Məhkəmə qərarları › İş №2(066)-1042/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1042/2023

14.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1042/2023 14.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 2014-cü il tarixdə anadan olmuş X5 adlı və 04 aprel 2015-ci il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər uşağa 220 manat, iki nəfər uşağa görə 440 (dörd yüz qırx) manat alimentin və uşağın müalicəsi üçün əlavə xərc olaraq hər ay sabit pul məbləğində 100 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.1984-cü ildə anadan olmuş Cavabdeh əvvəllər Göygöl rayonunun Toğana kəndində yerləşən hərbi hissədə xidmət etmişdir. 2013-cü ildə də, iddiaçı cavabdehlə tanış olub faktiki nikah münasibətinə girməklə evlənib bir yerdə yaşamışlar. Onların birgə nikahdan 22 fevral 2014-cü il tarixdə X5 və 04 aprel 2015-ci il tarixdə X4 adlı 2 nəfər uşaqları anadan olmuşdur. Uşaqların hər ikisinin də Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində atalığı müəyyən edilməklə atalarının Cavabdeh olması təsdiq edilmişdir. Cavabdeh ilə 2016-cı ilin axırına kimi ailəlikcə bir yerdə yaşamışlar və 2016-cı ilin axırından cavabdeh iddiaçını və uşaqlarını tərk edərək çıxıb Bakı şəhəri Xəzər rayonu Mərdəkan Qəsəbəsinə gedib bir daha geri qayıtmamışdır. Həmin vaxtdan iddiaçı uşaqlara tək baxır. Ancaq, özü heç bir yerdə işləmir və heç bir qazancı yoxdur. Uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh işləyib yaxşı qazancı olsa da, uşaqların saxlanılmasında ona maddi yardım etmir, çox acınacaqlı durumdadır. Cavabdehin maddi imkanı çox yaxşıdır, uşaqlara yüksək məbləğdə aliment vermək imkanı vardır. 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Bundan əlavə uşaqlardan X4 "qulluq və müalicə tələb edən davranış pozuntusu” və “Nitq artikulyasiyasının pozğunluğu" diaqnozu ilə xəstə olmaqla mütəmadi müalicə olunur. Cavabdeh uşağın müalicəsinə çəkilən əlavə xərclərə də, köməklik etmir və yardım göstərmir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 22 avqust 2014-cü il tarixdə verilmiş AZ-İİİ 383887 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 fevral 2014-cü ildə anadan olmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 25 aprel 2015ci il tarixdə verilmiş AZ-İİİ 527776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 aprel 2015-ci ildə anadan olmuş X1 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 22 avqust 2014-cü il və 25 aprel 2015-ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh Səid və Səidə adlı uşaqların atası hesab edilmişdir. İşdə olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 16 iyun 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat mediasiyaya dair xərci ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışın surətindən görünür ki, 04 aprel 2015-ci il təvəllüdlü X2 qulluq və müalicə edən ciddi davranış və nitq artikulyasıyasının spesifik pozğunluğu diaqnozu qoyulmuşdur. İşdə olan AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1988-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək 22 fevral 2014-cü il təvəllüdlü X3 və 04 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 22 fevral 2014-cü il təvəllüdlü X3 və 04 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulmalı, alimentin tutulmasına iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 22 iyun 2023-cü il tarixdən başlanılmalıdır. İddianın qalan hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 22 fevral 2014-cü il təvəllüdlü X3 və 04 aprel 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulsun. Alimentin tutulmasına 22 iyun 2023-cü il tarixdən başlanılsın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu Dövlət Büdcəsinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar