Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-496/2023 04.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı tələbinə dair mülki işə məhkəmənin binasında 04 may 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı universiteti əyani bakalavr pilləsini bitirənə kimi hər ay 220 manat əlavə xərci tutularaq iddiaçıya ödənilməsi, həmçinin mediasiya təşkilatına ödədiyi 50 manat məbləğində xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən məhkəməyə teleqram daxil olmuşdur. Həmin teleqramda məhkəmənin icraatında olan 2(066)-496/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını və yekun qətnamə qəbul edilməsini xahiş etməsini, tələbə və ailə vəziyyəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsini qeyd etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçının anası birgə nikaha daxil olmuş, birgə yaşadıqdan sonra ayrılmışlar. Birgə nikahlarından iddiaçı dünyaya gəlmişdir. Hazırki dövr üçün ölkədə ardıcıl devolvasiya nəticəsində bütün xidmət sektorlarında qiymət qalxmış və işsiz bir əyani şöbədə tələbə kimi oxumaq və xərclərini qarşılamaq çox çətindir. İddiaçı bildirir ki, hazırda Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində əyani formada təhsil alır. Ona görə də İddiaçı özünün universitetin əyani bakalavr pilləsini bitirənə kimi hər ay 220 manat əlavə xərcin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İ seriyalı 432815 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxxx 2002-ci il təvəllüdlü İddiaçı atası Cavabdeh, anası isə X2r və o, yetkinlik yaşına çatmışdır. İşdə olan nikahın pozulması haqqında 21 dekabr 2010-cu il tarixli, AZ-İ seriyalı 097176 saylı şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında olan nikah 08 oktyabr 2010-cu ildə ləğv edilmişdir. İşdə olan Göygöl Rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(066)- 2454/2017 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 27 oktyabr 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay 136 (bir yüz otuz altı) manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı 18 saylı Mediasiya Təşkilatının 20 fevral 2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci ödəmişdir. İşdə olan Bakı Dövlət Universitetinin 31 yanvar 2023-cü il tarixli, 12/40 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Bakı Dövlət Universitetinin Sosial elmər və psixologiya fakültəsi Psixologiya ixtisasının əyani təhsilalma forması ingilis bölməsi üzrə İİİ (üçüncü) kurs tələbəsidir. Azərbaycan Respublikası Ailə məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı məsələsi tənzimlənmişdir. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı mümkünlüyü üçün qanunda göstərilən müstəsna hallar mövcud olmalıdır. Bu müstəsna hallara ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallar aid edilir. (AR Ailə Məcəlləsi, maddə 81.1). Bu maddədə əks olunan “kənar xidmət haqqı” və “və digər hallarda” ifadələri özündə tam olaraq nəyi ehtiva etməsi məcəllədə təsbit olunmamışdır. Yəni Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Ailə məcəlləsinin 81-ci maddəsinə AR Konstitusiya Məhkəməsi Plenumu şərh vermişdir. 27 yanvar 2015-cil il tarixli qərarda bu məsələlərə aydınlıq gətirilmiş, 81-ci maddədə əks olunan “və digər hallarda” ifadəsinə aid olan hallar bu qərarda göstərilmişdir. Həmin qərarda təhsil haqqının ödənilməsi müstəsna hal kimi dəyərləndirilməmiş və göstərilmişdir ki, “və digər hallarda” ifadəsi təhsil haqqının ödənilməsini özündə ehtiva etmir. Bu onunla izah olunur ki, Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir və Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Ailə Məcəlləsinə uyğun olaraq, valideynlər uşaqların ümumi təhsil almasını təmin etməyə borcludurlar. Bu müddəa, icbari xarakterli olduğu üçün ümumi orta təhsili ehtiva edir. Təhsilin digər pillələri və səviyyələri icbari xarakter daşımır. Qanunda valideynlərin uşaqların digər təhsil pillə və səviyyələrində təhsil almasını təmin etməyə borclu olması göstərilmir. Orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır (AR Konstitusiyası Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarı). Təhsil haqqının ödənilməsi müstəsna hal kimi dəyərləndirilməməsi və ailə məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulan “və digər hallarda” ifadəsinə aid edilməməsi aşağıdakı kimi təhlil oluna bilər. Azərbaycan Respublikasında ümumi orta təhsildən başqa təhsilin digər pillə və səviyyələri icbari xarakter daşımır, Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsil seçim xüsusiyyətinə malikdir, Əlavə və ya peşə təhsili, eləcə də ali təhsil daha çox fərdin maddi vəziyyəti ilə bağlıdır, Valideynlər ümumi orta təhsil istisna olmaqla uşağın təhsilin digər pillə və səviyyələrində təhsil almasını təmin etməyə borclu deyildir, Ümumi orta təhsil istisna olmaqla uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, valideynlərinin nikahı pozulduqda yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyətli uşaq təhsil haqqının ödənilməsi üçün valideynə aliment tələbi irəli sürə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, yuxarıda sadalanan hallara əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-496/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-496/2023
04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver