Məhkəmə qərarları › İş №2(066)-914/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-914/2025

16.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-914/2025 16.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 70 (yetmiş) manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2008-ci ildə el adəti ilə evlənərək ailə həyatı qurmuşa, birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Nihad və xx.xx.2012-ci il tarixdə Nazlı adlı övladları doğulmuşdur. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasalar da sonradan ailədə narazılıqlar yaranmış və Göygöl rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(066)-1760/2020 saylı qətnaməsinə əsasən nikahları ləğv olunmuş, nikahları ləğv olunandan sonra uşaqlardan Nihad atası ilə qızı nazlı isə onunla qalmışdır. O, qızı Nazlını hazırki vaxtadək saxlasa da indi uşaq böyüdüyü üçün maddi cəhətdən saxlaya bilmir, cavabdeh də heç bir köməklik göstərmir. Ona görə də qərara gəlmişdir ki, cavabdehdən rəsmi olaraq məhkəmə qətnaməsi əsasında aliment alsın. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2008-ci ildə ailə həyatı qurmuş, onların birgə nikahlarından xx.xx.2010cu il tarixdə Nihad və xx.xx.2012-ci il tarixdə Nazlı adlı övladları doğulmuşdur. Cavabdehlə 10 il yaşamış, lakin sonradan onu yola vermədiyinə görə 2017-ci ilin aprel ayında ayrılmışlar. Ayrıldığı vaxtdan anası ilə yaşamış və 2019-cu il tarixdə anası rəhmətə getmiş, həmin vaxtdan anasına məxsus evdə yaşayır. Əlavə olaraq bildirdi ki, onlar ayrıldıqdan sonra məhkəmə qərarına əsasən xx.xx.2012-ci il təvəllüdlü Nazlı adlı uşaq onun yanında xx.xx.2010-cu il təvəllüdlü Nihad adlı uşaq isə cavabdehdə qalmış və uşaqların saxlanılması üçün aliment təyin edilməmişdir. Hazırda o birgə nikahdan olan Nazlı adlı uşağın saxlanılmasında və onun tələbatlarını qarşılamaqda çətinlik çəkir. Cavabdeh fəhləlik işi ilə məşğul olur və ondan daha çox qazanır. Cavabdeh oğlunun əyin-başına alır. Bu müddət ərzində cəmi bir iki dəfə qızına məktəb paltarı almışdır. Cavabdehin işləməsi və ondan daha çox qazanc əldə etməsi barədə sübutu yoxdur. Cavabdehin yanında olan oğlan uşağına o hər hansı kömək etmir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon İHB-nin Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı 817549 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2012-ci ilin 10-cu ayının 04-cü günündə 11 nömrəli qeyd aparılmış. (atası Cavabdeh, anası isə X6r). İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı 281293 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh X11 ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin, dekabr ayının, 20ci günündə 95 nömrəli qeyd aparılmış, nikah ləğv olunduqdan sonra kişiyə Saylov, qadına isə Rzayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-1760/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, X11 ilə Cavabdeh arasında olan Göygöl rayon Üçtəpə kənd İcra nümayəndəliyində qeyd edilmiş xx.xx.2008-ci il tarixli 14 saylı nigah akt qeydinin pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları, 19 iyun 2010-cu il tarixdə anadan olmuş X8 atası Cavabdeh və 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X5 anası X4 yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1-000127 saylı “X2 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ailə münasibətlərindən irəli gələn “aliment tələbi”nə dair mübahisə üzrə mediator X9 tərəfindən keçirilən “X10”nda hər iki tərəf iştirak etmiş, lakin İMS-dən sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı X3 keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından görünür ki, İddiaçı "xxxx" MMC-də xadimə işləməklə 501 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş elektron portal məlumatlarından Cavabdeh işləməsini və əmək haqqı almasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə iddiaçını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olunmuş işin faktiki hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan 19 iyun 2010-cu il təvəllüdlü X14 və 15 sentyabr 2012-ci il təvəllüdlü X12 adlı uşaqları doğulmuşdur. Bundan sonra tərəflər ayrılmış və Göygöl Rayon Məhkəməsinin 2(066)- 1760/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə X11 ilə Cavabdeh arasında olan Göygöl rayon Üçtəpə kənd İcra nümayəndəliyində qeyd edilmiş xx.xx.2008-ci il tarixli 14 saylı nigah akt qeydinin pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları, 19 iyun 2010-cu il tarixdə anadan olmuş X8 atası Cavabdeh və 15 sentyabr 2012ci il tarixdə anadan olmuş X5 anası X4 yanında saxlanılması qət edilmişdir. İddiaçı və X7 oğlu “aliment tələbi” ilə X10nda iştirak etmişlər, lakin tərəflər arasında razılıq əldə edilməmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 70 (yetmiş) manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etmdəiyindən iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 85.1-ci maddəsinə əsasən Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). 85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə iclasında iddiaçı cavabdehin fəhləliklə məşğul olmaqla yüksək qazanc əldə etməsini bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, əksinə məhkəmə araşdırması zamanı cavabdehin adına qüvvədə olan əmək müqaviləsinin olmadığı və əmək haqqı almaması müəyyən olunmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib və yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının daimi iş yerinin olmaqla 501 manat əmək haqqı alması, cavabdehin gəlirləri barədə sübutun müəyyən edilməməsi, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti olması, tərəflərin hər birinin yanında birgə nikahdan doğulmuş uşaqlardan biri olması və hər iki uşağın maddi təlabatının qorunmasını nəzərə alınaraq İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı X10nda iştirak etmiş və X3 keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, iddia tələbi təmin edilmədiyindən mediasiya xərci qismində ödənilmiş 60 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar