Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1344/2021 19.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı Hacıyeva (Babayeva) Nəzakət Elçin qızının və Cavabdeh iştirakı ilə, iddiaçı Hacıyeva (Babayeva) Nəzakət Elçin qızının Cavabdeh qarşı alimentin nənədən tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Hacıyeva (Babayeva) Nəzakət Elçin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.07.2011-ci il təvəllüdlü X2 və 04.04.2013-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hacıyeva (Babayeva) Nəzakət Elçin qızı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh sabiq qaynanasıdır. 12.11.2010-cu ildə onun oğlu X8 ilə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahlarından 30.07.2011-ci ildə Türkan və 04.04.2013-cü ildə Məsumə adlı 2 uşaqları doğulmuşdur. Uşaqlar onun yanındadırlar. Xaçmaz Rayon Məhkəməsinin 15 may 2019-ci il tarixli 2(067)-1555/2019 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 16 aprel 2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə 12 noyabr 2010-cu ildə X8 ilə ailə qurmaqları, birgə nikahlarından 30.07.2011-ci ildə Türkan və 04.04.2013-cü ildə Məsumə adlı 2 uşaqlarının olması, uşaqların onun yanında qalması və uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində aliment kəsilməsi müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Lakin borclu X8 məhkəmə qətnaməsinə əsasən tutulmalı alimenti ödəməmişdir. Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin 30.03.2021-ci il tarixli 88042/06 saylı arayışından müəyyən olunur ki, borclu X5 bu günədək 3400 manat aliment borcu qalmışdır. Xaçmaz rayon polis şöbəsinin 25.12.2021-ci il tarixli 160-28341-1220 saylı məktubundan görünür ki, borclu X8 barəsində 15.12.2020-ci il tarixdə 780460 saylı axtarış işi açılmışdır. Uşaqları saxlamaqda çox çətinlik çəkdiyini qeyd etmişdir. Ona görə də qanuna müvafiq olaraq uşaqların saxlanılması üçün nənəsindən aliment tutulması üçün müraciət etmişdir. Cavabdeh istifadəsində torpaq sahələri, həyətlərində mal-qaraları, meyvə bağları və s. vardır, habelə o, pensiya alır. Cavabdehin öz nəvələrini saxlamaqdan ötrü qanunda nəzərədə tutulmuş qaydada alimenti ödəməyə imkanı olduğunu göstərmişdir. Ona görə də cavabdehə qarşı hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı Hacıyeva (Babayeva) Nəzakət Elçin qızı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, sabiq həyat yoldaşı sonuncu dəfə bu gün 1000 manat aliment borcundan pul ödəmişdir. Hazırda onun 2600 manat aliment borcu vardır. Özü heç yerdə işləmir. Həmçinin, cavabdehin gəlirləri barədə heç bir sübutu yoxdur. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında iddiaçının onun keçmiş gəlini olduğunu, iddiaçının uşaqlarına aliment ödəməyə maddi imkanı olmadığını bildirmişdir . Evdə 1 əlil oğlu, onun da 3 uşağı var, onlar da onun himayəsindədirlər. Uşaqlardan biri 9-cu sinifdə, o biri 6-cı sinifdə təhsil alır, birinin də 3 yaşı var, çəp gözlülüyü ilə bağlı bu yaxınlarda müalicəsinə 3000 manat pul xərcləmişdir. Torpaq sahəsini satıb, oğlunun aliment borcundan 1000 manat pulu iddiaçıya ödəmişdir, qalan borcu da ödəyəcəkdir. Amma pensiyasından iddiaçının xeyrinə alijment tutulmasına etiraz edir. Ona görə ki, 68 yaşı var, pensiyasından pul tutulsa, himayəsində olan şəxslərə baxa bilməyəcək. Onun pensiyadan başqa qazanc yeri, gəliri yoxdur. İddiaçının himayəsində olan nəvələrinə aliment ödəməyə maddi imkanı yol vermir, amma torpaq sahəsini satmışdır ki, oğlunun aliment borcunu ödəsin. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli 2(067)-1555/2019 saylı qətnaməsindən müəyyən olunur ki, 30.07.2011-ci il təvəllüdlü X2 və 04.04.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 16 aprel 2019-cu il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin cavabdeh X4 tutularaq Hacıyeva (Babayeva) Nəzakət Elçin qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon polis şöbəsinin 25.12.2021-ci il tarixli 160-28341- 1220 saylı məktubundan görünür ki, borclu X8 barəsində 15.12.2020-ci il tarixdə 780460 saylı axtarış işi açılmışdır. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin 30.03.2021-ci il tarixli 88042/06 saylı arayışından müəyyən olunur ki, borclu X5 bu günədək 3400 manat aliment borcu qalmışdır. Məhkəmə tərəflərin izahatından müəyyən etmişdir ki, sonuncu dəfə X5 aliment borcundan 1000 manat pul ödənilmişdir və onun 2600 manat aliment borcu Məhkəmə tərəflərin izahatlarından müəyyən etmişdir ki, Hacıyeva (Babayeva) Nəzakət Elçin qızı ilə X5 birgə nikahlarından anadan olmuş uşaqları - 30.07.2011-ci il təvəllüdlü X6 və 04.04.2013-ci il təvəllüdlü X7 iddiaçı Hacıyeva (Babayeva) Nəzakət Elçin qızı ilə birlikdə yaşayırlar. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması ilə bağlı razılaşma yoxdur. AM-in 56.1 və 58-ci maddələri, Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi və Uşaq Hüquqları Haqqında BMT Konvensiyasının 27-ci maddəsi də eyni mətləbdən bəhs edir. Həmin normaların tələbinə görə valideynlər öz uşaqlarının təlim-tərbiyəsinin və inkişafının təmin olunmasında bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinin tələbinə görə, valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi valideynlərin fəaliyyət qabiliyyətli, əmək qabiliyyətli olubolmamasından, habelə uşaqların öz valideynlərinin köməyinə ehtiyac duyubduymamalarından asılı deyildir. Göstərilənlərdən başqa, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Əsas qanunumuzun 34-cü maddəsinin İV hissəsinə əsasən isə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Yuxarıda şərh edilmiş AM-in 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı-ananında istinad etdiyi AM-in 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Şərh olunan maddənin məzmunundan da göründüyü kimi baba və nənənin nəvələrini saxlamaq vəzifəsinin yaranması üçün iki şərt tələb olunur. Bunlardan birincisi nəvələrinin öz valideynlərindən aliment ala bilmədkləri müəyyən olunmalı, ikinci şərt isə aliment öhdəliyinin yaranması üçün baba və nənənin nəvələrini saxlamaq üçün zəruri imkanlara malik olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinin və AM-in 75.1-ci maddəsinin tələbinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ilk növbədə valideynlərin vəzifəsidir. Aliment alan uşaqların valideynləri sağ-salamat olduqda, əmək qabiliyyətli olaraq uşaqlarının yaşayışını təmin etmək iqtidarındadırlarsa, baba və nəvədən alimentin tələb edilməsi yolverilməzidir. Hazırda öyrənilən işdən bəlli olur ki, uşaqların valideynləri sağ-salamat olmaqla əmək qabiliyyətlidirlər və belə bir vəziyyətdə babaya münasibətdə kifayət qədər daha güclü imkanlara və əmək qabiliyyətinə malik olan, biavasitə qanunla üzərinə uşaqları saxalmaq vəzifəsi qoyulmuş bir şəxsin təqaüddə olan şəxslərdən öz övladının saxlamaq üçün aliment tələb etməsi qəbuledilən sayıla bilməz. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Hacıyeva (Babayeva) Nəzakət Elçin qızının Cavabdeh qarşı alimentin nənədən tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1344/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1344/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver