Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-626/2025 21.10.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Məmmədli (Rzayeva) Nuridə Məhərrəm qızına qarşı «uşağın yaşayış yerinin müəyyən edilməsi və alimentin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Məmmədli (Rzayeva) Nuridə Məhərrəm qızına qarşı «uşağın yaşayış yerinin müəyyən edilməsi və alimentin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 avqust 2013-cü il tarixdə anadan olmuş oğlu X6 yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi və ona münasibətdə təyin edilmiş alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin 2(066)- 54/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X4 ilə aralarında olan 26 noyabr 2013-cü il tarixli, 265 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X10 anaları X2 yanında, himayəsində saxalanılması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 ondan alınaraq anası X3 verilməsi, uşaqların yetkinlik yaşlarına çatadək hər uşağa 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin tutulması xx.xx.2013-cü il təvəllüdlü X8 münasibətdə X6 ondan alınaraq anasına verildiyi vaxtdan, xx.xx.2016-ci il təvəllüdlü X7 münasibətdə isə iddia ərizəsi məhkəməyə verildiyi xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Göygöl rayon Məhkəməsində işə baxılan ərəfədən hal-hazıradək övladı xx.xx.2013-cü il təvəllüdlü Rəvan Rzayev onunla birgə yaşayıb və anası Nuridə Rzayevaya getmək istəməyib. Hal-hazırda övladı X13 12 yaşındadır və Göygöl şəhər E.Vəliyev adına 5 nömrəli tam orta məktəbin 6-cı sinifində oxuyur. Rəvanın ondan alınaraq anası Nuridəyə verilməsi ilə bağlı dəfərələrlə Göygöl Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. İzahatlarında oğlu Rəvanının öz istəyi ilə onun yanında yaşamasını, ona anasına getməməsi üçün heç bir mane yaratmadığını, lakin Rəvanın anası ilə daimi yaşamaq istəməməsində israrlı olduğunu bildirmişdir. Hazırda övladı X6 bütün mənəvi və maddi ehtiyaclarını özü qarşılayır. Digər övladına münasibətdə isə təyin edilmiş 150 manat alimenti anası Nuridə Rzayevaya hər ay mütamadi olaraq ödəyir. Cavabdeh X4 məhkəməyə etiraz ərizəsi göndərərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçi İddiaçı ona qarşı Göygöl rayon Məhkəməsinə müraciət edərək rəsmi nikahlarından anadan olmuş 04 avqust 2013-cü il təvəllüdlü X6 yaşayış yerinin İddiaçı yanında olmasının müəyyən edilməsi və 04 avqust 2013-cü il təvəllüdlü X8 münasibətdə təyin edilmiş alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, guya Göygöl rayon Məhkəməsində işə baxılan ərəfədən hal-hazıradək övladı 04 avqust 2013-cü il təvəllüdlü X12 atası ilə birgə yaşayıb və ona gəlmək istəməyib. Bundan əlavə iddiaçı oğlu Rəvanın öz istəyi ilə atasının yanında yaşamasını, ona anasına getməməsi üçün heç bir maneə yaratmadığını, lakin Rəvanın onunla daimi yaşamaq istəməməsində israrlı olduğunu göstərmişdir. Bu ağ yalandır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı uşağı ondan gizlədir, uşağa psixoloji təzyiqlər edir. Oğlu Rəvan hər dəfəsində ona gəlmək istədikdə iddiaçı suni maneələrlə bunun qarşısını kəsmişdir. İddiaçı hər dəfəsində oğlu Rəvanla onun görüşməyinə imkan vermir. Həmçinin iddiaçı iddia ərizəsində guya digər övladı Tuncay üçün hər ay mütəmadi olaraq 150 manat aliment ödədiyini bildirir. İddiaçının bu sözləri də həqiqəti əks etdirmir. Belə ki, iddiaçı oğlu Tuncay üçün ödənilməli olan alimentdən 1255 manat borcu var. İddiaçı əgər özü dediyi kimi alimenti mütəmadi ödəyirsə ödədiyi qəbzləri məhkəmə təqdim etsin. İddiaçının iddianı qaldırmaqda məqsədi alimentdən yayınmaq, alimenti ödəməmək olmuşdur. Hesab edir ki, iddiaçının iddia tələbi yuxarıda qeyd etdiyi səbəblərə görə rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlə 2012-ci ildə ailə həyatı qurmuşlar və 2021-ci ildə isə ayrılmışlar. Onların birgə nikahlarından Rəvan və Tuncay adlı 2 uşaqları vardır. Göygöl rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş və övladları anasının himayəsinə verilsə də, cavabdeh uşaqları ilə maraqlanmamış və Rəvan adlı uşağı aparmamış və uşaq onun yanında qalmışdır. Göygöl Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya məhkəməsinə şikayət vermiş, lakin Göygöl rayon məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra Tuncay adlı uşaqla bağlı ünsiyyət barədə məhkəməyə müracitə etmiş, həmin qərardan qarşı tərəf şikayət etmişdir. İl ərzində övladı Tuncayla 16 saat görüş verilmiş, övladı Tuncaynan görüşə gedəndə sərbəst şəkildə görüşə bilməmişdir. Belə ki, övladı Tuncay onu gördükdə boynuna sarılıb onuda aparmasını istəmiş, qarş tərəf Tuncayı aparıb geri qaytarmaz deyə qorxduğu üçün sərbəst şəkildə uşaqla görüşməsinə imkan verməmişdir. Novruz və Qurban bayramlarının səhərisi günü 10:00-dan 18:00-ya kimi görüş verilib. Məhkəmə qərarına əsasən Rəvanın ondan alınıb anasına verilməsi qərara alınsa da qarşı tərəf uşaqla maraqlanmadığından uşaq onun yanında qalmış və həmin qərarın icrası təmin olunmamışdır. Tuncay üçün daim aliment ödəyir. Həmçinin qarşı tərəfdə olan Tuncay adlı uşağın saxlanması üçün təyin edilmiş aliment indeksasiya olunmuş və 200 manat aliment ödəyir. Hazırda onun sadəcə bu ay üçün 100 manat aliment borcu vardır. Etiraz ərzisində onun aliment borcu olması göstərilsə də icra məmurlarına çekləri təqdim etmiş və reallığı əks etdirmədiyi görsənmişdir. Rəvan 7-ci sinifdə oxuyur. Keçən il fən üzrə rayonda 3-cü yerə çıxmışdır. Çalışır ki övladı Rəvan yüksək səviyyədə təhsil alsın. İkinci dəfə ailə həyatı qurmamışdır. Övladı Rəvanın onun yanında saxlanılması və Rəvana münasibətdə aliment öhdəliyindən azad olunmasını istəyir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.2013-cü ildə doğulmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2093 nömrəli arayışdan görünür ki, İddiaçı onun 2013-cü il təvəllüdlü oğlu X12 ilə birlikdə ünvan 1 ünvanda yaşayış qeydiyyatındadırlar və hal-hazırda həmin ünvanda yaşayırlar. İş materiallarına əlavə edilmiş Göygöl şəhər E.Vəliyev adına 5 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 171 nömrəli arayışdan görünür ki, X12 2023/2024 tədris ilində Göygöl şəhər E.Vəliyev adına 5 nömrəli tam orta məktəbin 5C sinifində oxuyub. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞS/1/2024-00294 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş X4 ailə münasibətlərindən irəli gələn “uşaq tələbinə dair” mübahisə üzrə xx.xx.2024-cü il tarixində, saat 10:30 da mediator X16 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda X4 iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarına əlavə edilimiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-54/2022 nömrəli qətnaməsi ilə X4 və İddiaçı arasında 26 noyabr 2013-cü il tarixdə 265 nömrə ilə nikah pozulmuş, 04 avqust 2013-cü il təvəllüdlü X12 və 08 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anaları X2 yanında qalması, 04 avqust 2013cü il təvəllüdlü X12 və 08 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə, 300 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq X3 ödənilməsi qət edilmişdir. Məhkəmə aktlarının elektron bazasından əldə edilməklə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-700/2023 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədova) 2(104)- 2202/2022 nömrəli iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirmədən saxlanılmışdır. Məhkəmə aktlarının elektron bazasından əldə edilməklə iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-700/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2202/2022 nömrəli iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilimiş Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, komissiya tərəflərin birgə nikahında doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 atanın yanında qalmaq istəyini, yaşayış yerinin normal olduğunu, atanın sağlam olduğunu və övladına bağlı olduğunu nəzərə alıb, uşağın manafeyinə uyğun olaraq Rəvanın atası İddiaçının himayəsində qalmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə edilimiş Göygöl RİHBA-nın Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş psixoloji rəydən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X12 psixoloji konsultasiya zamanı ilk növbədə zahiri görünüşü səliqəli olduğu, səs və hərəkət sistemində əsəbilik, impulsivlik, emosional pozğunluqlar, psixika və şəxsiyyətində əmələ gələn ləngimə, yayınma və pozuntular aşkar olunmadığı qeyd edilmişdir. İşdə olan Göygöl RMX PHŞ-nın tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Rzayev X9 RMX PHŞ-nın poliklinikasının Ruhi-əsəb kabinetində qeydiyyatda durmur. İşdə olan Göygöl RMX PHŞ-nın tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Rzayev X9 RMX PHŞ-nın poliklinikasının narkoloji kabinetində qeydiyyatda durmur. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə tərəflər 2012-ci il tarixdə ailə qurmuşlar və birgə yaşadıqları dövrdə - 04 avqust 2013-cü il təvəllüdlü X12 və 08 noyabr 2016-cı il təvəllüdlü X10 adlı iki uşaqları doğulmuşdur. İş üzrə tərəflər ailə münasibətlərində olan narazılıqlara görə 2022-ci ildə ayrılmışlar. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-54/2022 nömrəli qətnaməsi ilə X4 və İddiaçı arasında 26 noyabr 2013-cü il tarixdə 265 nömrə ilə nikah pozulmuş, 04 avqust 2013-cü il təvəllüdlü X12 və 08 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər anaları X2 yanında qalması, 04 avqust 2013-cü il təvəllüdlü X12 və 08 noyabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq X3 ödənilməsi qət edilmiş, tərəflərin birgə nikahından doğulmuş 08 noyabr 2016-cı il təvəllüdlü X10 adlı uşaq anasının yanında qalsa da, tərəflər ayrıldığı vaxtdan xx.xx.2013cü il təvəllüdlü X12 atasının yanında qalmış və hazırda atası İddiaçı oğlunun yanında yaşayır və yetkinlik yaşına çatmamışdır. İddiaçı cavabdeh Məmmədli (Rzayeva) Nuridə Məhərrəm qızına qarşı «uşağın yaşayış yerinin müəyyən edilməsi və alimentin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 avqust 2013-cü il tarixdə anadan olmuş oğlu X6 yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi və ona münasibətdə təyin edilmiş alimentin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2025-ci il tarixli rəydə tərəflərin birgə nikahında doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 atanın yanında qalmaq istəyini, yaşayış yerinin normal olduğunu, atanın sağlam olduğunu və övladına bağlı olduğunu nəzərə alıb, uşağın manafeyinə uyğun olaraq Rəvanın atası İddiaçının himayəsində qalmasını məqsədəuyğun hesab etmişdir. Cavabdeh X4 məhkəməyə etiraz ərizəsi göndərərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Bu proqramların yerinə yetirilməsində dövlət orqanları ilə yanaşı digər hüquqi və fiziki şəxslər də iştirak edə bilərlər. Həmin Qanunun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. BMT-nin “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 12-ci maddəsinə görə, iştirakçı dövlətlər öz baxışlarını ifadə etməyi bacaran uşağın, özü ilə bağlı bütün məsələlər üzrə bu baxışları sərbəst istifadə etmək hüququnu təmin edirlər, özü də uşağın bu baxışlarına, onun yaşı və yetkinliyinə müvafiq olaraq lazımi diqqət yetirilir. Bu məqsədlə, xüsusilə də uşağa aidiyyəti olan istənilən məhkəmə və ya inzibati istintaqın gedişində ya birbaşa, ya da onun nümayəndələri və yaxud müvafiq orqanlar vasitəsilə, milli qanunvericilikdə nəzərdə tutulan prosessual normalar çərçivəsində uşağın dinlənilməsinə imkan yaradılır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Məhkəmə xüsusilə vurğulayır ki, uşaqları valideynlərindən ayırmaq, himayəyə və ya övladlığa vermək barədə qərarlar Avropa Məhkəməsinin “İnsan Hüquqları və Əsas azadlıqlarına dair Avropa Konvensiyası”nın 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ kontekstində araşdırdığı məsələlərdəndir və Məhkəmənin presedent hüququna görə bu məsələlərlə bağlı qərar çıxarılarkən uşağın maraqlarına birinci dərəcəli əhəmiyyət verilməklə yanaşı, onların rəyləri dinlənilməlidir (“Mustafa və X11rşı” iş). “K. A. Finlandiyaya qarşı” iş üzrə qərarında isə Avropa Məhkəməsi vurğulamışdır ki, “...ayrılıqdan sonra uzun müddət keçdikdə və uşaq himayəyə verildiyi ailədəki vəziyyətə alışdıqda, bu vəziyyətin yenidən dəyişməsi uşağın maraqlarına uyğun olmaya bilər və bu halda onun maraqları valideynlərinin maraqlarını üstələyə bilər”. Yetkinlik yaşına çatmayan uşağın iddiaçı olan atasının himayəsinə verilməsi barədə iddiaçının dəlillərinə qiymət verən məhkəmə qeyd edir ki, onun bu dəlilləri azyaşlı uşağın mənafeyi və maraqlarına zidd həll edilməməlidir. Belə ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2025-ci il tarixli rəyini, tərəflərin birgə nikahında doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 atanın yanında qalmaq istəməsini, uşaq uzun müddət anasından ayrı olmaqla atasının yanında olmasını, yaşayış yerinin normal olduğunu, atanın sağlam olmasını və övladına bağlı olmasını nəzərə alıb, uşağın manafeyinə uyğun olaraq Rəvanın atası İddiaçının himayəsində qalmasını məqsədəuyğun hesab etmişdir. Həmçinin tərəflərin nikahlarının faktiki pozulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2013-cü il təvəllüdlü X12 heç bir etiraz olmadan atasının yanında yaşayır. Qeyd olunanlara əsasən, məhkəmə müəyyən olunmuş işin faktiki hallarını, uşağın mənafeyini, sağlamlığını, inkişafını, tərbiyyəsini, eləcə də qəyyumluq və himayəçilik orqanının rəyini, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdən anasının razılığı ilə atası İddiaçı yanında qalmasını, uşağın özünün atasının yanında qalmaq istəməsini, bu müddət ərzində cavabdeh olan ananın uşağın atasının yanında saxlanılmasına etirazını bildirməməsini və azyaşlı uşağın atasının yanında saxlanılmasının uşağın mənafeyinə uyğun olmaması barədə hər hansı bir halın məhkəmə tərəfindən müəyyən edilməməsini nəzərə alaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 atası İddiaçı himayəsində saxlanılmasını faktiki vəziyyətə uyğun olaraq daha ədalətli və uşağın mənafeyinə uyğun hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə uşağın atasının himayəsində yaşaması onun təhsili və tərbiyəsi, cəmiyyətdə sağlam böyüməsi və formalaşması üçün zəruri əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd olunan hüquq normalarını hazırki iş üzrə tətbiq edərək, hesab edir ki, yetkinlik yaşına çatmayan X6 xx.xx.2022-ci il tarixdən atası İddiaçı yanında qalmasını nəzərə alaraq, iddiaçı olan atadan Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-54/2022 nömrəli qətnaməsi ilə həmin uşağın saxlanılması üçün anası X2 xeyrinə tutulan alimentin icrasına lüzum qalmamışdır. Odur ki, X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-54/2022 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment öhdəliyindən atası İddiaçı azad edilməlidir. Həmçinin iddiaçı olan ata uşağının onun yanında saxlanılmasına görə uşağın anasından aliment tələb etməməsi səbəbindən uşağın saxlanılması üçün aliment məsələsinə məhkəmə tərəfindən münasibət bildirilməməlidir. Məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə cavabdeh Məmmədli (Rzayeva) Nuridə Məhərrəm qızının birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək atası İddiaçı yanında saxlanılmalı və X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(066)-54/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən atası İddiaçı azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, mediasiya xərci 50 manat və iddia ərizəsi məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehdən həmin məhkəmə xərclərini tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Məmmədli (Rzayeva) Nuridə Məhərrəm qızının birgə nikahlarından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək atası İddiaçı yanında saxlanılsın. X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Göygöl Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(066)-54/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən atası İddiaçı azad edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-626/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-626/2025
21.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver