Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1190/2025 26.11.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 2190/2019 nömrəli qətnaməsi əsasında tərəflərin birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit məbləğdə alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan sonra Gəncə şəhər Məhkəməsi 8(125)-221/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad ilə aliment məbləği indeksasiya edilərək X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.72 misli həddində aliment məbləği tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır.
Məhkəmədə icraat: 2.İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 himayəsində qalan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək minimum əmək haqqının 0.35 misli həddində sabit pul məbləğində aliment tutulmasının müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2025-ci ildə ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-2190/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin yeni tələblərə uyğun indeksasiya edilməklə artırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Məhkəməsi 8(125)-221/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad qəbul edərək Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 2190/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasını təmin edərək xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.72 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Məhkəmə prosesində iştirak edərək alimentin indeksasiya olunmasına etirazını bildirərək, 400 manata əmək haqqı aldığını, himayəsində başqa nikahdan olan üç azyaşlı övladının və maddi durumunun ağır olduğunu hakimin nəzərinə çatdırmışdır. Lakin hakim işə baxarkən digər 3 övladını nəzərə almayaraq minimum əmək haqqının 0.72 misli həddində sabit pul məbləğində aliment tutulmasını müəyyən etmişdir. 4.Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək aliment məbləğinin azaldılmasını tələb etdi. Əlavə olaraq bildirdi ki, ümumi dörd uşağı var, daimi iş yeri yoxdur, fərdi əməklə məşğuldur.
5. Məhkəmə iclasında Cavabdeh çıxış edərək ərizəyə etiraz etdiyini bildirdi, cavabdehin aliment ödənişlərini qismən etdiyini bildirdi.
TƏTBİQ EDİLƏN HÜQUQ:
6. Azərbaycan Respublikası Konstitutusiyasının: 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
7.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borcu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
8. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu: Yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
9.“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
10.“Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının: 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
11. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
12. Belə ki, işin faktiki halıdır ki, Gəncə şəhər Məhkəməsi 8(125)-221/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad qəbul edərək Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 2190/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasını təmin edərək xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ondan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.72 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən olunmuşdur. Hazırki tələb üzrə İddiaçı aliment məbləğinin onun maddi rifah və ailə vəziyyətinə uyğun olmaması dəlilini irəli sürərək hazırki tələb üzrə aliment məbləğini mübahisələndirmişdir.
13. Belə ki, İddiaçı Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 2190/2019 nömrəli qətnaməsi əsasında təyin edilmiş və 8(125)-221/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş övladı X2 münasibətdə aliment təyin olunduqdan sonra maddi vəziyyətində çətinlik yarandığını, hazırki nikahdan da üç övladının olması bu səbəbdən də müəyyən edilmiş aliment miqdarını ödəyə bilməməsi meyarını irəli sürmüşdür.
14. E-sosial platformadan iş yeri haqqında arayışın məzmunundan İddiaçı qüvvədə olan əmək müqaviləsinə dair məlumat mövcud olmamışdır.
15. “Elektron məhkəmə” informasiya sistemində şəxsi məlumatlara dair sorğudan və təqdim edilən şəxsiyyət vəsiqələrinin surətlərindən İddiaçı X4 adlı övladından başqa X5, X6 və X8 adlı üç uşağının olması müəyyən olunur.
16. Məhkəmə qeyd edir ki, indeksasiya edilmiş aliment məbləği-minimum əmək haqqı məbləğinin 0.72 misli həddi (288 manat) hazırki halda istər cavabdehin əmlak-gəlir məlumatlarına, istərsə ailə tərkibinə münasibətdə adekvat hesab edilmir.
17. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
18. Hazırki halda isə təyin olunmuş aliment məbləği uşaqlar üçün yaşayış minimumu həddindən əhəmiyyətli dərəcədə yüksəkdir. 19.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
20. 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
22. Məhkəmə qeyd edilən halları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının öhdəliyində başqa azyaşlı uşaqlarının olması, indeksasiya edilmiş aliment məbləğinin ölkə üzrə uşaq üçün yaşayış minimumu məbləğindən yüksək olmasını və diqqətə layiq digər hallar nəzərə alınaraq tutulan alimentin məbləğinin azaldılması məqsədə müvafiqdir.
23. Odur ki, xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 misli həddində sabit pul məbləğində aliment alınaraq Cavabdeh ödənilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhər Məhkəməsi 8(125)-221/2025 saylı xx.xx.2025-ci il tarixli qərardad ilə müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,72 (sıfır tam yüzdə yetmiş iki) misli həddində təyin edilmiş alimentin məbləği azaldılsın. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə