Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1192/2025 03.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “baba-nənədən aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə X13 2010-cu ildə ailə qurub. Bu nikahdan xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı uşaqlar doğulmuşdur. Göygöl rayon Məhkəməsinin 2(066)-767/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X13 ilə X10 arasında olan nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 X4 xeyrinə hər ay sabit pul məbləğində 125 (yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat aliment tutulması qət edilmişdir. Göygöl rayon Məhkəməsinin 2(066)-115/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X13 fəaliyyət qabiliyyəti olmayan qərara alınmış, bundan sonra alimentin tutulmasına dair icra işinin icraatı dayanmışdır. Hazırki halda İddiaçı uşaqların saxlanması üçün baba və nənəsindən aliment tələb edir.
Məhkəmədə icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə (daxil olma tarixi xx.xx.2025) məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 246 manat cəmi iki uşağa 492 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə 2010-cu il tarixində ailə həyatı qurub. Bu nikahdan iki övladı xx.xx.2012-ci il təvəllüdlü X15 və xx.xx.2013-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Təəssüf ki, onların ailəsi dağılıb. Keçmiş həyat yoldaşı X13 nə uşaqlar ilə maraqlanır, nə onlara maddi dəstək göstərir, nə də onların həyatında hər hansı iştirak edir. Bu illər ərzində uşaqlara baxmaq və onları böyütmək bütünlüklə onun üzərinə düşmüşdür. Ən ağrılısı isə odur ki, X13 məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətli olmayan şəxs kimi tanınıb. Bu səbəbdən, nə işləyə, nə də qanuni olaraq aliment ödəyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, əgər valideyn uşağa baxmaq iqtidarında deyilsə, bu vəzifə baba və nənənin üzərinə keçir. Lakin uşaqların babası X11 və nənəsi Cavabdeh1 nə maddi, nə mənəvi baxımdan heç bir yardım göstərmirlər. Bu gün onların nəvələri ehtiyac içində böyüyür. Bu uşaqların qidası, geyimi, tibbi xidmətləri, bağça və gündəlik ehtiyacları təkbaşına onun çiynindədir. 4.Məhkəmə iclasına iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə çıxış edərək iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi, əlavə olaraq bildirdi ki, qızı onun yanında yaşayır, nəvələrinə baxırdı, indi isə qarşı tərəfin də baxmasını istəyir.
5. Məhkəmə iclasına iştirak edən Cavabdeh1 iddiaya etiraz etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, özü və həyat yoldaşı yaşlıdır, oğlu məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab olunduğu üçün işləmir, ancaq fiziki olaraq iş qabiliyyəti var.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
7. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.
8. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində, 2025-ci ildə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
10. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının: 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 3.2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəföz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
12. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
13. İşin faktiki halıdır ki, Göygöl rayon Məhkəməsinin 2(066)-767/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X13 ilə X10 arasında xx.xx.2010-cu il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 138 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə anadan olmuş X14 və xx.xx.2013-cü ildə anadan olmuş X7 anaları X4 yanında saxlanması, xx.xx.2012-ci ildə anadan olmuş X9 və xx.xx.2013-cü ildə anadan olmuş X1 hər birinin yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X3 X4 xeyrinə hər ay sabit pul məbləğində 125 (yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat aliment tutulması qət edilmişdir. Bundan sonra Göygöl rayon Məhkəməsinin 2(066)-115/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 23 fevral 1984-cü il təvəllüdlü X13 onda müəyyən edilmiş kəskin debilik dərəcəsində oliqofreniya (yüngül kəmağıllılıq) diaqnozu əqli geriliklə əlaqədar onun psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməsi qərara alınmışdır. 14.Göygöl rayon İcra və Probasiya şöbəsi tərəfində göndərilmiş arayışda borclu X13 məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz elan edildiyi üçün icra sənədi üzrə icraat xx.xx.2022-ci il tarixdə dayandırılmış, bu səbəbdən tələbkar Mərəndskiy ( Bayramova) Zeynəb Elxan qızına aliment pulu ödənilmədiyi qeyd edilmişdir. 15.“Elektron informasiya sistemində” sorğu edilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh1 Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində süpürgəçi işləyir və əmək haqqı 433 manatdır. X11 isə “X24” ASC-də fəhlə işləyir və 400 manat əməkhaqqı alır, habelə, əmək pensiyaçı subyektlərdir.
16. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 25 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununda yaşayış minimumu pensiyaçılar üçün 232 manat qeyd edilmişdir.
17. Məhkəmə qeyd edir ki, cavabdehlərin əmlak-gəlir vəziyyəti və ölkə üzrə əmək pensiyaçıların yaşayış minimumu qiymətləndirilməklə bərabər, əmək pensiyaçı əhalinin sosial həssas və qayğıya ehtiyac olan təbəqə olması, onların əmək, sağlamlıq, qulluq ehtiyacları da nəzərdən keçirilməlidir.
18. Eyni zamanda məhkəmə xüsusi olaraq qeyd edir ki, Ailə Məcəlləsinin istinad olunan 56, 75 və 89-cu maddələrinin tövsifindən uşaqların qayğısına qalmaq və onları saxlamaq ilkin olaraq bərabər hüquqlu valideynlərin borcu kimi qeyd edilir. Hazırki halda valideynlərdən birinin fəaliyyət qabiliyyəti olmayan olması, digər valideyni bu vəzifədən azad etmir.
19. Beləliklə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki iddia təmin olunmamalıdır.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı «aliment» tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1(bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən : Leyla Hüseynzadə