Məhkəmə qərarları › İş №2(067)-1417/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1417/2025

16.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1417/2025 16.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi. İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq birgə nikahdan doğulmuş övladı xx.xx.2016-cı il təvəllüdlü 1-ci qrup ağır dərəcəli müddətsiz əlil azyaşlı X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün nəzərdə tutulmuş 246 manat, yaşayış minimumu həddində, sabit pul məbləğində alimentin iddia ərizəsi məhkəməyə təqdim olunan tarixdən hesablanaraq, həmçinin 50 manat mediasiya xərcinin tam şəkildə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü ildə 36-saylı nigah şəhadətnaməsinə əsasən, dövlət qeydiyyatından keçərək rəsmi nigaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.20216-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 anadan olmuşdurlar. Cavabdehlə dövlət qeydiyyatına alınaraq aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 36 saylı nigah şəhadətnaməsi cavabdehin iddiası əsasında Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-53/2023 nömrəli qətnaməsinə əsasən etibarsız sayılmışdır. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən böyük oğlu Təyyar Allahverdiyevin ondan alınaraq iddiaçıya verilməsinə və hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-53/2023 nömrəli mülki iş üzrə qətnaməsindən narazı qalan tərəf olaraq, Xaçmaz Rayon Məhkəməsi vastəsilə cavabdeh qismində Sumqayıt Apeliyasiyya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Sumqayıt Apeliyasiyya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(105)-1302/2023-saylı mülki iş üzrə qətnaməsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)- 53/2023-nömrəli qətnaməsi qismən ləğv edilmişdir. Sumqayıt Apeliyasiyya Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(105)-1302/2023-saylı mülki iş üzrə qətnaməsinə əsasən, böyük oğlu xx.xx.2016-ci il təvəllüdlü Təyyar onun, digər kiçik oğlu xx.xx.2019-cu il təvəllüdlü Hüseyn isə anasının himayəsində saxlanmaqla, hər ay ondan tutulmalı 400 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq, hər ay üçün 100 manat təyin edilməklə, Hüseynin yetkinlik yaşına çatana kimi saxlanılması üçün həmin vəsaitin ondan alınaraq Cavabdeh xeyrinə tutulmasına dair yeni qətnamə çıxarılmışdır. Bir neçə ildir ki, cavabdehlə ayrı yaşayır. Bu neçə il ərzində cavabdeh bir dəfə də olsun oğlu Təyyarla maraqlanmamış, onun necə yaşaması necə böyüməsi cavabdehə maraqlı olmamışdır. Bir dəfə də olsun cavabdeh onun himayəsində saxlanılan azyaşlı Təyyarı görməyə təşəbbüs etməmişdir. Himayəsində saxlanılan azyaşlı Təyyar 1-ci qrup ağır dərəcəli müddətsiz əlildir. Danışmır, fikirlərini, istəklərini aydın şəkildə ifadə edə bilmir. Artıq bir neçə ildir ki, övladını rayondan Bakı şəhərinə tanınmış həkimlərin qəbullarına müayinə və müalicə məqsədilə aparıb gətirir. Digər tərəfdən azyaşlı Təyyarı həftədə üç dəfə Bakı şəhərində fəaliyyət göstərən “Parlaq” psixologiya mərkəzinə psixoloji təlim və məşqələlərə aparıb gətirir. Azyaşlı Təyyarın bu kimi xərcləri aylıq olaraq təqribən 1000-1200 manat təşkil edir. Digər tərəfdən o cavabdehin himayəsində saxlanılan azyaşlı övladı Hüseynin saxlanılması üçün hər ay cavabdehin Kapitalbank kart hesabına 250 manat aliment ödəyir. Həmin 250 manat ödənişin 100 manat olan hissəsi sabit pul məbləğində aliment, yerdə qalan 150 manat olan hissə isə cavabdehin iddia tələbinə dair Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi verdiyi tarixdən üzərinə aylar üzrə öhdəlik qaydasında düşən hissəsidir. Sumqayıt Apelyasiyya Məhkəməsinin qərarı qanuni qüvvəsini aldıqdan sonra o hər ay üzərinə düşən aliment öhtəliyini yerinə yetirmiş olsa da, cavabdeh azyaşlı övladı Hüseyni ondan gizlədir, görüşməyinə imkan vermir. Azyaşlı uşaqda öz doğma atasına (ona) qarşı pis fikirlər formalaşdırmışdır. Bu səbəbdən o iddia qaydasında Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Məhkəmədən uşaqla ünsiyyət hüququnun təmin edilməsinə dair qətnamə çıxarmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməsi xx.xx.2024-cü il tarixli 2(067)-1903/2024-saylı, uşaqla (Hüseynlə) ünsiyyət hüququnun təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Xaçmaz Rayon Məhkəməsinin uşaqla ünsiyyət hüququnun təmin edilməsinə dair qanuni qüvvəsini almış qətnaməsi olduğu halda belə cavabdeh onun uşaqla ünsiyyətinə hələdə icazə vermir. Uşaqda ona qarşı pis fikirlər formalaşdırır ki, oğlu ondan uzaqlaşsın. O, dövlət işində işləsə də aldığı aylıq məvacibin 250 manat olan hissəsini cavabdehin kart hesabına hər ayın sonu ödədiyindən və digər tərəfdən 1-ci qrup müddətsiz əlil övladı Təyyar Allahverdiyevin müayinə və müalicəsinə, həmçinin psixoloji təlimlərinə çəkdiyi xərclər aylıq gəlirindən artıq olduğundan, hər iki uşağın ehtiyac məsrəflərini qarşılamaqda çox böyük çətinliklər çəkir. Qarşılıqlı razılığa gəlmək məqsədilə mediasiya sesiyasına dəvət olunan cavabdeh həmin sesiyada iştirak etməkdən imtina etmişdir. Cavabdehin bu hərəkəti övladının saxlanılması üçün iddiaçı ilə, hər-hansısa razılığa gəlməkdən boyun qaçırararaq imtina etməsi deməkdir. Buna görə də hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən, bir uşaq onun himayəsində, digər uşaq isə cavabdehin himayəsində saxlanıldığından qanun ona tam ixtiyar verir ki, o da öz növbəsində cavabdehdən himayəsində saxlanılmış azyaşlı Təyyarın saxlanılma xərcləri üçün aylıq olaraq sabit pul məbləğində aliment tələb etsin. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehin himayəsində olan uşağı üçün aliment ödəyirsə, o, da onun himayəsində olan uşağı üçün aliment ödəməlidir. Ona görə cavabdehdən minimum əmək haqqına uyğun aliment tutulmasını xahiş edir. O, 150 manat aliment ödəyirdi, şikayət etmişlər, hazırda borclarla birlikdə 250 manat aliment ödəyir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, heç yerdə işləmir, iddiaçıya aliment ödəməyə imkanı yoxdur. Ona aliment ödəsə, özü uşağa necə baxmalıdır? İddiaçı özü könüllü olaraq demişdi ki, aliment ödəmək istəyir. Amma əgər iddiaçı alimentdən imtina etsə, onda o da, alimnetdən imtina edəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.20216-cı il təvəllüdlü X4 anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. İş materiallarında olan X6 iştirak edilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X6 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat rüsum köçürülmüşdür. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1302/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-53/2023 nömrəli qətnaməsi qismən xx.xx.2016-cı il təvəllüdlü X1 anası Cavabdeh himayəsinə verilməsi, uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulması hissəsində ləğv edilmişdir. xx.xx.2016-cı il təvəllüdlü X4 atası İddiaçı yanında saxlanılmışdır. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq İddiaçı hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. EMİS-dən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh aliment məbləğinin indeksasiya olunması ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qərarına əsasan X3 tutulan aliment məbləği indeksasiya olunaraq ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,33 misli miqdarında təyin edilmişdir. İş materiallarında olan Cavabdeh etiraz ərizəsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə oğlu Hüseyinə yetkinlik yaşına çatana kimi aylıq 100 manat təyin olunmasına baxmayaraq, o bu məsələyə müdaxilə etməmişdir. İddiaçı dəfələrlə ona yazılı məktublar göndərərək bank kartı hesabı açdırmağını tələb etmiş və alimenti həmin karta köçürəcəyini bildirmişdir. Bu məsələ ilə bağlı Ədliyyə orqanının Probasiya Şöbəsinə dəvət olunmuşdur. Əgər iddiaçının maddi imkanı olmasaydı o, qaydalara uyğun olaraq məhkəməyə əvvəlcədən müraciət edərək alimentin ləğvini tələb edə bilərdi. İddiaçının maddi vəziyyəti yaxşıdır. Dövlət qurumunda işləyir və daimi gəliri var. Üstəlik oğlu Allahverdiyev Təyyar əlillik dərəcəsinə malikdir və dövlət tərəfindən müavinət alır. İddiaçı daha əvvəl məhkəməyə müraciət edərək birdəfəlik 8011 (səkkiz min on bir) manat və aylıq 400 manat əlavə xərc tələb etmişdir. Bu iş üzrə məhkəmə prosesi yekunlaşmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Xaçmaz rayonu Hülövlü kəndində yaşayan xx.xx.2016-cı il təvəllüdlü X4 xx.xx.2024-cü tarixdə Quba rayon PNRM-da həkim psixiatrik komissiyasında olmuşdur. D-z: "Ağır dərəcəli əqli gerilik, emosiya və davranış pozuntusu, ilə "F 72.1 "Nitq inkişafının spesifik pozuntusu” F 80.0 Əlavə qulluğa və ciddi nəzarətə ehtiyacı vardır. Xaçmaz RMX-da həkim psixiatrın müşahidəsi məsləhət olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 01 yanvar 2025-ci il tarixli Sərəncamına əsasən 2025-ci ilin yanvarın 1-dən minimum əməkhaqqının məbləği 400 manat müəyyən edilmişdir. Məhkəmə işin hallarını və tərəfin maddi vəziyyətini, habelə tərəflərin birgə nikahdan iki uşağın olmasını və hər valideyndə bir uşağın olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.20216-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 132 manat müəyyən olunduğundan, iddianın qiyməti 132 manat x 12 aya=1584 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 35.84 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.20216-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay iddiaçının xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdehdən 35.84 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.20216-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh İddiaçı xeyrinə sonrakı artımları nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.33 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən 35.84 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar