Məhkəmə qərarları › İş №2(066)-876/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-876/2023

14.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-876/2023 14.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2020-ci il təvəllüdlü X3 və 26 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay sabit məbləğdə hər bir uşağa 250 manat olmaqla cəmi 500 manat, qızları Fatimənin 3 yaşına çatana kimi saxlanılması üçün özünə 100 manat məbləğin verilməsi və həmçinin mediasiya xərci üçün ödənilmiş 55 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini, Cavabdeh ilə 2019cu il tarixdə qeyri rəsmi olaraq evlənib, nigahlarını 17 mart 2020-ci il tarixdə rəsmiləşdirmələrini, rəsmi nikahlarından 03 oktyabr 2020-ci il təvəllüdlü X6 və 26 yanvar 2023-cü il təvəllüdlü X5 adlı uşaqlarının anadan olmasını, uşaqlarının özünün himayəsində yaşamasını, cavabdehlə evləndikləri gündən yola getməmələrini, cavabdehin valideynlərinin ucbatından ailənin dağılmasını, hal-hazırda özünün atasına məxsus olan evdə yaşamasını, özünün isə uşaqlarının körpə olduğundan heç bir yerdə işləyə bilməməsini, cavabdehin imkanının olduqca yaxşı olmasını, onun imkanının hər ay uşaqlara aliment verməsinə çatmasını, buna baxmayaraq cavabdehin 2023-cü ilin yanvar ayından bu günə qədər ona heç bir maddi mənəvi köməklik göstərməməsini, aliment tələbi ilə bağlı Mediasiya Təşkilatına müraciət etməsini, lakin cavabdehin mediasiya prosesinə gəlməməsini və mediasiya xərclərini ödəməkdən imtina etdiyi üçün mübahisəni məhkəmədən kənar həll edə bilməmələrini, odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 05 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-T 030698 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 17 mart 2020-ci il tarixdə 632 nömrə ilə qeyd edilməklə nikahları bağlanmış, nikah bağlandıqdan sonra ərə Qənbərov, arvada Qənbərova soyadları verilmişdir. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 22 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İV 539256 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 oktyabr 2020-ci ildə anadan olmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İşdə olan Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 23 fevral 2023-cü il tarixdə verilmiş AZ-İV 857224 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 yanvar 2023-cü ildə anadan olmuş X2 atası Cavabdeh, anası isə İddiaçıdır və o, yetkinlik yaşına çatmamışdır. İş materiallarında olan Gəncə 1 saylı Mediasiya Təşkilatının 16 may 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesindavam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşağın hüququnu müdafiə edən Qanun normalarını əsas götürüb İddiaçı iddia tələbini qismən təmin edərək 03 oktyabr 2020-ci il təvəllüdlü X3 və 26 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh hər ay hər bir uşağa görə 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 03 oktyabr 2020-ci il təvəllüdlü X3 və 26 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment və iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə tutulmalı, alimentin tutulmasına iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni 19 may 2023-cü il tarixdən başlanılmalıdır. İddianın qalan hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 03 oktyabr 2020-ci il təvəllüdlü X3 və 26 yanvar 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment və iddiaçı tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə tutulsun. Alimentin tutulmasına 19 may 2023-cü il tarixdən başlanılsın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu Dövlət Büdcəsinin xeyrinə tutulsun İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HakimQələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar