Məhkəmə qərarları › İş №2(067)-1340/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1340/2024

10.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1340/2024 10.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh uşağı xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 1000 (bir min) manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 27 oktyabr 2022ci il tarixli, 2(067)-2753/2022 №-li qətnaməsinə əsasən rəsmi nikahları ləğv edilmiş və himayəsində olan azyaşlı xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda cavabdeh ilə birgə nikahdan olan azyaşlı uşaq onun himayəsindədir. Cavabdeh hazırda "xxxx" MMC-də baş mühasib işləyir. Onun MMC ilə bağladığı əmək müqaviləsində əmək haqqısı az miqdarda göstərilmişdir. Bu səbəbdən əmək haqqısının ¼ hissəsi uşağın ehtiyaclarını ödəmir. Lakin əslində cavabdehin işlədiyi MMC-dən əldə etdiyi qəlir bonuslar şəklində əmək müqaviləsindən kənar ona ödənilir. Hazırda onun aylıq qəlirləri 5000 manat həçmindədir. Göründüyü kimi cavabdehin qəlirləri kifayət qədər yuxarı məbləğlərdədir və qeyri müntəzəmdir. Ona görə də uşağın saxlanılması üçün cavabdehdən sabit məbləğində alimentin tutulmasını istəyir. Hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay 1000 manat aliment tutulsa uşağın ehtiyaclarını müəyyən qədər ödəyə bilər. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz ayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixdə, 2(067)- 2753/2022 №-li qətnaməsinə əsasən himayəsində olan azyaşlı xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulan alimentin dəyişdirilərək hər ay sabit pul məbləğində 1000 manat miqdarında olmaqla ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, uşağın 15 yaşı var. Cavabdeh ata olaraq maddi və mənəvi köməklik göstərməmişdir. Onlar boşanmışlar. Amma uşağı saxlamaq hər ikisinin borcudur. Uşağı repetitorların yanına aparır, dəfələrlə müalicə etdirmiş, bütün bunlar üçün vəsait lazımdır. Cavabdeh dəfələrlə aliment ödəməkdən yayınıb, iş yerini dəyişib. Ona görə sabit məbləğdə aliment tələb etməli olmuşdur. Cavabdehin aliment borcu yığılmış, sonra həmin borcu ödəmişdir. Bundan sonra cavabdeh dövlət işinə qəbul olunmuş, ondan aliment tutulmasına dair məhkəməyə müraciət etmiş, qətnamə çıxan kimi cavabdeh özü mühasib olduğu üçün aldığı əmək haqqının məbləğini 700 manatadək endirmişdir. Özü Quba ASAN Xidmətdə işləyir, səhər saat 9-dan axşam saat 18-dək işdə olur, sonra da gəlib uşağı ilə məşğul olur, onun dərslərinə köməklik edir. Ayda 850 manat əmək haqqı alır. Cavabdeh kişi olduğu üçün isə ikinci işdə də işləyə bilər. Hazırda cavabdehin qazancının ¼ hissəsi miqdarında, yəni 175 manat aliment alır. Qızı əlavə məşğələlərə 4 müəllim yanına gedir, hər bir müəllimə 50 manatdan cəmi 200 manat pul ödəyir. Uşağın qidası, geyimi, müalicəsinə çəkilən xərclər var. Cavabdeh isə ata olaraq yanaşmır. O, hər şeyi prinsiplə edir. Cavabdehin aldığı əmək haqqının məbləğini az göstərməsi ilə bağlı Baş Prokurorun qəbulunda olmuş, lakin sonra işin dalınca düşməyə vaxtı olmamışdır. Vergilər Nazirliyinə müraciət etmiş, demişlər ki, hələ ki yoxlamaların aparılması dayandırılıb. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 2753 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)- 188\2010 saylı, xx.xx.2010-cu il saylı qətnaməsinə əsasən xx.xx.2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, cavabdeh "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir və aylıq gəliri 784 manat təşkil edir. İş materiallarında olan X2 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X2 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, müəyyən edilmiş aliment məbləğinin miqdarı dəyişdirilməli, valideynlərin ailə və maddi vəziyyəti, uşaqların mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının uşağın mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 250 manat olduğundan, iddianın qiyməti 250 manat x 12 aya=3000 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, aliment qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2753/2022 nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin tutulma üsulu dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 250 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar