Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1242/2023 07.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X13, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlə birgə nikahlarından olan xx.xx.2014-cü təvəllüdlü X5 yaşayış yerinin onun yanında olmasını müəyyən etməklə himayəsinə verilməsi və onu Xaçmaz rayon məhkəməsinin 2(067)-979 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsində övladlarına münasibətdə olan hər ay cəmi 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilən 200 manat məbləğində alimenti ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü təvəllüdlü X12 anadan olmuşdur. Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən nikah pozulduqdan sonra uşaqları cavabdehin himayəsində qalmışdır. Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit məbləğdə alimentin cavabdehə ödəməyi barədə qətnamə vardır. Övladı xx.xx.2014-cü il təvəllüdlü X12 xx.xx.2019-cu il tarixdən hazıra kimi onun himayəsindədir və onun gündəlik qayğıları ilə şəxsən özü məşğul olur. Uşaq anasının yanında qalmaq istəmir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, 2011-ci ildə cavabdehlə evlənmişlər. 2 uşaqları var. xx.xx.2019-cu ildə boşanmışlar. Qətnamə ilə uşaqlar ananın yanında saxlanılıb. Amma həmin vaxtdan bu günədək oğlu Nihad onunla qalır, qızı Aylin isə anası ilə qalır. Dəfələrlə Nihadı görüşdürmək istəmiş, anası görüşmək istəməmişdir, həm də 4 ildir o qızını görə bilmir. Bununla bağlı qəyyumluğa müraciət etsə də, məhkəmədə iddia qaldırmamışdır. Qızı üçün bu günədək aliment ödəyir. Əsas alimentin ləğv edilməsini istəyir. İş üzrə cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-979/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, X9 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2014-cü təvəllüdlü X12 anaları X2 himayəsinə verilmişdir. xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 22 fevral 2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində sabit aliment alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Yergüc kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 161 nömrəli arayışından müəyyən olunur ki, X12 həqiqətən də xx.xx.2019-cu il tarixdən atasının himayəsində Xaçmaz rayonunun Üçgünqışlaq kəndində yaşayır. İş materiallarında olan Xaçmaz rayon Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, xx.xx.2014-cü təvəllüdlü X6 atası İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir. Qeyd olunan rəyə əlavə olunmuş ərizədən də müəyyən olunur ki, X12 atası ilə qalmaq istədiyini bildirmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 11/187 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2014-cü təvəllüdlü X6 halhazırda atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı üzə çıxmır. Valideynləri və digər yaxın qohumları arasındakı qarçılıqlı münasibətlərdə mövcud olan gərginlik, bacısı ilə uzun müddət ünsiyyətinin olmaması xx.xx.2014-cü il təvəllüdlü X6 emosional-iradi sferasına sirayət etmişdir. Boşanmadan sonra uşağın hansı valideynin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2.-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə uyğun olaraq, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onlarıın rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə, eləcə də X11 bir sıra Konvensiyalarına və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Uşaq hüquqları haqqında” Qanun) 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli Qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 11-ci fəslində ailədə uşaqların hüquqlarından bəhs olunur. Həmin fəsildə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququndan, uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququndan, uşağın öz fikrini bildirmək hüququndan, uşağın əmlak hüquqlarından və s. bəhs olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəlləinin 109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Konstitusiya Məhkəməsinin Qərarına əsasən Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Qeyd olunan Plenumun Qərarında göstərildiyi kimi Ailə Məcəlləsinin 112.1-ci maddəsində əks olunan “ailə vəziyyəti” anlayışına şərh verilərək göstərilir ki, tərəfin yenidən ailə qurub qurmaması, yeni ailədə uşaqların olub-olmamasına diqqət yetirilməlidir. İş materiallarından da göründüyü kimi, İddiaçı məhkəmə qətnaməsindən sonra azyaşlı övladı Nihat Məhərrəmov faktiki olaraq onun himayəsində qalmış və hazırda da onun yanındadır. Bu hal, ekspert rəyi və komissiya rəyi ilə təsdiq olunur. X19 göstərildiyi kimi, Ailə Məcəlləsinin normasına uyğun olaraq iddiaçının ailə vəziyyətinin dəyişməsi faktı təsdiq olunur. Bundan başqa, alimentdən azad etmə ilə bağlı işlərə baxarkən X20 Məcəlləsinə uyğun olaraq tərəflərin diqqətəlayıq digər halların da araşdırılması tələb olunur. Qeyd olunan işdə məhkəmə hesab edir ki, uşağın öz istəyi ilə atalarının yanında yaşaması, bundan sonra da onunla qalmaq istədiyini, habelə mənəvi olaraq atasını daha çox istəməsi diqqətəlayıq hal kimi nəzərə almaq məqsədəmüvafiqdir. Lakin, iddiaçının ikinci övladı Aylinə münasibətdə aliment ödəməkdən azad olunmasının heç bir hüquqi əsası olmadığından, iddia tələbi bu hissədə təmin oluna bilməz. Aylin Məhərrəmova nikahın pozulmasından sonra, anasının himayəsinə verilmiş və qanuni qüvvəsini alan məhkəmə qətnaməsi ilə İddiaçı yetkinlik yaşına çatmayan Aylinə görə, Cavabdeh aylıq aliment pul ödənilir. Aylin Məhərrəmova hazırda da, anasının yanında qaldığından, ona görə təyin edilmiş aliment məbləğinin ləğv edilməsinə heç bir əsas yoxdur. Beləliklə də, məhkəmə iş materiallarında əsasən və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olan uşağı- xx.xx.2014-cu il təvəllüdlü İddiaçı atası İddiaçı yanında qalması və İddiaçı qətnamə qəbul edildiyi gündən aliment ödəməkdən azad edilməsi məqsədəuyğundur. İddia tələbi qalan hissədə əsassız olduğundan, həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə Ekspertiza tədqiqatının dəyəri olan 80 manat pul Cavabdeh alınaraq X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba köçürülməlidir. İddiaçı iş üzrə ödədiyi dövlət rüsumu və mediasiya xərci cavabdehdən tələb etmədiyindən, AR MPM-nin 119.4-cü maddəsinə əsasən, həmin xərclər özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia qismən təmin edilsin. xx.xx.2014-cü təvəllüdlü X6 (hazırda) yaşayış yeri atası İddiaçı yanında olması müəyyən edilməklə onun himayəsinə verilsin. İddiaçı Xaçmaz rayon məhkəməsinin 2(067)-979/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2014-cü təvəllüdlü X1 üçün müəyyən edilmiş alimenti bu qətnamə qəbul edildiyi gündən ödəməkdən azad edilsin. İddia tələbi xx.xx.2012-ci il təvəllüdlü X7 münasibətdə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 80 manat pul Cavabdeh alınaraq X8, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1242/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1242/2023
07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver