Məhkəmə qərarları › İş №2(067)-108/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-108/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-108/2021 02.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4 iştirakı ilə, iddiaçı xxxx ASC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, iddiaçı xxxx ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində, Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərindən ödənilmiş 9318.09 manat məbləğində sığorta ödənişinin 4818.09 manat hissəsinin və 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla cəmi 4848.49 manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanılaraq ** PR *** dövlət qeydiyyat nişanlı “Nissan Sentra” markalı avtomobil Mİ-009336 №-li şəhadətnamə üzrə 36800 manat məbləğində sığortalanmışdır. Sığortalanmış avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan “Ford Tranzit” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Nəsimi DYPŞnin əməkdaşları tərəfindən tərtib edilən TP ******* saylı qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh göstərilmişdir. Hadisə nəticəsində zərər dəymiş ** PR *** dövlət qeydiyyat nişanlı “Nissan Sentra” markalı avtomobilin təmiri müştərinin müraciətinə müvafiq olaraq “xxxx” MMC-də həyata keçirilib və tərtib edilən xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərər 9818 manat məbləğində hesablanmışdır. Həmin məbləğdən 500 manat azadolma məbləği çıxılmaqla 9318,09 manat məbləğində sığorta ödənişi “xxxx” MMC-nə ödənilib. Cavabdeh idarə etdiyi “Ford Tranzit” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası PAA********** saylı şəhadətnamə əsasında “xxxx” ASC-də sığortalanmışdır. Bu səbəbdən “xxxx” ASC tərəfindən “xxxx” ASC-nə 4500 manat məbləğində ödəniş edilmişdir. Ona görə qalan 4818,09 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq “xxxx” ASC-nə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı xxxx ASC-nin nümayəndəsi X5 iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Ford Tranzit” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə ** PR *** dövlət qeydiyyat nişanlı “Nissan Sentra” markalı avtomobili vuraraq, yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisəyə görə inzibati tənbeh almışdır. Hazırda iddiaçının subroqasiya qaydasında ondan 4818,09 manat məbləğində pul tələb etməsi ilə razı deyildir. Ona görə ki, onun fikrincə “Nissan Sentra” markalı avtomobilə cəmi 4000-4500 manat məbləğində ziyan dəyib və həmin məbləğ də onun mülki məsuliyyətini icbari sığortaladığı “xxxx” ASC tərəfindən “xxxx” ASC-nə ödənilib. Hesab edir ki, “xxxx” MMC tərəfindən ** PR *** dövlət qeydiyyat nişanlı “Nissan Sentra” markalı avtomobilə dəymiş ziyan şişirdilərək 9318,09 manat məbləğində müəyyən olunub. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanılaraq ** PR *** dövlət qeydiyyat nişanlı “Nissan Sentra” markalı avtomobil Mİ-009336 №-li şəhadətnamə üzrə 36800 manat məbləğində sığortalanmışdır. İş materiallarından müəyyən olunur ki, Sığortalanmış avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan “Ford Tranzit” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. İş materiallarından müəyyən olunur ki, Nəsimi rayon DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilən TP ******* saylı qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh göstərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1464 saylı qüsur aktından müəyyən olunur ki, hadisə nəticəsində zərər dəymiş ** PR *** dövlət qeydiyyat nişanlı “Nissan Sentra” markalı avtomobilin təmiri müştərinin müraciətinə müvafiq olaraq “xxxx” MMC-də həyata keçirilib və tərtib edilən xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərər 9818 manat məbləğində hesablanmışdır. xx xxxxxx 2019-cu il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “xxxx” ASC tərəfindən 9318,09 (doqquz min üç yüz on səkkiz manat, sıfır doqquz qəpik) manat məbləğində sığorta ödənişi “xxxx” MMC-nə ödənilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/4392 saylı ekspert rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə “xxxx” şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2019- cu il tarixli qusur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxlışlı ** PR *** dövlət qeydiyyat nişanlı “Nissan Sentra” markalı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8532,0 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı xxxx ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən müddəaları rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri məhkəmə qaydasında müəyyən olunduğundan, onun vurulmuş zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri qanunvericiliyə müvafiq qaydada müəyyən olunmuş Cavabdeh zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə 900 manat məbləğində işlərin görülməsi xərcinin çəkilməsini sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X6 Məhkəməsi «X1rşı» xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. İşin araşdırılmış hallarından “xxxx” ASC ilə “xxxx” MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış sığorta müqaviləsi üzrə ** PR *** dövlət qeydiyyat nişanlı “Nissan Sentra” markalı avtomobilin Mİ-009336 №-li şəhadətnamə üzrə 36800 manat məbləğində sığortalandığı, həmin avtomobilin xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan “Ford Tranzit” markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğu, Nəsimi rayon DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilən TP ******* saylı qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilindiyi və “xxxx” ASC tərəfindən baş vermiş sığorta ödənişinə görə “xxxx” MMC-nə 9318,09 (doqquz min üç yüz on səkkiz manat, sıfır doqquz qəpik) manat məbləğində sığorta ödənişi edildiyi müəyyən edilir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı cavabdehə aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9318.09 manat məbləğində sığorta ödənişinin 4818.09 manat hissəsi, 30 manat məbləğində dövlət rüsumu və 40 qəpik bank xidməti daxil olmaqla cəmi 4848.49 manat məbləğində pul tutulmalıdır. İddia tələbi təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 9318.09 (doqquz min üç yüz on səkkiz manat, sıfır doqquz qəpik) manat məbləğində sığorta ödənişinin 4818.09 (dörd min səkkiz yüz on səkkiz manat, sıfır doqquz qəpik) manat hissəsi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 40 (qırx qəpik) qəpik bank xidməti daxil olmaqla, cəmi 4848.49 (dörd min səkkiz yüz on səkkiz manat, qırx doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar