Məhkəmə qərarları › İş №2(067)-1196/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1196/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1196/2024 18.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, 1948-ci il təvəllüdlüdür. Ağır xəstədir, çətin və ağır şəraitdə yaşayır. Cavabdehə dəfələrlə az miqdarda pul və yaxud ərzaq almasını xahiş etsə də, rədd etmişdir. Yavan şörək almağa belə pul verməmişdir və onu qovmuşdur. Cavabdehin yaxşı imkanı var, xaricdən maşınlar gətirib satır, bizneslə məşğul oplur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 3 övladı var. Onlardan kiçik övladı onun yanında yaşayır, o biri ondan ayrı yaşayır. O, cavabdehdən aliment tələb edir. Ona görə ki, ona baxmışdır, hərbi xidmətə gedərkən ona köməklik etmişdir, onu oxutmuş, işə qoymuşdur. Həyat yoldaşı pul göndərmiş, həmin pul ilə torpaq sahəsi almişlar və orada kafe tikmişlər. Sonradan cavabdeh kafeni satmış, amma demişdir ki, kafe yanıb. Ondan ayrı yaşayan övladı bayram günlərində ona baxır. O, kasıbdır. Onun yanında qalan övladı işləmir. Ayda 363 manat pensiya alır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ailəlidir. 2 övladı var, onlar da ailə qurmuşlar. Arvadı işləyir, ayda 420 manat əmək haqq alır, onunla dolanırlar. Özü işləmir və heç bir işlə məşğul olmur. İş üçün bir neçə dəfə Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət etmiş, ixtisasca müəllimdir, bu yaxınlarda məktəblərin birində təsərrüfat işləri üzrə müdir müavini işinə düzəlməlidir, bunun üçün imtahanlara hazırlaşır. Anasına və kiçik qardaşına köməklik etmişdir. Bu ilin yanvar ayınadək anama kömək etmiş, yanvarda bilmişdir ki, anası onu məhkəməyə verib. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, iş materiallarını nəzərdən keçirərək, habelə yaradılmış “Elektron məhkəmə” İnformasiya Sisteminin geniş imkanlarından istifadə edərək belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, cavabdehin gəlirlərin yoxdur, iddiaçı isə 363 manat pensiya alır. İddiaçının 3 övladlarından yalnız birindən aliment tələb etməsi də ona dəlalət edir ki, iddiaçıların real maddi köməyə ehtiyacı yoxdur, burada yalnız tərəflər arasında olan şəxsi ədavətlər mövcuddur. Onu da qeyd etmək lazımdır ki, 3 övladdan biri iddiaçı ilə birlikdə yaşayır. Məhkəmənin fikrincə hazırki iddia üzrə İddiaçı Cavabdeh hər hansı bir məbləğdə aliment tələb etməsi reallığa uyğun deyil və yalnız “prinsipial” xarakter daşıyır. Bundan əlavə, iddiaçı özünü əmək qabiliyyəti olmayan kimi qələmə versə də, buna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində göstərildiyi kimi, “maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlər” hesab oluna bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması,cavabdehin hüquqlarının pozulmasına səbəb olacaq. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalanmış normalara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar