Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-407/2024 06.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X6 Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə hər ay 235 manat miqdarında aliment və iddiası ilə əlaqədar mediatora ödədiyi 55 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2010-cu ildə nikahlarını qeyd etdirmədən ailə həyatı qurmuşlar. Qeyri rəsmi nikaharından xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Uşağın atalığı könüllü müəyyən olunmuşdur. Uşaq onun himayəsində yaşayır. Cavabdeh uşağın saxlanılmasında ona maddi köməklik göstərmədiyindən və eləcədə könüllü olaraq maddi köməklik göstərmək fikrində olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh normal, hətta normadan artıq qazanc əldə etməyə qadirdir və çox qoçaqdır. Əsasən avtomobillərlə daşıcılıq etməklə qazanır. KAMAZ və digər avtomaşınlarla hərəkət edir. Hər ay uşağına minimum 235 manat ödəməyə qadirdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşağı 6 –cı sinifdə oxuyur, kirayədə yaşayırlar. Uşaq boyüdüyündən tələbatlarını ödəyə bilmir. Ona görə də cavabdehdən aliment tələb edir. Cavabdeh KAMAZ və digər avtomaşınlarla yük daşımaqla pul qazanır. Uşağının saxlanılmasına maddi köməklik göstərmir. Cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı heç bir sübutu yoxdur. xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə hər ay 235 manat miqdarında aliment və iddiası ilə əlaqədar mediatora ödədiyi 55 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (anası) Nümayəndə iddia tələbini qismən qəbul edərək, oğlu Cavabdeh işləməməsini müharibə iştirakçısı kimi hər ay 80 manat aldığını, onun 235 manat aliment ödəməyə maddi imkanı olmadığını cəmi 100 manat aliment ödəməyə imkanı çatdığını bildirdi və 100 manat aliment kəsilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 28 aprel 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasının davam etdirilə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG-1-MT007/2023-4187 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “aliment” mübahisə üzrə xx.xx.2024-cü il tarixində, saat 14:30-da mediator X5 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda İddiaçı etmiş və İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan aliment hissəsində qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh faktiki ailə qurmuşlar və hazırda onlar arasında rəsmi nikah mövcud deyildir. Birgə yaşadıqları müddətdə xx.xx.2011-ci il təvəllüdlü Rəşad adlı uşaqları doğulmuş, qeydiyyat orqanında atalıq müəyyən edilmişdir. Tərəflər faktiki olaraq uzun müddətdir ayrılmışlar və onların birgə ər-arvad münasibətindən doğulmuş uşaq anası ilə birlikdə, atasından ayrı olmaqla yaşayır. Cavabdeh olan ata xx.xx.2011-ci il təvəllüdlü Rəşad adlı uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı “aliment” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, tərəflər arasında barışıq əldə olunmamışdır. Bundan sonra iddiaçı “aliment”tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, xx.xx.2011-ci il təvəllüdlü Rəşad adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini, cavabdehin mümayəndəsi isə iddia tələbini qismən qəbul etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşağın saxlanması üçün aliment məbləğinin həcmini araşdıraraq, uşaq üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağa baxmağın hər iki valideynin borcu olmasını, uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, tərəflərin gəlirləri barədə sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, hər ay bir uşağa görə 190 manat sabit pul məbləğində alimentin müəyyənləşdirilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, alimentin tutulması ərizənin verildiyi xx.xx.2024-cü il tarixdən etibarən hesablanmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarından görünür ki, iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləği, iddiaçı tərəfindən 55 manat mediasiya xərci ödənilməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehə aid edilmə, iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 55 (əlli beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-407/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-407/2024
06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver