Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-858/2025 16.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqısının və əlavə gəlirlərinin ¼ hissəsində aliment tutulub ona ödənilməsi, eyni zamanda uşaq 3 yaşına çatana kimi ona baxmaq üçün hər ay 100 manat və həmçinin mediasiya xərci üçün 60 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2024-cü ilin aprel ayında qeyri-rəsmi nikah münasibətindən keçməklə evlənib, nikahlarını xx.xx.2025-ci il tarixdə rəsmiləşdirmişlər. Rəsmi nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Uşaq onun himayəsində yaşayır. Cavabdehlə ailə qurduqdan bir neçə ay sonra aralarında ailə münaqişələri baş vermişdir. Uşağın xatirinə cavabdehin bütün pis hərəkətlərinə dözmüşdür. Ancaq artıq dözə bilmir. Cavabdeh dəfələrlə onu döyüb-söyüb təhqir etmişdir. Ailə münasibətləri formal xarakter daşıyır, ona görədə ailə kimi bir yerdə yaşamaları qeyri-mümkündür. Cavabdeh 777 saylı Hərbi Hissədə gizir vəzifəsində işləyir. Onun aylıq gəliri 1000 manatdan artıq olur. Cavabdehin imkanı çatır ki, hər ay uşağına aliment versin. Birgə nikahlarından doğulmuş Nilayın saxlanılması üçün hər ay alimentin ödənilməsi, eyni zamanda uşaq 3 yaşına çatana kimi baxmaq üçün ona hər ay 100 manat pul ödəməsi tələbinə dair Mediasiya Təşkilatına ərizə ilə müraciət etsədə cavabdeh Mediasiya Təşkilatına gəlsədə aralarında olan mübahisəni həll edə bilməmişlər. Bu səbəbdəndə cavabdehdən aliment almaq qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. Heç bir yerdə işləmir. Uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh hərbiçidir, 1100 manat əmək haqqı alır əlavə olaraqda veteranlıq pulu alır. Lakin cavabdehin işləməsi və sabit qazancı olmasına dair heç bir sübutu yoxdur. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-V seriyalı, 022221 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə edilmiş 2 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli, 05/246 nömrəli arayışdan görünür ki, 15 dekabr 2024-cü ildə Göygöl rayonunda X2 doğulmuş X6 atası Cavabdeh hesab edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 265 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 481729 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 28 fevral 2025-ci ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrəli qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada isə Tağıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş “X8ndan sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/1-000116 saylı arayışdan görünür ki, ailə münasibətlərindən irəli gələn “nikahın pozulması, aliment, süd pulu, cehiz və qızıl-zinət əşyaları” tələbinə dair mübahisə üzrə mediator X7 tərəfindən keçirilən “X8”nda hər iki tərəf iştirak etmiş, lakin İMS-dən sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı X3 keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 2024-cü ilin aprel ayında qeyri-rəsmi nikah münasibətindən keçməklə evlənib, nikahlarını 28 fevral 2025-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2024cü il təvəllüdlü X15 adlı uşaqları doğulmuşdur. Birgə nikahdan doğulmuş uşaq anası ilə birlikdə, atasından ayrı yaşayır. Cavabdeh olan ata uşağın saxlanılması üçün maddi köməklik göstərmədiyindən tərəflər “aliment tələbi” ilə X8nda iştirak etmişlər, lakin tərəflər arasında razılıq əldə edilməmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqısının və əlavə gəlirlərinin ¼ hissəsində aliment tutulub ona ödənilməsi, eyni zamanda uşaq 3 yaşına çatana kimi ona baxmaq üçün hər ay 100 manat və həmçinin mediasiya xərci üçün 60 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən iddia tələbinə münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasında 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi aliment məbləğini, iddiaçının və cavabdehin rəsmi işi və əmək haqqının olmasının müəyyən edilməməsi, cavabdehin gəlirləri barədə sübutun müəyyən edilməməsi, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti olmasını, uşağın saxlanılması üçün aliment verməli olan valideyn Cavabdeh qazancının müəyyən hissəsindən tutulmaqla aliment təyin edilməlidir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh aylıq qazancının ¼ hissəsində aliment tutulub uşağın anası İddiaçı verilməli, aliment hissəsində qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaq anasının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat xidmət haqqı tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X8nda tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı X8nda iştirak etmiş və X3 keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddiaçı tərəfindən ödənilmiş 60 manat pul cavabdehdən tələb edildiyindən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 60 (altmış) manat mediasiya xərci məbləğində pul cavahdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi, hazırkı iddia ərizəsi qiymətləndirilməyən iddia ərizəsi olduğundan və 60 manat İMS xərci cavabdehdən tutulub iddiaçının xeyrinə ödənildiyindən, 40 (qırx) manat məbləğində dövlət rüsumunun təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü Nilay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutulub uşağın anası İddiaçı verilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 40 (qırx) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-858/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-858/2025
16.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver