Məhkəmə qərarları › İş №2(066)-945/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-945/2025

23.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-945/2025 23.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X8 ilə rəsmi nikahlarından doğulan övladları xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin gəlir və qazancından hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 600 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikahlarından 3 övladları olmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X14. Hal-hazırda uşaqlar onun himayəsindədir və o baxır. Bu səbəbdən də hesab edir ki, cavabdeh uşaqlara baxmadığına görə cavabdeh uşaqların saxlanılması üçün aliment ödəməlidir. Uşaqların demək olar ki, tələbatlarını o və valideyni çəkir. Ona və uşaqlarına qayğı göstərə bilmir. Ona görə də bir neçə aydır ki, ayrılıblar və oda məcburiyyət qarşısında qalaraq, aliment tutulması barədə iddia qaldırmalı olmuşdur. Cavabdehlə bir neçə il mehriban şəkildə bir yerdə yaşayıb, ər-arvad kimi birgə təsərrüfat aparmışlar. Demək olar ki, aralarında heç bir zidiyyət və problem olmamışdır. Lakin cavabdeh 1-ci ailəsindən 1 övladı olduğundan həmin övladına hər ay 130 manat aliment ödəyirdi, sonradan qarşı tərəf alimentin artırılmasın ilə bağlı müraciət etmiş və onun müraciəti əsasında alimentin məbləği 400 manat olmuşdur. Bundan sonra onların ailəsində münaqişələr, ziddiyyətlər yaranmağa başlamışdır. O qərara gəlib ki, artıq onun çıxış yolu yoxdur oda ayrılıb və uşaqlarına 1 -ci həyat yoldaşı kimi aliment kəsdirməlidi. Həmçinin bildirir ki, ondan əvvəlki nikahından olan uşağına baxır və həmin uşağın saxlanılmasına ayda 400 manat aliment ödəyir. Onun uşaqlarına isə ayda heç 300 manat pul xərcləmir. Uşaqları evdə acından ölürlər, 24 saat ərzində 1 dəfə uşaqlar yemək, çörək yeyirlər. O bu vəziyyətdə bilmir özü işləsin, uşaqlarını saxlasın, yoxsa cavabdehin 1-ci nikahından olan övladına aliment borcu ödəsin. Artıq cana yığılıb, bezib. Uşaqlarının ac qalmasına 1 ana kimi dözə bilmir. Dilənmək həddinə gəlib çatıb. Bu səbəbdən də o cavabdehlə yaşamağın qeyri-mümkün olduğunu görüb ondan ayrılmalı olub və hazırda məcburiyyət qarşısında qalaraq cavabdehə qarşı aliment tələbinə dair iddia qaldırmalı olmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər, İddiaçı tərəfindən məhkəməyə ərizə göndərilərək Cavabdeh qarşı “aliment” tələbinə dair iddia qaldırmasını, azyaşlı övladının səhhətində poblem olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmədən iştirakı olmadan işə baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə teleqram göndərilərək iştirakı olmadan işə baxılmasını və iddiaçının iddiasını təmin edilməsini xahiş etmişdir. İş üzrə 3-cü şəxs qismində məhkəmə tərəfindən cəlb edilmiş Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Xanlar şəhərində anadan olmuşdur və Azərbaycan Respublikasının vətandaşıdır. İşdə olan Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ 816946 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2013-cü il tarixdə Göygöl rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 177 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Tağıyev, arvada isə Tağıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(066)-24/2025 saylı qərardadından görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-859/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Maraqlı şəxs xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1 (bir) misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-İV seriyalı 064366 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 16 iyul 2018-ci il tarixdə Göygöl rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2018-ci ilin 08-ci ayının 02-ci günündə 117 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə İddiaçıdır) İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı 452482 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 08 noyabr 2014-cü il tarixdə Göygöl rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2015-ci ilin 02-ci ayının 03-cü günündə 36 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə İddiaçıdır) İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı 394734 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 27 iyun 2020-ci il tarixdə Göygöl rayonunda anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 07-ci ayının 22-ci günündə 132 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə İddiaçıdır) İşdə olan “Mediasiya prosesinə xitam verilməsi” barədə xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000163 saylı protokoldan görünür ki, vətəndaş İddiaçı və vətandaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “nikahın pozulması, üç az yaşlı uşaqlar üçün aliment tutulması” tələbinə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixində mediator X5 tərəfindən keçirilən “mediasiya sessiyası”nda iştirak etmişlər. İddiaçı mediasiya xərci olaraq 60 manat xərci tam ödəmişlər. Məhkəmə iş üzrə tərəfləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin məcəllənin 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında ölkə üzrə minimum əmək haqqı 2025-ci il üzrə isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləğini, iddiaçının və cavabdehin gəlirləri barədə sübutun müəyyən edilməməsi, valideyinlərin uşaqların saxlanılmasında birgə məsuliyyəti və alimentin məbləği barədə tərəflər arasında olan razılığı nəzərə alınaraq iddia təmin olunmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X14 adlı uşaqların saxlanılması üçün ataları Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli (400 x 0.5) həddində sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, uşaqlar analarının yanında olduğundan, həmçinin cavabdeh aliment tələbi ilə razılaşdığından iddia tələbi təmin edilməli, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəməsini və cavabdehdən tələb edilməməsi nəzərə alaraq mediasiya xərci qismində ödənilmiş 60 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı aliment tələbi üzrə dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün və ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin illik məbləğinin 7200 manat olması və həmin məbləğə uyğun 92 (doxsan iki) manat məbləğində dövlət rüsumu təşkil etməsi nəzərə alınmalı, həmin dövlət rüsumu cavabdehdən alınaraq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X10 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X11 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X12 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Məhkəmə xərcləri tələb edilmədiyindən iddiaçıya aid edilsin. Cavabdeh 92 (doxsan iki) manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar