Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-956/2025 19.08.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində olmuş, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 vardır. Birgə həyat davam etdirilməmiş, hazırda İddiaçı iki övladına aliment təyin edilməsini iddia edir.
Məhkəmədə icraat:
2. İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeyri-rəsmi nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə ayrı-ayrılıqda 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq verilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu ildə el adəti ilə ailə qurublar, yəni qeyri-rəsmi evləniblər, aralarında rəsmi nikah olmamışdır. Birgə nikahlarından övladlları xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh ilə ayrılıblar və iddiaçı ata evinə qayıdıb. Hal-hazırda ər arvad münasibətində deyillər. Uşaqların hər ikisi də ananın himayəsində yaşayır. Cavabdehlə bir-birilərini ailə olduqları zaman heç vaxt başa düşməyiblər. Aralarında heç vaxt rəsmi nikah olmayıb, ona görədə hal-hazırda ayrı yaşayırlar. Heç vaxt normal ailə ola bilməyiblər. Mütəmadi olaraq, aralarında münaqişələr yaşanıb. Cavabdeh ona və övladlarına qarşı laqeyd davranmışdır. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə son zamanlar aralarında olan ailə münasibətləri kəskinləşmişdir. Buna görə də ayrılıblar və övladları ilə birlikdə valideyinlərinin yanında yaşayır. Cavabdeh mediasiyaya dəvət olundu, lakin o gəlmədi. Övladlarının hər ikisi hal-hazırda onun himayəsində yaşayır. Onların ana qayğısına, nəvazişinə daha çox ehtiyacları var. Cavabdehin 12 yanvar 2020-ci il təvəllüdlü X4 və 23 yanvar 2022-ci il təvəllüdlü X3 aliment verməsini istəyir. Əlavə olaraq bildirib ki, Cavabdeh harda işləməsindən xəbərdar deyil. Sadəcə cavabdehdən övladları üçün aliment verməsi istəyir ki, övladlarına baxa bilsin.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
7. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 55.2.-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58-ci maddəsinin ümumi məzmunun tələbinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; 84.2.4. 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. 84.2.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.
8. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu: 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində, 2025-ci ildə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
9. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
10. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının: 3.1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 3.2. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 3.3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə:
12. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iş materiallarına əlavə edilmiş doğum AZ-İV seriyalı, 394685 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
14. Doğum AZ-İV seriyalı, 591422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
15. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı ilə el adəti ilə toy edilərək, ailə qurmuşlar. Qeyri-rəsmi nikahdan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 05 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
19. Azərbaycan Respublikasında 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat məbləğində müəyyən edilmişdir.
20. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumu və 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləği, iddiaçının tələb etdiyi aliment məbləği, valideynlərin uşağın saxlanılmasında birgə məsuliyyəti və iddiaçının aliment tələbi nəzərə alınaraq iddia təmin olunmalı, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli (400 x 0,25) həddində sabit pul məbləğində aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, alimentin tutulması iddianın məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən etibarən tutulmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşağın saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Leyla Hüseynzadə