Məhkəmə qərarları › İş №2(066)-586/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-586/2023

10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-586/2023 10.05.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 yanvar 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh sabit məbləğdə 300 manat və oğlu Əlinin 3 yaşına kimi saxlanması üçün 100 manat aliment və həmçinin mediasiya xərci üçün ödənilmiş 50 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini, cavabdehlə 03 noyabr 2019-cu il tarixdə qeyri rəsmi olaraq evlənmələrini, qeyri-rəsmi nikahlarından 17 yanvar 2021-ci il təvəllüdlü X3 adlı uşağın anadan olmasını, uşağın özünün himayəsində yaşamasını, cavabdehlə 2022-ci iliin iyun ayına kimi birgə yaşamalarını, cavabdehin onunla yola getməməsini və uşağına belə baxmamasını, cavabdehin anasının onu və azyaşlı körpə uşağını evdən qovmasını, 11 aydır ki, cavabdehlə ayrı yaşamalarını, halhazırda valideynlərinə məxsus olan evdə yaşamasını, özünün isə heç bir yerdə yaşamağa yerinin olmamasını, oğulları Əlinin ürək qüsurlu doğulduğundan 2 dəfə açıq əməliyyat olunmasını, əməliyyat xərclərini özünün qohumlarını köməkliyi ilə etməsini, uşağın ürəyində olan problemə görə 2 aydan bir onu həkimə aparmasını və uşağın yenidən əməliyyat olunmaq üzrə olmasını, cavabdehin imkanının olduqca yaxşı olmasını, onun hər ay uşağına aliment verməyə imkanı çatmasını, Cavabdeh aylıq gəlirinin 1000 manat təşkil etməsini, özünün aliment tələbi ilə bağlı Mediasiya təşkilatına müraciət etməsini, cavabdehin mediasiya prosesinə gəlməsini, lakin mübahisənin məhkəmədən kənar həll edə bilməmələrini qeyd etdi və bu səbəblərə görə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı qəbul etməməsini, barışmaları üçün iddiaçıya bir neçə dəfə təklif də etməsini, özünün mühafizədə işləməsini və 345 manat əmək haqqı almasını, uşağın xəstəliyinə görə müayinə xərclərini özünün ödəməsini, iddiada tələb olunan aliment məbləğini ödəyə bilməyəcəyini, ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 05 fevral 2021-ci il tarixdə verilmiş, AZ-İV 551456 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 yanvar 2021-ci ildə anadan olmuş X1 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan 14 may 2022-ci il və 03 dekabr 2022-ci il tarixli Mərkəzi Klinikanın pediatrik transtorakal exokardioqrafiya protokollarının surətindən görünür ki, Tanırverdiyev Əli kritik aort koarktsasiyası cərrahi korreksiyasından sonrakı vəziyyəti VSD, ASD, CoA cərrahi ləğvindən sonraki vəziyyəti 2-ci dərəcə Trikuspit qapaq çatışmazlığı və 2-ci dərəcə Aort qapaq çatışmazlığı diaqnozu qoyulmuşdur. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 26 dekabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 31 mart 2023-cü il tarixli arayışından görünür ki, Mühafizə işçisi Cavabdeh xx.xx.2022-ci il tarixindən "xxxx" MMC-nin Gəncə filialında işləyir və onun aylıq vəzifə maaşı 345 AZN təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək 17 yanvar 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh hər ay 200 (iki yüz ) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 17 yanvar 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz ) manat sabit pul məbləğində aliment və iddiaçı tərəfindən mediasiya xidmətinə görə ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulmasına iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 15 mart 2023-cü il tarixdən başlanılmalıdır. İddianın qalan hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 17 yanvar 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz ) manat sabit pul məbləğində aliment və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə tutulsun. Alimentin tutulmasına 15 mart 2023-cü il tarixdən başlanılsın. Cavabdeh 50 (əlli) manat məbləğində dövlət rüsumu Dövlət Büdcəsinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HakimQələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar