Məhkəmə qərarları › İş №2(066)-1711/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-1711/2025

03.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-1711/2025 03.02.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün maaşından tutulan ¼ hissə alimentin miqdarının dəyişdirilərək, maaşının 1/6 hissəsinin aliment olaraq tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarından xx.xx.2017ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Sonradan münasibətləri pozulduğundan nikahları pozulmuşdur. Sonradan məhkəmənin qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 üçün maaşının ¼ (dörtdə bir) hissəsinin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Əlavə olaraq bildirir ki, X12 ilə xx.xx.2022-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X13 dünyaya gəlmişdir. Eyni zamanda bildirir ki, X12 ilə də münasibətləri alınmadığından faktiki olaraq ayrı yaşayırlar. Lakin buna baxmayaraq uşağının maddi cəhətdən yaşayışını təmin etmək məqsədilə xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00281 saylı barışıq sazişi bağlanmışdır. xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00281 saylı barışıq sazişinə əsasən, o yəni İddiaçı bu saziş imzalandıqdan sonra 25 mart 2023-cü il təvəllüdlü X13 adlı uşağın yetkinlik yaşına çatana kimi hər ay əmək haqqının ¼ məbləğində olmaqla aliment pulunun X8 ödəmək barədə öhdəlik götürmüşdür. Lakin maddi çətinliyi olduğundan saziş üzrə alimenti ödəyə bilməmiş və X12 barışıq sazişinin təsdiqlənməsi üçün Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(050)-1800/2025 saylı qətnaməsinə əsasən, ərizə “X12 ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00281 saylı barışıq sazişinin aşağıda göstərilən bəndləri-hissəsi məcburi icra üçün təsdiq edilsin:- İddiaçı xx.xx.2025-ci il tarixdən başlayaraq, övladı 25 mart 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 hər ayın 13-ə qədər əmək haqqının ¼ hissəsi miqdarında aliment ödəməyi öz öhdəsinə götürür. – İkinci tərəf hər 3 ayda 1 dəfə əmək haqqı və digər gəlirlərinin məbləğini təsdiq edən arayışı birinci tərəfə təqdim edəcək” məzmununda təmin edilmişdir. O, hərbiçidir və maaşı 1400-1600 manat arasında dəyişir. Qeyd edilən maaşın ¼ hissəsi Cavabdeh, ¼ hissəsi isə X8 ödənilir. Geridə qalan məbləğ isə onun kredit borclarının və gündəlik tələbatlarının qarşılanmasına çatmır. Hesab edir ki, qeyd edilən aliment məbləği birləşdirilərək Cavabdeh və X8 ödənilməli olan aliment maaşının 1/6 hissəsinə yönləndirilməli, maaşının 1/6 hissəsi aliment olaraq tutulub. Cavabdeh verilməlidir. Belə ki, onun ailə vəziyyətində dəyişiklik olmuşdur. Məhkəmə nəzərə almalıdır ki, onunda gündəlik təlabatları var və həmin tələbatların qarşılanması pul tələb edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, qarşı tərəf alimentin azaldılmasını tələb edir. Onlar 2019-cu ildə qızı yaşyarımlıq olanda boşanmışlar, onun tərəfindən dekabr ayında məhkəməyə ərizə verilmiş, may ayında isə boşanma olmuşdur. Ərizə verildiyi gündən qarşı tərəf aliment ödəməli olsa da, aliment ödənişləri yığılmış, lakin o 6-7 ay ərzində yığılan alimenti istəməmiş və qarşı tərəfdən həmin gündən sonra alimenti davamlı ödəməsini söyləmişdir. Vəkilə müraciət edərək, qarşı tərəfin iş yerinə kart göndərilmişdir ki, aliment maaşından kart hesabına köçürülsün. O əvvəllər 239 manat aliment almış. Vaxt keçdikcə alimentdə artmış, artıq qızının 9 yaşı var. Ən son 369 manat aliment almış, hazırda 400 manat aliment alır. Alınan aliment qızının təhsilinə istifadə olunur. Alınan aliment qızının təhsilini ödəmir. Dövlət işində işləmir, salonda işləyir və kirayədə qalır. Özünün və qızının gündəlik xərcləri olur. Aldığı 400 manat aliment qızının hazırlıq pulunu ödəmir. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi.

4. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir.

5. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə göstərmişdir ki, barışıq sazişinin təsdiqi barədə məhkəmə iclasında o iştirak etməmişdir. Mediasiyada barışıq sazişi onun tərəfindən imzalanmışdır. O hər iki qadına verdiyi aliment məbləğinin azaldılmasını istəyir. May ayından onun əməkhaqqı azalmamış, lakin kredit ödədiyi üçün çatdıra bilmir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İş materiallarına əlavə edilmiş; - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.2017-ci ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. - Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-208/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 09 mart 2018ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 693 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşağı, 18 yanvar 2017-ci il təvəllüdlü X4 anası, iddiaçı Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı 18 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləği miqdarında alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması, alimentin tutulmasının 17 dekabr 2018-ci il tarixdən başlanılması, cavabdeh İddiaçı 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. - Masallı Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(050)-1800/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilmiş, X12 ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00281 saylı barışıq sazişinin aşağıda göstərilən bəndlərinin – hissələrinin məcburi icra üçün təsdiq edilməsi: “İddiaçı xx.xx.2025-ci il tarixdən başlayaraq, övladı 25 mart 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 hər ayın 13-ə qədər əmək haqqının ¼ hissəsi miqdarında aliment ödəməyi öz öhdəsinə götürür, İkinci tərəf hər 3 ayda 1 dəfə əmək haqqı və digər gəlirlərinin məbləğini təsdiq edən arayışı birinci tərəfə təqdim edəcək, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi” qət edilmişdir. - 3 saylı Bakı “ASAN xidmət” X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı 540011 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı və X3 02 oktyabr 2022-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3738 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Cabbarov, arvada isə Cabbarova soyadı verilmişdir. - 3 saylı Bakı “ASAN xidmət” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV seriyalı 877972 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin 4-cü ayının 15-ci günündə 2488 nömrəli qeyd aparılmışdır. (atası İddiaçı, anası isə X9r) - Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000295 saylı “X7 iştirak edilməməsi barədə” arayışdan görünür ki, ailə münasibətlərindən irəli gələn “alimentin miqdarının azaldılması tələbi”nə dair mübahisə üzrə mediator X14 tərəfindən keçirilən “X16”nda Cavabdeh iştirak etməmiş, X7 iştirak etmiş İddiaçı İMS-nin keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir.

8. Məhkəmə, cavabdehin izahatını dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

9. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X11 adlı bir uşaqları vardır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(066)-208/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında 09 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 693 nömrə ilə qeydə alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşağı, 18 yanvar 2017-ci il təvəllüdlü X4 anası, Cavabdeh yanında saxlanılması, İddiaçı 18 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi məbləği miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda iddiaçı müəyyən olunmuş aliment məbləğindən narazıdır. Bu səbəbdən məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün maaşından tutulan ¼ hissə alimentin miqdarının dəyişdirilərək, maaşının 1/6 hissəsinin aliment olaraq tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı ərizəsinə “İddiaçı xx.xx.2025-ci il tarixdən başlayaraq, övladı 25 mart 2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 hər ayın 13ə qədər əmək haqqının ¼ hissəsi miqdarında aliment ödəməyi öz öhdəsinə götürməsi barədə «barışıq sazişinin təsdiq edilməsi»nə dair Masallı Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(050)-1800/2025 saylı qətnaməsini əlavə etmişdir.

10. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

11. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.

12. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 25. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

15. BMT-nin 19 dekabr 1966-cı il tarixli qətnaməsi ilə təsdiq edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı: - Maddə 10. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. Nikah ona daxil olanların azad razılığı ilə bağlanmalıdır.

16. BMT-nin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”sı: - Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. - Maddə 18. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. - Maddə 27. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: - Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. - Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

20. 01 yanvar 2025-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

21. 01 yanvar 2026-cı il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valieynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı Qərarı: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

23. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı: - Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. - Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

24. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşağını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar.

25. Məhkəmə qeyd edir ki, əvvəldə də göstərildiyi kimi, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir.

26. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zəruriliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin azaldılmasını deyil, artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.

27. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün minumum xərclər, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri davamlı olaraq artır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün iddiaçıdan alimentin tutularaq cavabdehə verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, sonradan onun azaldılmış məbləğdə iddiaçı tərəfindən ödənilməsi uşağın zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz, eyni zamanda bu uşağın əvvəlki maddi vəziyyətinin pisləşməsinə səbəb ola bilər.

28. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə tutulan alimentin daha az məbləğdə ödənilməsinin uşağın mənafeyinə zidd olduğunu, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək təmin edilməsini nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün iddiaçı tərəfindən ödənilməli alimentin məbləğinin azaldılmasını məqsədəuyğun hesab etmir.

29. Həmçinin iddiaçı alimentin miqdarının azaldılması barədə dəlillərini 25 mart 2023-cü il təvəllüdlü X13 adlı uşağın yetkinlik yaşına çatana kimi hər ay əmək haqqının ¼ məbləğində olmaqla aliment pulunun X8 ödəmək barədə öhdəlik götürməsini və bu barədə xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00281 saylı barışıq sazişi bağlanması və həmin barışıq sazişinin Masallı Rayon Məhkəməsi tərəfindən təsdiqlənməsini, hərbiçi olmasını və maaşının 1400-1600 manat arasında dəyişməsi, qeyd edilən maaşın ¼ hissəsi Cavabdeh, ¼ hissəsi isə X8 ödənilməsini, geridə qalan məbləğ isə onun kredit borclarının və gündəlik tələbatlarının qarşılanmasına çatmaması, onun ailə vəziyyətində dəyişiklik olmasını, məhkəmənin onunda gündəlik təlabatları var və həmin tələbatların qarşılanmasının pul tələb etməsinin nəzərə alması ilə əsaslandırmağa çalışmışdır.

30. Məhkəmə iddiaçının maddi vəziyyətinə görə alimentin azaldılması barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı azaldılmasını istədiyi hazırkı aliment məbləği təyin edilən zaman, həmçinin digər uşağı üçün alimentin tutulması ilə bağlı Barışıq Sazişi bağlandığı dövrdə də, hazırki iddia ilə məhkəməyə müraciət etdiyi və iddiaya baxıldığı dövrdə də hərbiçi kimi çalışır və rəsmi qeydə alınmış gəlirlərində də hər hansı azalma baş verməmiş, hazırki iş üzrə aliment təyin edildikdən sonra növbəti dəfə digər uşağı üçün qazancının ¼ hissəsində aliment məbləğinin müəyyən edilməsi ilə razılaşmışdır. İşin bu halları mülki iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmışdır. Eləcə də iddiaçının ötən dövr ərzində ailə vəziyyətində və qazancında hər hansı dəyişikliyin baş verməsinə dair hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçının qeyd etdiyi hallar cavabdehin himayəsində olan uşağın getdikcə artan tələbatlarının qarşılanmasını ödəmək vəzifəsindən azad etmir.

31. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddiaçının göstərdiyi səbəblər aliment ödəmək vəzifəsindən azad etmir, uşağın maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Odur ki, iddia əsaslı olmadığından təmin edilə bilməz.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «alimentin azaldılması» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar