Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(064)-952/2023 24.07.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı verdiyi “borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş borca görə 900 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin mart ayında cavabdehə aralarında şifahi qaydada əldə etdikləri razılığa əsasən 1250 manat məbləğində pulu borc vermiş, sonuncu ona həmin pulu 10 gün müddətinə qaytaracağına dair vəd vermişdir. 2021-ci ilin iyul ayında cavabdehin atası ona həmin məbləğdən 350 manat pul qaytarmış, bundan sonra cavabdeh ona borclu qaldığı 900 manat məbləğində pulu qaytarmamaqla öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarına vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM-in) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iddiaçının bir ədəd diskdə təqdim etdiyi, məhkəmə iclasında tədqiq edilmiş, mobil telefon vasitəsilə cavabdehlə arasında olmuş danışıqları qeydə aldığı səs yazıları əsasında müəyyən etmişdir ki, həmin danışıqlar zamanı iddiaçı cavabdehə 2021ci ilin mart ayında ondan 10 gün müddətinə qaytaracağı şərtilə borc aldığı 1250 manat məbləğində pulun 350 manat hissəsinin atası tərəfindən ona qaytarıldığını, qalan 900 manat hissəsinin isə qaytarılmadığını deyib, cavabdehdən ona borclu qaldığı 900 manat məbləğində pulu qaytarmasını israrla tələb etmiş, cavabdeh iddiaçıya cavabında əvvəlcə borclu qaldığı həmin pul məbləğini maddi imkanının zəif olması səbəbindən qaytara bilmədiyini, sonra isə hər hansı səbəb göstərmədən, ümumiyyətlə qaytarmayacağını demiş, beləliklə də cavabdeh həmin səs yazılarında iddiaçıya 900 manat məbləğində pul borcunun olmasını təsdiq etmişdir. Beləliklə, məhkəmə iş üzrə iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlil və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-in 76, 77.1 və 88-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının verdiyi iddia tələbinin əsaslılığı, yəni cavabdehin 2021-ci ilin mart ayında iddiaçıdan borc aldığı 1250 manat məbləğində pulun 900 manat hissəsini sonuncuya qaytarmaması iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə yanaşı, məhkəməyə təqdim etdiyi, özü ilə cavabdeh arasında olmuş səs yazıları ilə sübut edilir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin iddia ərizəsinə yazılı qaydada etiraz verməməklə, faktiki olaraq iddia tələbini mübahisələndirmədiyini də nəzərə alır. Halbuki, Azərbaycan Respublikası MPM-in: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Beləliklə, iddaçı cavabdehlə şifahi qaydada bağlanmış borc müqaviləsi üzrə öhdəliklərini tam icra etməsi barədə sübutları məhkəməyə təqdim etsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə iddia tələbinin qanuni və əsaslı həll edilməsi məqsədilə mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilən qanunvericilik normaları və işin iddiaçının ərizəsində qeyd etdikləri ilə eyni məzmunda müəyyən etdiyi faktiki hallarına əsaslanaraq, iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 216- 220, 222, 227, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 900 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(064)-952/2023
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(064)-952/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver