Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1168/2022 29.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 200 manat aliment məbləğinin azaldılaraq hər ay 150 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, İddiaçı 24 avqust 2017-ci il tarixdə cavbadeh Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 anadan olmuşdur. Bir müddət mehriban yaşasaq da sonradan münasibətləri pozulmuş və aralarındakı nikaha xitam verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1371/2020 saylı mülki iş üzrə 03 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tələbinə” dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı hər ay 200 manat sabit pul şəklində aliment və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh ilk dəfə iddia qaldırdığı zaman guya onun aylıq əmək haqqının 540 manat təşkil etdiyini bildirmişdir. Bu tamamilə uydurmadır. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanlığından verilən arayışa əsasən onun aylıq əmək haqqım 496 manat təşkil edir. Hazırda yenidən ailə qurmaq ərəfəsindədir. Hazırki iş üzrə cavabdeh ona qarşı əsassız iddia qaldıraraq ondan qızıl-zinət və digər əşyaların əvəzi olaraq pul tələb etmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-112/2021 saylı mülki iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 750 əyarlı, çəkisi 4.5 qram olan damla sırğası və ya onun dəyəri olan 405 manat pul və 1 ədəd “DELL” markalı noutbook və ya onun dəyəri olan 855 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, eləcə də 30 manat dövlət rüsumunun və 100 manat ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pulun tutulması qət edilmişdir. Yuxarıda qeyd olunduğu kimi ona qarşı açıq-aşkar haqsızlıq olmuş, əldə heç bir sübut, əsas olmadan barəsində qeyd olunan məhkəmə aktı qəbul edilmişdir. Həmin qətnamənin icrası ilə bağlı olaraq hazırda əmək haqqının müəyyən hissəsi tutulur. Bununla yanaşı hər ay 200 manat da aliment ilə bağlı tutulur. Yuxarıda qeyd etdiyi kimi ailə qurmaq ərəfəsindədir, lakin aldığı maaşın böyük hissəsi qeyd olunan məsələlər ilə bağlı olaraq tutulur. Övladını saxlamaq onun borcu və vəzifəsidir, bu vəzifədən boyun qaçırmır. Lakin maddi cəhətdən cəhətdən sarsıdır və problemlər yaradır. Alimentin azaldılması ilə bağlı qanunvericiliyin tələblərinə uyğğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh mediatorun çağırışlarına məhəl qoymayaraq imtina etmişdir. Övladını sevir və onun problemlərini həll etmək onun əsas atalıq vəzifəsidir. Lakin hazırki aliment məbləğini ödəməkdə qeyd olunan məsələlər ilə bağlı olaraq ödəməkdə çətinlik çəkir. Artıq müəyyən qədər başqa şəxslərə borcu yaranmışdır. Hesab edir ki, qeyd olunanlar məhkəmə tərəfindən nəzərə alınacaq və ədalətli məhkəmə qərarı çıxarılacaqdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 1371/2020 saylı qətnaməsi ilə cavabdehin ona qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, ondan 200 manat sabit məbləğdə alimentin və uşağın 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin alınaraq cavabdehə verilməsi qət edilib. O, yeni ailə qurmaq istəyir, aylıq əmək haqqısı 540 manatdır. Ona görə istəyir ki, uşağın saxlanılması üçün tutulan 200 manat alimentin məbləği azaldılaraq 150 manat müəyyən olunsun. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1371/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1371/2020 saylı qətnaməsi ilə iddiaçıya qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, ondan 200 manat sabit məbləğdə alimentin və uşağın 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilib. İddiaçı bildirir ki, yeni ailə qurmaq istəyir, elə o da yeni ailə qura bilər, amma uşağına görə bunu etmir. O kirayə evdə yaşayır, valideynlərinin köməkliyi yaşayır, qazanc yeri yoxdur, uşağı da xəstədir, həmçinin minimum aliment məbləği 193 manat müəyyən edildiyindən, alimentin məbləğinin azaldılmasına etiraz edir. İddiaçı ötən müddət ərzində uşaqla maraqlanmayıb. Onun qazanc yeri yoxdur. Ayda 200 manat kirayə haqqı ödəyir. Bunun üçün ona atası köməklik göstərir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1371/2020 saylı mülki iş üzrə 03 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment tələbinə” dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı hər ay 200 manat sabit pul şəklində aliment və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması, yəni aliment məbləğinin azaldılması iddiaçının hüquqlarının pozulmasına, onun həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olaraq aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddəsinin məzmunundan göründüyü kimi iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçı aliment borcunun onun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini və ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etdiyi halda iddia əsaslı hesab edilə bilər. Lakin, iddiaçı qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1168/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1168/2022
29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver