Məhkəmə qərarları › İş №2(066)-891/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-891/2025

15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-891/2025 15.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və 17 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) manat sabit məbləğdə alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl Rayon Məhkəməsinə müraciət etməmişdən əvvəl Mediasiya şurasına aliment, cehiz, torpaq və maşın tələbinə dair müraciət etmiş, Mediasiya reyestrində xx.xx.2024-cü il tarixli, MŞG/1-00030 nömrə ilə qeydiyyatdan keçmiş və cavabdeh mediasiya sesiyasına iştirak etməmişdir. Bu barədə ona xx.xx.2024-cü il tarixlı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Cavabdeh ilə xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında olan nikah qeydiyyatı məhkəmənin qətnaməsi ilə pozulmuş və uşaqlar onun himayəsində yaşamağa verilmişdir. Cavabdehlə uzun müddətdir ayrı yaşayır. Cavabdehlə bir yerdə yaşamaları mümkün olmadığından ayrılmışlar. O, məcbur olub babasının və nənəsinin yanında yaşayır. Uşaqları azyaşlı olduğuna görə işləyə bilmir. Maddi vəziyyəti olduqca ağırdır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh könüllü surətdə nə ona nədə uşaqlarına heç bir maddi cəhətdən yardım göstərmir. Cavabdeh Gəncə şəhərində yerləşən “Əriklik” restoranında adminstrator işləyir. Onun iki uşağının hər birinə 246 manat sabit pul məbləğində aliment verməyə imkanı vardır. Odur ki, məcbur olub aliment tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X7 və 17 sentyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Heç bir yerdə işləmir. İddia ərizəsində birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və 17 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla cəmi 492 (dörd yüz doxsan iki) manat sabit məbləğdə alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdi. Hazırda uşaqlarının hər birinə görə 100 manat olmaqla, cəmi 200 manat aliment tutulmasını istəyir. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, birgə nikahlarından iki uşaqları var uşaqlar iddiaçının yanında yaşayır. Bir ildir iddiaçı ilə ayrı yaşayırlar. Uşaqlarının hər birinə 100 manat aliment verməyə razıdır. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, iddia ərizəsində xx.xx.2016-cı il təvəllüdlü X4 və 17 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla cəmi 492 (dörd yüz doxsan iki) manat sabit məbləğdə alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda uşaqlarının hər birinə görə 100 manat olmaqla, cəmi 200 manat aliment tutulmasını istəyir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 055082 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 186034 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/1-00030 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və Cavabdeh, ailə münasibətlərindən irəli gələn “aliment” mübahisəsi üzrə xx.xx.2024-cü il tarixində, saat 12:00-da mediator X6 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda İddiaçı iştirak etmiş və o, ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində mediasiya xərcini tam ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-1203/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində 120 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və nikahları pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmaları qərara alınmışdır. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları bundan ibarətdir ki, İddiaçı ilə Cavabdeh aralarında olan nikah Göygöl rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda onlar arasında rəsmi nikah mövcud deyildir. Birgə yaşadıqları müddətdə xx.xx.2016-cı il təvəllüdlü X7 və 17 sentyabr 2018-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Birgə nikahdan doğulmuş uşaqlar anaları ilə birlikdə, atalarından ayrı yaşayırlar. Cavabdeh olan ata uşaqlarının saxlanılması üçün maddi köməklik göstərmədiyindən iddiaçı “aliment tələbi” ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlüq X4 və 17 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) manat sabit məbləğdə alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək hər bir uşağa 100 manat olmaqla cəmi 200 manat aliment təyin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu, uşaqların hər birinə 100 manat olmaqla ayda cəmi 200 manat məbləğində aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci ilin yanvar ayının 1-dən ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, iddiaçının gəlirləri barədə sübutun müəyyən edilməməsi, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti, tərəflər arasında alimentin miqadarı barədə qarşılıqlı razılıqlarının olmasının nəzərə alınaraq iddia təmin olunmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ataları Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli (400 x 0,25=100 manat) həddində sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaqlar analarının yanında olduğundan, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci cavabdehdən tələb edilmədiyindən həmin xərc iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləğinin 2400 manat olması və həmin məbləğə uyğun 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar