh) birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2010-cu il tarixdə nikah aktı ilə evliliklərini rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə sonralar münasibətləri pozularaq ayrılmışlar və İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-2009/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah aktı ləğv edilmiş, uşaqlar atanın himayəsinə verilmiş və aliment təyin edilməmişdir. Hal-hazırda iddiaçının maddi vəziyyəti yaxşı olmadığına görə cavabdehin ona hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment verməli olduğunu hesab edir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarının 300 manat təyin edilməsini və işə iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki: - İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-2009/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli nikah aktı ləğv edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X4 atalarının himayəsinə verilmiş və aliment təyin edilməmişdir (İmişli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(036)-2009/2022 saylı qətnaməsinin surətinə əsasən); - Alimentin təyin edilməsi tələbinə dair xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişlər ( Sabirabad 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışın surəti əsasında). Beləliklə, tərəflərin nikahından doğulmuş uşaqlar yetkinlik yaşına çatmamışlar. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh, məhkəməyə iddia ərizəsi ilə müraciət olunduğu xx.xx.2024-cü il tarixdən hesablanmaqla dörd uşaq üçün cəmi 300 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Belə ki, işin araşdırılan halları ilə, eyni zamanda məhkəmədə tədqiq olunan sübutlarla təsdiq olundu ki, iş üzrə yetkinlik yaşına çatmayan uşaqlar ataları ilə birlikdə yaşayır. Onların tərbiyəsi, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafı ilə ataları məşğul olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin maddi vəziyyətini və cavabdehin ödəmə qabiliyyətini də nəzərə alır. Məhkəmə aliment tələbi üzrə nəticəyə gələrkən uşaqları saxlamağın hər iki valideynin borcu olduğunu, hazırkı vəziyyətdə cavabdehin ödəmə qabiliyyətini, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşaqların analarının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını, həmçinin iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, ödəniləcək aylıq aliment məbləğinin dörd uşaq üçün 300 manat olması yetərlidir və bu aliment məbləği ilə uşaqların layiqli həyat şəraitini, qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyinə görə iş üzrə alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1, 358.0.1, 360 və 362-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi nəzərə alınmaqla iddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq cəmi 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar