Məhkəmə qərarları › İş №2(066)-386/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-386/2025

18.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-386/2025 18.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə nikahlarından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan 26 aprel 2023-cü il təvəllüdlü X2 üçün hər ay 75 (yetmiş beş) manat məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2018-ci ildə rəsmi nikaha girib ailə qurmuşlar. Birgə nikahdan 09 sentyabr 2019-cu il təvəllüdlü X6 və 26 aprel 2023-cü il təvəllüdlü X8 adında iki övladları anadan olmuşdur. Cavabdeh ilə aralarında olan nikah Göygöl rayon Məhkəməsinin 2(066)-917/2022 saylı 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahlarından dünyaya gəlmiş 09 sentyabr 2019-cu il təvəllüdlü X1 üçün 50 (əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Aliment tələbi barədə ərizə verməsinin səbəbi xasiyyətlərinin tutmaması, bu səbəbdən birgə yaşamalarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. Xasiyyətlərinin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq bir neçə aydır ki, nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaları mümkün deyildir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə nikahları 2022-ci il sentyabr ayının 9-da pozulmuşdur. Cavabdehlə birgə nikahlarından 09 sentyabr 2019-cu il təvəllüdlü X6 və 26 aprel 2023-cü il tarixli X8 dünyaya gəlmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək ona qarşı qaldırılmış iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2019-cu ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2023-cü ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarında olan Gəncə “ASAN” xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 08 may 2012-ci il tarixdən Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatdadır. 2 saylı Gəncə region “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İV saylı 831617 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 aprel 2023-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 653 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Gəncə 1 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00099 saylı arayışından görünür ki, ailə münasibətlərindən irəli gələn aliment tələbi ilə bağlı mediator X7 tərəfindən keçirilən “ilkin mediasiya sessiyası”nda Cavabdeh iştirak etməmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 09 sentyabr 2019-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Daha sonra tərəflər arasında ailə münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Bundan sonra Göygöl rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(066)-917/2022 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş 09 sentyabr 2019-cu il təvəllüdlü X1 üçün 50 (əlli) manat məbləğində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Tərəflər arasında nikah pozulduqdan sonra 26 aprel 2023-cü il tarixdə X8 dünyaya gəlmişdir. Bundan sonra İddiaçı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə nikahlarından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan 26 aprel 2023-cü il təvəllüdlü X2 üçün hər ay 75 (yetmiş beş) manat məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək barəsində qaldırılmış iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında ölkə üzrə minimum əmək haqqı 2023-cü il üzrə 345 manat, 2024-cü il üzrə 345 manat, 2025-ci il üzrə isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, valideynlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti və tərəflər arasında olan rəsmi nikahın pozulmaqla, aliment miqdarı ilə bağlı razılıqlarının olmasını nəzərə alınaraq iddia tələbi təmin olunmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X8 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,19 (sıfır on doqquz) misli (400 x 0.19) həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan iddia tələbi təmin edilməli, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Həmçinin müəyyən edilir edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəməsi və cavabdehdən tələb edilməməsi nəzərə alınmalı, iddiaçının özünə aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X8 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,19 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar