Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-108/2025 14.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılan borcları ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon Məhkəməsinin 2(067)-733 saylı,10 aprel 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən cavabdehə borclu qaldığı 5780 aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-733 saylı, 10 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən 26 aprel 2004-cü il təvəllüdlü, X1 və 10 iyun 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 mart 2014-cü il tarixdən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 90 manat olmaqla,cəmi 180 manat aliment alınaraq Cavabdeh qızma verilməsi qət edilmişdir. 01 iyun 2018-ci il tarixdən uşaqlar anaları cavabdeh olan Rəmalə Qurbnovanın yanından onun yanına yaşamağa gəlmiş və yaşamağa başlamışlar. Xaçmaz rayon məhkəməsinin 2(067)-828 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsinə əsasən 26 aprel 2004-cü il təvəllüdlü, X1 və 10 iyun 2005-ci il təvəllüdlü X5 onun himayəsinə verilmişdir. Uşaqlar 01 iyun 2018-ci il tarixdən onun yanındadırlar. Uşaqlar artıq yetkinlik yaşına çatmışlar. Xaçmaz rayon məhkəməsinin 2(067)-267 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən 26 aprel 2004-cü il təvəllüdlü, X1 və 10 iyun 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsindən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən azad edilmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 03 aprel 2024-cü il tarixli arayışından da məlum olur ki, Əliyev X6 rayon Məhkəməsinin 2(067)-733 saylı,10 aprel 2014-cü il tarixli icra vərəqəsinə əsasən iki uşağın saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 90 manat olmaqla,cəmi 180 manat sabit pul məbləğində alimenti tələbkar Cavabdeh ödəməlidir. Onun hal-hazırda 5780 manat məbləğində aliment borcu vardır. Yığılmış borcları ödəməyə imkanı yoxdur, həmçinin pulu ödəməli deyildir. Belə ki, aliment uşaqların saxlanması üçün tutulan maddi vəsaitdir. Qeyd olunan məhkəmə qətnamələri ilə tam sübut olunmuşdur ki, 01 iyun 2018-ci il tarixdən 6 aprel 2004-cü il təvəllüdlü, X3 və 10 iyun 2005-ci il təvəllüdlü X4 o baxır, onların saxlanılma xərclərini o çəkir. Bu vaxtdan bəri cavabdeh tərəfindən hər hansı bir vəsait xərclənməmiş, uşaqlara qayğı göstərilməmişdir. Həmçinin özü müharibə iştirakçısı və əlildir. Belə olan halda hesab edir ki, məhkəmə yığılmış borc olan 5780 manatı silməlidir. İş üzrə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, onlar məhkəmə iclasına gəlməmişlər. İş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 işə onun iştirakı olmadan baxılaraq iş üzrə icraatın dayandırılması barədə məhkəməyə ərizə göndərmişdir. Məhkəmə iclasında cavabdeh işə mahiyyəti üzrə baxılıb son nəticə verilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk öncə onu qeyd edir ki, 2024-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Ali Məhkəməsi aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Həmin qərara əsasən birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verib. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçı 12 avqust – 20 dekabr 2022-ci il tarixləri aralığında övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Ali Məhkəmə də hesab edib ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar 2022-ci ilin avqust - dekabr aylarına hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Hazırki iddia tələbindən və iddiaçının nümayəndəsinin izahatından da müəyyən olunur ki, iddiaçı ondan tutularaq cavabdehin xeyrinə hesablanan aliment məbləğinin silinməsini xahiş edir. İddianın əsasını isə o hal təşkil edir ki, cavabdehlə birgə nikahından olan uşaqları 2018-ci ilin iyun ayının 01-dən onun yanında qalırlar. Alimentin silinməsi xəstəlik, maddi vəziyyət və ya digər üzürlü hal ilə bağlı deyil. İddiaçıya izah olunmalıdır ki, müvafiq tələblə bağlı icra məmuruna müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment üzrə yığılan borcları ödəməkdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-108/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-108/2025
14.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver