Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1050/2023 20.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki evliliklərindən 25 iyun 2022-ci il tarixdə anadan olmuş övladları X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin, onun 3 yaşına çatanadək hər ay 100 manat olmaqla, ümumilikdə 350 manat və mediasiyadan keçmək üçün ödədiyi 50 manat rüsumun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bildirir ki, Cavabdeh ilə 30 iyun 2021-ci il tarixdə toy məclisi etmiş, onun Xaçmaz rayonu, Ağçay kəndində yerləşən evinə gəlin köçmüşdür. Toy məclisindən sonra nikaha daxil olacaqlarına söz versə də, lakin o, buna əməl etmədi. Onunla ər-arvad kimi 3-4 ay yaşadıqdan sonra xasiyyətləri uyğun gəlmədiyinə görə ondan ayrılıb Xaçmaz rayonunun Qaraçı kəndində yaşayan valideynlərinin yanma getmişdir. Onların faktiki evlilklərindən 25 iyun 2022-ci il tarixdə övladları X4 anadan oldu. Cavabdehlə faktiki nikaha daxil olmadıqları halda o, övladlarına atalığını verdi. Cavabdeh 01 oktyabr 2022-ci ildə valideynlərinin evinə gedərək övladı ilə birlikdə onu özü ilə götürüb yaşadığı evinə apardı. Orada 20 gün qaldıqdan sonra 2022-ci ilin oktyabr ayının 20-də onunla yola getmədiyinə görə yenidən oğlum Binyamini özüm ilə götürüb valideynlərimin yanma gəldim. Həmin vaxtdan bu günə qədər oğlu Binyamin ilə birlikdə valideynlərinin evində yaşayır. Bu müdddət ərzində cavabdeh nə onunla, nə də öz doğma övladı ilə maraqlanmır, uşağın saxlanılması üçün ona hər hansı maddi köməklik göstərmir, bir sözlə, ailəsinə qarşı biganədir. O, mövcud iqtisadi şəraitdə uşağı saxlamaqda, maddi tələbatlarını təmin etməkdə çox çətinlik çəkir. Halbuki, cavabdeh də, bir ata kimi öz vəzifələrini yerinə yetirməli və uşağın saxlanılmasında iştirak etməlidir. Elə buna görə də, məcbur olub aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi kimi cavabdehin imkanları genişdir, belə ki, yaşadığı həmin kənddə onun torpaq sahələri və maldarlıq ferması vardır. Həmin fermada həm iri buynuzlu, həm də xırda dımaqlı heyvanlar saxlayır. Hər ay tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarındadır. Hesab edir ki, yuxarıda qeyd etdiklərini və uşağın mənafeyini, xərclərini, o cümlədən az təminatlı olmağını, maddi vəziyyətini və uşağın az yaşlı olduğundan işləyə bilməməyini nəzərə alıb cavabdehdən onun xeyrimə, övladları 25 iyun 2022-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və onun 3 yaşı tamam olanadək hər ay 100 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutulmalıdır. «Azərbaycan Respublikası yaşayış minimumu haqqında Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hazırlıq iclasında iş üzrə Cavabdeh iddia tələbi üzrə izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə rəsmi nikahları yoxdur. Faktiki olaraq ayrı yaşayırlar. Uşaqları 9 aylıqdır. İddiaçı ilə evlənəndən sonra cəmi 3-4 ay birlikdə yaşamışlar, sonra münasibətləri alınmadı və o, çıxıb getmişdir. Sonra onu geri qaytarmışdır, lakin yenə münasibətləri alınmamışdır. Aliment ödəməkdən imtina etmir. Amma nəzərə alınmalıdır ki, o, fəhləlik edir, rəsmi iş yeri yoxdur. Uşağının saxlanılması üçün ayda 100 manat aliment ödəyə bilər, bundan artıq aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçı ilə birlikdə yaşamaq istəmir. Aylıq 250-300 manat qazancı olur. Təsərrüfatı, mal-qarası yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında hazırda barışıq yoxdur. Onlar qeyri rəsmi ər-arvad münasibətlərinə daxil olublar. xx.xx.2022-ci ildə Binyamin adlı uşaqları anadan olub. İddiaçı uşağının barəsində atalığını da müəyyən etdirib. Təbii ki, ata kimi uşağının qayğısına da qalmalı, onun saxlanılmasına köməklik göstərməlidir. keçən məhkəmə iclasdan sonra cavabdeh iddiaçıya zəng edib əxlaqsız sözlər deyib. Cavabdehin anası müdaxilə edir. Cavabdehin kənddə böyük torpaq sahəsi, ferması var. İddiaçının isə maddi vəziyyəti ağırdır. Polisə də şikayət edib ki, cavabdeh ona yaşamağa imkan vermir. Cavabdeh iddiaçı ilə ailə quranda onu aldadıb və nikahlarını rəsmiləşdirməyib, 3-4 ay yaşayandan sonra iddiaçı valideynlərinin evinə qayıdıb. Uşaqları anadan olandan sonra cavabdeh onun barəsində atalığını müəyyən elətdirib. 20 gün cavabdehlə birlikdə yaşayandan sonra iddiaçı yenidən geri qayıdıb. Uşaq xəstədir, kömək etməyib. Ona görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İV seriyalı 756686 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin faktiki nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan X5 Haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 atası hesab edilmişdir. İş materiallarında olan X3 iştirak edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı X3 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2023-cü ildə 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 170 manat aliment və uşağın 3 yaşına çatana kimi hər ay 30 manat olmaqla əlavə xərc tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 200 manat müəyyən olunduğundan, iddianın qiyməti 200 manat x 12 aya=2400 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 170 manat məbləğdə sabit aliment və uşaq üç yaşına çatana kimi hər ay 30 manat əlavə xərc tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 170 manat məbləğdə sabit aliment və uşaq üç yaşına çatana kimi hər ay 30 manat əlavə xərc tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1050/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1050/2023
20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver