Məhkəmə qərarları › İş №2(067)-1105/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1105/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1105/2022 13.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, birinci iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası və ikinci iddia üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən müvəqqəti istifadə hüququnun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə bir icraatda birləşdirilmiş mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X8 xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə hüququ əsasında ona məxsus Xaçmaz rayonunun Köhnə Xudat kəndində yerləşən sahəsi 1.1 ha olan torpaq sahəsinin cavabdeh İddiaçı tərəfındən boşaldılması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X8 iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun Köhnə Xudat kəndində yerləşən sahəsi 1.1 ha olan torpaq sahəsi icarə hüququ əsasında ona məxsusdur. Həmin torpaq sahəsinə icarə hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsilə dövlət qeydiyyatına alınmışdır. Uzun müddətdir ki, cavabdeh İddiaçı həmin torpaq sahəsini özbaşına zəbt edərək istifadə edir. Cavabdehdən həmin torpaq sahəsini boşaltmasını dəfələrlə tələb etsə də, əvvəllər həmin torpaq sahəsinə icarə hüququnun ona məxsus olduğunu deyərək torpaq sahəsini boşaltmaqdan boyun qaçırır. Həmin torpaq sahəsi halhazırda cavabdehin qanunsuz sahibliyindədir. Həmin torpaq sahəsini əkinçiliklə məşğul olmaq üçün şumlatdırmışdır. Lakin cavabdehin qanunsuz əməlləri nəticəsində əkinçilik işlərini davam etdirə bilmir. Bununla yanaşı, cavabdeh özünün qanunsuz hərəkətləri ilə torpaq sahəsinə, orada olan tikililərə ziyan vurur. Bu azmış kimi, cavabdeh başqa şəxslərin də həmin torpaq sahəsindən istifadə etməsinə şərait yaradır. Odur ki. həmin topaq sahəsi cavabdeh tərəfindən boşaldılmalı və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Füzuli oğlu arasında bağlanmış 3M-564 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair bağlanmış alqı-satqı müqaviləsinin və ona uyğun yaranmış hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2018-ci ildə əvvəldən tanıdığı Samir Göyçayev və onun qaynı Cavabdeh ona zəng edib onun qaldığı evə gələrək ona cücə alıb saxlamağı təklif etmişlər. Onlar bu işlə məğul olmaq üçün onun 1.10 ha yerləşən quşçuluqla məşğul olmağa ferması olduğunu əvvəllər fermanı almaq istədiklərindən bilmişlər. O, onlara imkanı olmadığını demişdir. Samir dedirki, pul verən Əsədov Azad adında adam vardır ki, o onların bu işi görməsi üçün pulu təmin edəcək, əldə edəcəkləri qazancın 50% onun, 10% Cavabdeh, 40% Samir Göyçayevin və Azad Əsədovun olacaq. Birinci dəfə onlar fermaya 5000 cücə vurduqdan sonra 4150 manat xeyirləri olmuşdur. Cücə sayını hissə-hissə artırdıqdan sonra 18000 manat xeyrləri yüksəlmişdir. Sonra onlar ona icarəyə ferma almaq təklif etmişdir. O, daha böyük ferma tapmış Xaçmaz rayonu, Maqsudkənd kəndində icarəyə götürdükləri fermaya 45000 cücə, öz fermasına isə 6000 cücə vurduqdan sonra cəmi 51000 cücələri olmuşdur. Cücələr yem çatmayanda o, Samirə zəng edərək vəziyyəti danışmışdır. Samirdə pulu verən Azada zəng etdsə də, Azad isə pulu olmadığını demişdir, Həmçinin Azad ona 51000 cücədən xəbəri olmadığını demişdir. O, cücələr ölməsin deyə onu adi yem və dərmanla saxlamışdır. Nəticədə 1 aya satılmalı cücələr 2 aya satılmışdır. Onlar ziyan etmişdir. Samir ona demişdir ki, o ziyanı qaytarmaq üçün moskvadakı evini Azadın adma keçirmişdir. Şahid şəxslərin iştirakı ilə Azad ona söz vermişdirki olan borcunu unudur. Fermanı Cavabdeh adına keçirsin və əvəzində borc olaraq 36000 manat pul verər. Bu pullada işləyib ziyanını ödəsinlər. O razılaşaraq yoldaşı ilə birlikdə Quba rayonu Asan Xidmətə getmiş və orada onları Maqsud adında adam qarşılamış oda öz növbəsində oxumadığı sənədə qol çəkdirmişdir. Sonradan ona vəkil sorğusu ilə sənədləri aldıqdan sonra məlum olmuşdur ki, adına etibarnamə alıb onu ƏMDKY DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci tarxidə verilmiş RX ******* saylı torpağın müvəqqəti istfadə hüququna dair şəhadətnaməyə əsasən müvəqqəti istifadəsində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 1.10 hektar torpaq sahəsi üzərində yerləşən fermanı və torpaq sahəsini “Torpaq sahəsindən müvəqqəti istifadə hüquqnun alqı-satqı müqaviləsinə əsasən Məcidov Azadın adına 1000 manat məbləğində xx.xx.2063-cü ilə qədər müvəqqəti satmışdır. Cavabdeh bundan sonra 19 noyabr 2018-ci il tarixdə ******* saylı çıxarış alaraq torpağını öz adına sənədləşdirmişdir. Faktiki olaraq ona məxsus 1.10 ha kənd təsəərəfatlı torpaq sahəsi sonradan Qusar rayonu Notariat Kontorunun 15 yanvar 2020-ci il tarixli, 3m-28 reyestr nömrəli icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən X3 adına özgənkiləşdirilmişdir. Qeyd etmişdir ki, halhazırda 1.10 ha torpaq sahəsi və üzərində yerləşən ferma onun istifadəsindədir və o, orada təsərrüfatla məşğuldur. Onun bundan xəbəri olmamışdır. Onun notariusa yoldaşı ilə birgə getməkdə məqsədi torpaq sahəsini ipotekaya qoyub 36000 manat pul Əsədov Azaddan götürmək olub ki, işləyi, pul qazanısın və Azada olan ziyanını ödəsin. Bağlanmış alqı-satqı müqaviləsindən də müəyyən unur ki, real qiyməti 200.000 min manat olan üzərində ferması olan torpaq sahəsini o, 1000 manata icarəyə verə bilmər. Bu absurd bir məslədir və aldadılmışdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-735/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən müvəqqəti istifadə hüququndan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(067)-735/2021 saylı mülki işlə iddiaçı X3 cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair 2(067)-457/2021 saylı mülki iş bir icraatda birləşdirilmiş və mülki işin nömrəsi 2(067)- 735/2021 kimi saxlanılmışdır. Hal-hazırda mülki iş 2(067)-1105/2022 saylı nömrə altında baxılır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi atası X4 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə ikinci iddia üzrə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən müvəqqəti istifadə hüququndan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını qəbul etməyərək, birinci iddia üzrə iddiaçı X3 cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasını müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayonunun Köhnə Xudat kəndində yerləşən 1,10 ha torpaq sahəsi icarə hüququ əsasında X7 məxsus olub. O, icarə hüququnu Qusar rayon Notariat kontorunda bağlanılmış xx.xx.2020-ci il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satın alıb. X3 həmin torpaq sahəsinə icarə hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınıb. İddiaçı həmin torpaq sahəsini özbaşına zəbt edərək, oradan istifadə edir. Dəfələrlə İddiaçı torpaq sahəsindən çıxması tələb olunsa da, o, torpaq sahəsindən çıxmaqdan imtina edir və bunu onunla əsaslandırır ki, əvvəllər həmin torpaq sahəsinə icarə hüququ ona məxsus olub. Lakin bu tamamilə absurddur. O, torpaq sahəsindən çıxmamaqla orada tikililərə də ziyan vurur, hətta kənar şəxslərin də həmin torpaqdan istifadə etmələrinə şərait yaradır. xx.xx.2021-ci il tarixdə X8 vəfat etmişdir. Hazırda təmsil etdiyi şəxs, yəni X3 atası X4 oğlunun hüquqi varisi kimi həmin torpaq sahəsindən istifadə edə bilmir. Bunu İddiaçı özü də etiraf edir. Belə ki, o, iddia ərizəsində qeyd edir ki, hal-hazırda 1,10 ha torpaq sahəsi və üzərində yerləşən ferma onun istifadəsindədir və o, orada təsərrüfatla məşğuldur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən müvəqqəti istifadə hüququndan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsini, iddiaçı X3 cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının isə təmin edilməsini xahiş edir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq sahəsindən müvəqqəti istifadə hüququnun alqı-satqısı müqaviləsinin və onun yaratdığı hüquqi nəticələrin ləğvi üçün heç bir əsas yoxdur. İddiaçı bununla bağlı iddiasını əsaslandırmayıb və onun dəlilləri fərziyyələrə əsaslanır. Reallıqda isə İddiaçı öz iradə ifadəsini həyata keçirərək xx.xx.2018ci il tarixli müqavilə ilə Xaçmaz rayonunun Köhnə Xudat kəndində yerləşən 1,10 ha torpaq sahəsinin icarə hüquqlarını Cavabdeh satıb və sonuncunun icarə hüququ RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınıb. Daha sonra xx.xx.2020-ci il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Xaçmaz rayonunun Köhnə Xudat kəndində yerləşən 1,10 ha torpaq sahəsinin icarə hüquqlarını X1 və Azad Əsədovun həmin torpaq sahəsinə icarə hüququ xx.xx.2020ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınıb. Birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə İddiaçı və ikinci iddia üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İkinci iddia üzrə Cavabdeh işə onun iştirakı olmadan baxılmasına dair məhkəməyə teleqram göndərmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə İddiaçı və ikinci iddia üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 hüquqi varisi X2 nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, birinci iddia, yəni X3 cavabdeh İddiaçı qarşı olan iddia tələbi əsaslı hesab olunduğundan təmin olunmalı, ikinci iddia isə, yəni İddiaçı Cavabdeh qarşı olan iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından müəyyən olunur ki, X5 hüquqi yüklülüyündə olan Xaçmaz rayonunun Köhnə Xudat kəndində yerləşən 1,10 ha torpaq sahəsinin icarə hüquqları xx.xx.2018-ci il tarixli torpaq sahəsindən müvəqqəti istifadə hüququnun alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan 3M-564 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair bağlanmış alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayonunun Köhnə Xudat kəndində yerləşən 1,10 ha torpaq sahəsinin icarə hüquqlarını X1 və Azad Əsədovun həmin torpaq sahəsinə icarə hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınıb. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, ikinci iddia üzrə İddiaçı iddia tələbinin əsaslandırılmasına dair gətirdiyi dəlillər həm inandırıcı, həm də ki həqiqətəuyğun deyil. Belə ki, İddiaçı bildirir ki, oxumadığı sənədi imzaladığını və sonradan imzaladığı sənədin etibarnamə olmasını öyrənmişdir. Lakin iddia ərizəsində fermanın Cavabdeh adına keçirib əvəzində borc olaraq Azad tərəfindən ona 36000 manat pul verilməsi təklifi ilə imzaladığını və yoldaşı ilə birlikdə Quba rayonu Asan Xidmətə getdiyini göstərməklə o, faktiki olaraq iddia ərizəsi ilə onun Quba rayonu Asan Xidmətə getməyində məqsədi adı gedən torpaq sahəsi üzərində olan icarə hüququnu cavabdehə satmaq və əvəzində 36000 manat borc pul almaq olmasını və bu məqsədlə, yəni adı gedən topaq sahəsi üzərində olan istifadə hüququnun cavabdehə satılması məqsədilə Maqsud adlı şəxsə etibarnamə verməsini təsdiq edir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Quba rayonu Asan Xidmətə gedəndə artıq bunu əvvəlcədən bilirmiş və öz razılığı və istəyilə həmin etibarnaməni imzalamışdır. Digər tərəfdən, etibarnamə hər hansı bir şəxs tərəfindən deyil, məhz notariat kontorunun işçisi tərəfindən tərtib edilir və etibar edən şəxsə imza etdirilir. Yəni, iddiaçının qeyd etdiyi kimi, həmin etibarnamə iddiaçıya Maqsud tərəfindən qol çəkdirilə bilməzdi. Bununla yanaşı, etibarnamə tərtib edilərkən etibarnamədə göstəriləcək səlahiyyətlər, həmin səlahiyyətlərin kimə verilməsi və etibarnamənin müddəti notariat kontorunun işçisi tərfindən etibar edəndən soruşulur, onlara notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələri izah edilir və ondan sonra etibar edənin dediklərinə uyğun olaraq etibarnamədə göstəriləcək səlahiyyətlər, həmin səlahiyyətlərin kimə verilməsi və etibarnamənin müddəti etibarnamədə yazılır. Notariat ofisinin işçisi etibarnaməni tərtib edərkən onun şərtlərini ancaq iddiaçıdan soruşduqdan sonra ora yaza bilərdi. Yəni, iddiaçının oxumadığı sənədə və Maqsud adlı şəxs tərəfindən ona qol çəkdirilməsi ilə bağlı arqumentləri əsassızdır və həqiqətə uyğun deyil. Odur ki, İddiaçı imzaladığı sənədin məhz etibarnamə olduğunu və həmin etibarnamə üzrə Maqsud adlı şəxsə adı gedən torpaq sahəsinə dair istifadə hüququnun cavabdehə satılması üçün səlahiyyətlərin verildiyini əvvəlcədən bilməsi güman edilir. Beləliklə də, məhkəmə hesab edir ki, birinci iddia, yəni X3 iddiası əsaslı hesab olunaraq təmin olunmalı, ikinci iddia isə, yəni İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. X7 məxsus Xaçmaz rayonunun Köhnə Xudat kəndində yerləşən 1,10 ha torpaq sahəsi İddiaçı tərəfindən boşaldılmalı və İddiaçı həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: X3 İddiaçı qarşı olan iddia tələbi təmin edilsin. X7 icarə hüququ əsasında məxsus olan Xaçmaz rayonunun Köhnə Xudat kəndində yerləşən 1,10 ha torpaq sahəsi İddiaçı tərəfindən boşaldılsın və İddiaçı həmin torpaq sahəsindən çıxarılsın. İddiaçı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar