Məhkəmə qərarları › İş №2(066)-1177/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1177/2025

01.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1177/2025 01.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: 1.Göygöl rayon Məhkəməsinin 2(066)-222/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında İddiaçı və Cavabdeh övladı xx.xx.2016-cı il təvəllüdlü X8 adlı uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarını azaldaraq 50 (əlli) manat miqdarında olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda ailə və sosial vəziyyəti ciddi şəkildə dəyişmişdir. Qeyd edib ki, X8 atası ilə qalır və bu qərar məhkəmə tərəfindən qəbul olunmuşdur. 2(066)-222/2025 saylı xx.xx.2025-ci il tarixli Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X8 adlı uşağın saxlanılması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. O, isə hal-hazırda başqa həyət yoldaşından dünyaya gətirdiyi ikinci uşağı X2 (xx.xx.2025ci il təvəllüdlü) təkbaşına, heç bir maddi və mənəvi dəstək olmadan böyüdür. Təəssüf ki, ikinci övladının atası onları tək etmiş, heç bir şəkildə nə əlaqə saxlayır, nə də yardım göstərir. O, işsizdir, heç bir gəliri yoxdur və ikinci uşağın bütün qayğısı təkcə onun üzərindədir. Bütün bu hallar onun hazırkı maddi durumunu daha da ağırlaşdırmışdır və əvvəlki aliment məbləğini ödəməyə fiziki və iqtisadi cəhətdən qadir deyil. 4.Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək məhkəmədən alimentin miqdarının azaldılmasını xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh çıxış edərək ərizəyə etiraz etdiyini bildirdi, təmin olunmamasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ:

6. Azərbaycan Respublikası Konstitutusiyasının: 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

7.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

8. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu: Yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

9.“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

10.“Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının: 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə:

11. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam,hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.

12. Belə ki, işin faktiki halıdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-222/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında tərəflərin birgə nikahından olan xx.xx.2016-cı il təvəllüdlü X8 adlı uşağın saxlanılması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırki tələb üzrə İddiaçı aliment məbləğinin onun maddi rifah və ailə vəziyyətinə uyğun olmaması dəlilini irəli sürərək hazırki tələb üzrə aliment məbləğini mübahisələndirmişdir. 13.İddiaçı tələbinin əsası kimi iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamədən övladı X4 xx.xx.2025-ci il tarixində doğulması qeyd edilmişdir

14. Belə ki, iddiaçı Göygöl Rayon Məhkəməsinin 2(066)-222/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi əsasında təyin edilmiş övladı X7 münasibətdə aliment təyin olunduqdan sonra maddi vəziyyətində çətinlik yarandığını, hazırki nikahdan da bir övladının olması və uşağın atasının onları atıb getməsini bu səbəbdən də müəyyən edilmiş aliment miqdarını ödəyə bilməməsi meyarını irəli sürmüşdür.

15. Məhkəmə qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-222/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təyin edilən İddiaçı tutularaq Cavabdeh ödənilən aliment məbləği hazırki halda tərəflərin əmlak və maddi vəziyyətinə uyğundur.

16. Habelə, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir.

17. Qeyd edilir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

18. İstər ölkə üzrə müəyyən edilən uşaqlar üçün yaşayış minimumu standartları, istərsə təyin olunan aliment məbləğinin miqdarı və diqqətə layiq digər hallar alimentin azaldılmasını məqsədə müvafiq hesab etmir.

19. Məhkəmə şərh edilənlərə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2016-cı il təvəllüdlü X1 üçün təyin olunan aliment məbləğinin azaldılaraq 50 manat məbləğində təyin edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar