Məhkəmə qərarları › İş №2(067)-1187/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1187/2024

19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1187/2024 19.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində aliment tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı uşaqları- 08 avqust 2018-ci il təvəllüdlü X4 və 22 noyabr 2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 15 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 235 manat olmaqla cəmi 470 manat miqdarında alimentin və mediasiya prosesi üçün ödədiyi 60 manat pulun tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiacı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 31 avqust 2017-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 08 avqust 2018-ci ildə Dəniz və 22 noyabr 2019-cu ildə Kərəm adlı iki nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş və artıq 10 aya yaxındır ki, onlar faktiki olaraq ayrılmışlar. O, azyaşlı uşaqları ilə birlikdə atasına məxsus evdə yaşayır. Keçən müddət ərzində dəfələrlə şifahi olaraq müraciət etməsinə baxmayaraq cavabdeh könüllü olaraq uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Cavabdeh uşaqların saxlanılmasına könüllü olaraq maddi köməklik göstərmədiyindən rəsmi qaydada aliment tələb etmək qərarına gəlmişdir. Alimentin ödənilməsi ilə bağlı 2024-cü ilin yanvar ayında ilkin olaraq tərəfindən cavabdehin ünvanına təklif göndərilmiş, sonra mediasiyaya müraciət etmişdir. Lakin cavabdehlə aralarında razılıq baş tutmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. O, heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı olmadığından uşaqları tək saxlamaqda çətinlik çəkir. Cavabdehin və ailə üzvlərinin maddi vəziyyəti ondan üstün olmaqla yaşayış evləri, fərdi təsərrüfatları və hər cür imkanları vardır. Ona görə də iddiasının təmin edilməsini, cavabdehdən uşaqların saxlanılması üçün mümkün qədər daha yüksək həddə aliment tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 31 avqust 2017-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 08 avqust 2018-ci ildə Dəniz və 22 noyabr 2019-cu ildə Kərəm adlı iki nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş və iddiaçının dediyi kimi 10 aya yaxındır ki, faktiki olaraq ayrılmışlar. İddiaçı uşaqları ilə birlikdə atasına məxsus evdə yaşayır. Keçən müddət ərzində dəfələrlə iddiaçının yaşadığı ünvana gedərək uşaqları ilə görüşmək, müəyyən maddi köməkliklər etmək istəsə də iddiaçı və ailə üzvləri buna imkan verməmişlər. Bu səbəbdən məhkəmədə iddiaçıya qarşı uşaqlarla ünsiyyət hüququnun müəyyən edilməsi ilə bağlı iddia qaldırmışdır. O, bir valideyn, bir ata olaraq uşaqların saxlanılmaları üçün maddi köməklik göstərməkdən yayınmır. Sadəcə olaraq onun iddiaçının hazırda tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur. Belə ki, o, ümumi xəstəlikdən üçüncü dərəcəli əlil olmaqla ayda cəmi 150 manat təqaüd alır, bundan əlavə onkoloji xəstə olmaqla xəstəxanada qeydiyyatdadır. 3 aydan bir atasının maddi köməkliyi ilə ona bu xəstəliyi ilə bağlı xüsusi dərmanlar verilməklə müalicə təyin edilir. Səhhəti ilə bağlı ağır fiziki qüvvə tələb edən işlərdə işləyə bilmir. Buna baxmayaraq yenə də imkanı daxilində hər ay uşaqları üçün müəyyən məbləğlərdə maddi köməkliyini əsirgəməyəcəkdir. Ona görə də aliment təyin edilərkən hazırki maddi vəziyyətinin və səhhətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/Q-682/69 nömrəli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh 31 avqust 2017-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan 24 avqust 2018-ci il tarixli, AZ-İV seriyalı, 172738 nömrəli və 04 dekabr 2019-cu il tarixli, AZ-İV seriyalı, 361924 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 08 avqust 2018-ci ildə Dəniz və 22 noyabr 2019-cu ildə Kərəm adlı iki nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifdən və poçt xəbərnaməsindən görünür ki, İddiaçı tərəfindən 15 yanvar 2024-cü il tarixdə Cavabdeh aliment tələbi ilə bağlı rəsmi təklif göndərilmiş və həmin təklif cavabdehin ünvanına poçt vasitəsilə rəsmi qaydada çatdırılmışdır. İş materiallarında olan mediasiya üçün müraciətdən görünür ki, İddiaçı aliment mübahisəsi ilə bağlı ilkin olaraq 26 yanvar 2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq cəmi 60 manat rüsum ödəmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 020165 nömrəli vəsiqənin surətindən və Cavabdeh gəlir məlumatları barədə Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ümumi xəstəlikdən İİİ dərəcəli əlil olmaqla 150 manat pensiya alır. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Onkoloji Xəstəxanasının 09 yanvar 2024-cü il tarixli, 003 saylı arayışdan və Ambulator Kartdan görünür ki, Cavabdeh həqiqətən onkoloji xəstə olmaqla xx.xx.2022-ci il tarixdən “S-vari bağırsağın xəstəliyi T4N0M0“ diaqnozu ilə Gəncə şəhər Onkoloji Xəstəxanasında qeydiyyatdadır. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 31 avqust 2017-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 08 avqust 2018-ci ildə Dəniz və 22 noyabr 2019-cu ildə Kərəm adlı iki nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan 10 aydır ki, faktiki olaraq ayrılmışlar və ayrıldıqları vaxtdan iddiaçı uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh uşaqların saxlanılması üçün könüllü olaraq maddi köməklik göstərmədiyindən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edənədək uşaqların saxlanılması üçün alimentin ödənilməsi ilə bağlı şifahi qaydada cavabdehlə danışıqlar aparmış, 2024-cü ilin yanvar ayında mediasiya prosesinin tətbiqi barədə cavabdehə rəsmi qaydada təklif göndərmiş, lakin cavabdeh 2024-cü ilin yanvar ayının 15-də təklifi rəsmi qaydada almasına baxmayaraq könüllü olaraq aliment ödənişi etməkdən yayındığından iddiaçı ilkin olaraq Mediasiyaya, mediasiyada razılıq baş tutmadığından məhkəməyə müraciət etməli olmuşdur. Beləliklə, bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 08 avqust 2018-ci il təvəllüdlü X4 və 22 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 15 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 manat olmaqla cəmi 300 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Əlavə olaraq cavabdehdən iddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq ödənilmiş 60 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan 56 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 08 avqust 2018-ci il təvəllüdlü X4 və 22 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 15 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay sabit pul məbləğində hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh İddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq ödənilmiş 60 manat alınaraq İddiaçı və iddiaçının azad edildiyi, aliment iddiasına görə müəyyən olunmuş 56 manat dövlət rüsumu alınaraq dövlət nəfinə verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar