Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-998/2025 30.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində 03 yanvar 2022-ci il tarixdə anadan olmuş X1 üçün minimum əmək haqqı məbləğinin 0.9 misli miqdarında alimentin qarşı tərəfə mediasiya ilə bağlı məktubun çatdığı xx.xx.2025-ci il tarixdən tutulması və onun tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X6 adlı bir uşaqları olmuşdur. Cavabdeh ilə xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ayrılmışlar. Uşaq onun himayəsində qalmışdır. Cavabdeh əvvəllər hərbi hissədə müddətdən artıq hərbi qulluqçu olmuş, aliment onun əmək haqqının ¼ hissəsi həcmində aliment kəsilmişdir. 2024-cü ilin dekabr ayından cavabdeh işdən azad olunmuşdur. Hər ay 250 manat aliment almışdır. Hazırda cavabdehin işdən azad olunması səbəbindən aliment ala bilmir. Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(066)- 259/2022 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh hazırda fərdi əməklə məşğuldur. Özünə məxsus avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Dəmir və maşın ustalığı sexində işləyir. Həyətyanı təsərrüfatla məşğuldur. Ailə təsərrüfatında hektarlarla torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal edirlər, 15 iribuynuzlu heyvanı var. Yaşadıqları ev həddən artıq böyükdür. İstirahət zonasında yerləşdiyindən otağın birini bir gecəlik 70-100 manata olmaqla, bir neçə otağı kirayəyə verirlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh uşaq doğulmamışdan əvvəl getmişdir. Bir il aliment ödənilməmişdir. Sonradan məhkəmə qərarı icra olunması üçün onun işlədiyi hərbi hissəyə göndərilmiş və 2024-cü ilin dekabr ayınadək onun əmək haqqından aliment tutulmuşdur. Cavabdeh uşağını 2 yaş yarımına kimi görməmişdir. O, cavabdehə zəng vurub uşağın bağçada ata adı eşidir deməsini bildirdikdən sonra uşağı görmüşdür. Hal hazıradək uşağı üç dəfə görmüşdür. 2024-cü ilin dekabr ayında işdən çıxdıqdan sonra ona heç bir aliment ödənilməmişdir. Yalnız uşağın doğum günündə 80 manata paltar almış, birdə yemək almışdır. O, dəfələrlə cavabdehə aliment pulu ödəməsini demişdir. Cavabdeh ona nə vaxt işə girsə onda ödəyəcəyini demişdir. Cavabdeh bildirib ki, psixiatriyada yatmışam. Lakin, heç bir sənədi yoxdur, tam sağlamdır. Özü Şəmkir rayonunda yerləşən Zəyəm-Cırdaxan kənd orta məktəbində psixoloq işləyir və 538 manat əmək haqqı alır. Cavabdeh rəsmi olaraq işləmir. Oğuz rayonunda iki mərtəbə evləri var həmin evi günlük 70 manata kirayəyə verirlər. 10- 15 baş iribuynuzlu heyvanları var. Hektarla sahələri var. İkinci uşağının yeməyinə içməyinə baxa bilirsə bu uşağada baxmalıdır. Məkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, 2016-cı ildən hərbidə işləmişdir. İddiaçı ilə ailə qurduqdan sonra iddiaçının anası evində yaşamışlar. 1 övladları olmuşdur. İddiaçının anası ilə yola getmədiyinə görə iddiaçıya demişdir ki, gəl çıxaq gedək lakin, iddiaçı onunla getmək istəmədiyindən o evdən çıxmışdır. Daha sonra onu məhkəməyə vermişlər və aralarında olan nikah pozulmuşdur. O ikinci ailə qurmuş və 8 aylıq bir uşağı var. 2024-cü ildə o məhkəməyə getdiyi üçün onu işdən kənarlaşdırmışlar. İşlədiyi müddətdə onun əmək haqqından pul tutularaq iddiaçıya ödənilirdi. Hazırda Mingəçevir şəhərində yaşayır. İşə bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Başqa işdə işləyə bilmir. Cavabdehə səbrli olmasını alimenti ödəyəcəyini bildirmişdir. Atası İ qrup əlildir. Qardaşı İİ qrup əlildir. Anasınında əlləri tutmur. Atası ayrı təsərrüfatdır oda ayrı. Aliment verməyə imkanı yoxdur. İddiaçı ancaq pul isdəyəndən isdəyənə uşaqla əlaqə yaradır ki, pul göndərsin. Başqa vaxtlarda uşaqla danışmağa qoymur. İşi ilə bağlı məhkəmə qərarı qəbul edilənədək aliment verməyə imkanı yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə “ASAN xidmət” X4 tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli, AZ-İV 685549 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə Gəncə şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 228 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə X8r) İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-259/2022 saylı qətnaməsindən görünür ki, 03 yanvar 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı X9 ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Göygöl 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/1/2025-000158 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və qəbzdən görünür ki, vətəndaş İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğdə təyin edilməsi tələbi”nə dair mübahisə üzrə xx.xx.2025-ci il tarixdə saat 10:00da mediasiya prosesi keçirilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiyaya dair xərcini ödəmişdir. İş materiallarına əlavə edilmiş AO № ******* nömrəıli hərbi biletin surətindən görünür ki, Cavabdeh 25 dekabr 2024-cü il tarixdə “Hərbi xidmət keçmə haqqında” əsasnamənin 156-cə maddəsinin e bəndinə əsasən (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyyata buraxılmışdır. İş materiallarına əlavə edilmiş Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, AZ-V 022325 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə Bakı şəhərində anadan olmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 102 nömrəli qeyd aparılmışdır. (atası Cavabdeh, anası isə X5r) Beləliklə məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflər ailə kimi bir müddət bir yerdə yaşasalar da, sonradan yaranmış narazılıqlara görə tərəflər ayrılmış və azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Bundan sonra iddiaçı aliment tələbi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, Göygöl Rayon Məhkəməsinin 2(066)-259/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək 03 yanvar 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment X9 ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh qarşı «alimentin tutulma qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nigahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının 4/1 hissəsində miqdarında təyin edilmiş alimentin dəyişdirilərək, hər ay minimum əmək haqqının 0.9 misli miqdarında alimentin tutulub ona verilməsi və Mediasıya Təşkilatina ödədiyi 60 manat məbləğin ona verilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia ərizənin təmin edilməsini xahiş etmiş, cavabdeh isə aliment ödəməyə maddi imkanının olmamasını, heç bir yerdə işləməməsini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024– cü il tarixli 15 nömrəli Qərarının 1.2.1–ci bəndinə əsasən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli qərarının 8.4–cü bəndinə 8.4–1–ci yarımbənd əlavə edilmiş və həmin yarımbənddə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2–ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın “8.11-1-ci bəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023–cü il yanvar ayının 1– dən 345 manat müəyyən edilmişdir. Həmçinin, 2024–cü ildə də ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024–cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025–ci il yanvar ayının 1– dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aliment məbləğinin dəyişdirilməsi tələbi qismən təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirlərini, habelə hazırda uşaq üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin sabit pul məbləğində dəyişdirilməsi üçün əsaslar vardır. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşaqların minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə hesab edir ki, alimentin sabit pul məbləğində təyin edilməsi tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən aliment xx.xx.2022-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən üç ildən artıq müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Bundan başqa məhkəmə uşağın marağını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının xx.xx.2025– ci il tarixdən, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi azyaşlı uşağın mənafeyinə uyğundur. Həmçinin, yuxarıda qeyd olunduğu kimi nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2025–ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafeyinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-259/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək sabit pul məbləğində, yəni xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalı, dəyişdirilmiş hissədə alimentin tutulması, ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalı və iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, cavabdehin dəvət edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 60 (əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(066)-259/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilərək sabit pul məbləğində, yəni xx.xx.2022-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 (sıfır əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Dəyişdirilmiş hissədə alimentin tutulması, ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən hesablansın. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-998/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-998/2025
30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver