Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1196/2025 06.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit məbləğdə aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. Göygöl Rayon Məhkəməsinin 2(066)-1065/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qiyabı qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 atası olmasının müəyyən edilməsi, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İddiaçı cavabdeh tərəfin 2024-cü ilin dekabr ayından işdən çıxdığını və bu səbəblə əmək haqqının mislinə münasibətdə alimentin tutularaq ödənilməsinin mümkün olmadığını bildirmişdir.
Məhkəmədə icraat:
2. İddiaçı Cavabdeh qarşı «sabit məbləğdə aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit məbləğdə 300 manat alimentin və ilkin mediasiya Sessiyasında ödədiyi 60 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə el adəti ilə evlənib ailə qurmuşlar və birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il təvəllüdlü Emin Əşrəfov adlı bir uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün və cavabdehlə aralarında olan narazılıqlara görə ayrılıblar. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-1065/2022 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü Emin Əşrəfovun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin (dörddə bir) hissəsi miqdarında aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin vaxt Cavabdeh N saylı hərbi hissədə MAXE vəzifəsində işləyirdi və hər ay onun qazancından (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ona verilirdi, təxminən 2024-cü ilin dekabr ayında Cavabdeh işdən çıxmış və alimentin tutulması dayandırılmışdır. O, Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət edib ki, aliment ödəməsi ilə bağlı qarşılıqlı razılığa gəlsinlər, lakin cavabdeh Mediasiya Təşkilatına gəlməmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdən Emin adlı uşaqları hal-hazırda onun yanında qalır. O, heç bir yerdə işləmir, tək uşağın saxlanmasında maddi çətinlik çəkir. Cavabdeh isə uşağın saxlanması üçün heç bir köməklik etmir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edək Cavabdeh iddia ərizəsinin məzmununda qeyd edilənləri təsdiq etmiş, hazırda işsiz olduğunu və iddia tələbi ilə qeyd edilən sabit məbləğdə alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir.
6. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
9. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində, 2025-ci ildə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
11. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının: 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 3.2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 3.3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəföz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə: 13.Məhkəmə hesab edir ki, hazırki iddia əsaslı və qanuni olduğundan təmin edilməlidir.
14. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 745451 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Doğum haqqında Şəhadətnamədə uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir.
15. AZ-İ 423103 seriya və nömrəli “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X3 atası hesab edilmişdir.
16. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-1065/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilmiş, alimentin tutulmasının əvvəli 23 sentyabr 2022-ci ildən hesablanmışdır.
16. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı, habelə, tərəflərin izahatlarından aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-1065/2022 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməsi qət edilmişdir. Cavabdeh tərəf Emin Əliyev 2024-cü ilin sonunadək aliment öhdəliyini icra etmiş, həmin vaxtdan hərbçi kimi ehtiyata buraxılması səbəbindən sabit gəlir yeri olmamışdır. Bundan sonra İddiaçı Cavabdeh qarşı “sabit məbləğdə aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləğinin dəyişdirilərək sabit məbləğdə 300 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tələb olunan aliment miqdarına etirazını bildirməmişdir.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir.
18. Beləliklə, məhkəmə hesab edir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-1065/2022 nömrəli qətnaməsi ilə müəyyən edilən Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsində tutulan alimentin qaydası dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh sabit məbləğdə 300 manat aliment tutulub uşağın anası İddiaçı verilməlidir. Dəyişdirilmiş hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. 19.Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. 60 manat mediasiya xərci 30 manat hissədə cavabdehə aid edilməlidir. 20.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)-1065/2022 nömrəli qətnaməsi ilə müəyyən edilən alimentin tutulması dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh sabit məbləğdə 300 (üç yüz) manat aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Dəyişdirilmiş hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İlkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat mediasiya xərci 30 (otuz) manat hissədə cavabdehə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə