Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1407/2022 16.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 noyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq, xx.xx.2014-cü il təvəllüdlü oğlu X5 himayəsinə verilməsi və cavabdehə aliment ödəməkdən onu azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 11 aprel 2017-ci il tarixli 2(067)-690/2017 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahları pozulmuşdur, birgə nikahdan 17 may 2012-ci il tarixdə anadan olmuş X7 və 01 noyabr 2014-cü il tarixdə anadan olmuş X8 cavabdehin himayəsinə verilmiş və uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan hər ay hər uşaq üçün 55 manat olmaqla iki uşaq üçün hər ay cəmi 110 manat sabit pul məbləğində aliment alınaraq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci ii tarixli 2(067)- 173/2020 nömrəli qətnaməsi ilə xx.xx.2012-ci il təvəliüflü oğlu X7 onun himayəsinə qaytarılmışdır. Hazırda cavadeh Cavabdeh yeni ailə quraraq Xırdalan qəsəbəsinə köçmüşdür. Himayəsində olan 01 noyabr 2014-cü il təvəllüdlü oğlu X5 gah özü ilə Xırdalan qəsəbəsinə aparır, gah da Sayad kəndində nənəsinin yanında saxlayır. Cavabdeh Fəqanın tərbiyəsi ilə təhsili ilə məşğul olmur. Belə ki, Fəqanın təhsil dəvamiyyəti olduqca aşağı səviyyədədir. 8 yaşında uşaq əlində qələm tuta bilmir, hərfləri tanımır, tərbiyəsi pozulmuşdur, eybəcər küçə söyüşləri öyrənmişdir. 2022-ci ilin yanvar ayında uşaqla görüş vaxti Fəqanın belə vəziyyəti bir ata kimi ona çox pis təsir etdi. Fəqanın təhsildən yayınması və tərbiyəsinin pozulması oğlunu fəlakətə doğru apardığını anlayaraq onu öz himayəsinə qaytarıİması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavadeh oğlunun tərbiyəsi ilə məşqul ola bilmir. Çünki o, özü başqalarından asılı vəziyyətdədir. O, himayəsinə qaytarılmış oğlu Rəvanın tərbiyəsi ilə ciddi məşğul olur. Odur ki, ikinci dəfə ailə qurmamışdır. Valideynləri də uşağın tərbiyəsi və təminatı ilə əlaqədar ona yaxından kömək edirlər. Odur ki, oğlu Fəqanın himayəsinə qaytarılması uşağın mənafeyinə tam uyğun olardı. Fəqan ona və valideynlərinə çox bağlıdır, həm də qardaşı ilə birlikdə yaşamaq və tərbiyə almaq onun mənafeyi üçün və onun gələcək inkişafı üçün çox müsbət hal olardı, oğlu Fəqan özü də onunla birlikdə yaşamağı arzulayır. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh və üçüncü şəxs Qəyyumluq və Himayəçilik komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2022-ci il tarixli, 1119 nömrəli rəyindən müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü oğlu X4 valideynlərindən hansının himəyəsində qalmasının məhkəmənin öhdəsinə verilməsini məqsədəuyğun hesab edir. İş materiallarında olan Abşeron rayon Qəyyumluq və Himayəçilik komissiyasının rəyindən müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında qalmasını yetkinlik yaşına çatmayanların hüquq mənafeyinə uyğun hesab edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 11/351 nömrəli ekspert rəyindən müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü oğlu X4 hazırda atası İddiaçı və anası Cavabdeh qarşı bağlılığı daha çoxdur. xx.xx.2014-cü il təvəllüdlü X4 normal psixi inkişafı baxımından hər iki valideyni ilə mütəmadi olaraq ünsiyyətdə olması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2.-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə uyğun olaraq, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onlarıın rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 2-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndinə əsasən İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. BMT-nin «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktının 10-cu maddəsinin 3-cü bəndinə əsasən bütün uşaqlara və yeniyetmələrə münasibətdə, ailə mənşəyinə və digər əlamətlərə görə heç bir ayrı-seçkilik salmadan xüsusi himayə və kömək tədbirləri görülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və sair tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1407/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1407/2022
16.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver