Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1479/2021 26.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Abzər qızının iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 Abzər qızına qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 may 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abzər qızından nəvələri 09.07.2012-ci il təvəllüdlü X4 və 18.12.2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlərin oğlu X7 ilə 16.04.2009-cu ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 2 uşaqları olmuşdur. Xaçmaz rayon məhkəməsinin 05.03.2020-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış, X2 uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin borclu məhkəmə qətnaməsinə əsasən tutulmalı olan alimenti ödəmir. İcra və Probasiya şöbəsinin 08.04.2021-ci il tarixli qərarı ilə X7 haqqında axtarış elan edilmişdir. Bu səbəbdən də uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehlərin mülkiyyətində torpaq sahələri, həyətlərində toyuq-cücələri, meyvə bağları və sair vardır. Hər ikisi pensiya alır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməyərək göstərmişlər ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən oğlu ilə iddiaçı arasında olan nikah pozulmuş, uşaqlar iddiaçının himayəsində saxlanılmış, oğlu X2 uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit məbləğdə alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş üzrə məhkəmə qətnaməsi mövcuddur və icra edilməsi üçün icraya göndərilmişdir. Həmin qətnamə üzrə onlar oğlu ilə birlikdə aliment üzrə borcdan 1000 manat pul ödəmişlər. Oğlanları uşaqlarına baxmış, onlara laqeyd bir insan olmamışdır. Hazırda pandemiya ilə əlaqədar iş yerlərinin bağlanması nəticəsində işsiz qalmışdır. Hansı ki, yenidən iş tapmağa çalışır. İşə düzələn kimi aliment borcunu ödəyəcəkdir. Onlar özləri də xəstədirlər, o-Cavabdeh2 2 ağır formada insulitdən asılı şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Halbuki onun aylıq pensiyası heç dolanmasına və müalicəsinə çatmır. O – Cavabdeh1 isə astma xəstəsidir, aylıq müalicə alır. Əlavə olaraq bildirmişlər ki, qətnamə üzrə icra tədbirləri davam etdirilir, yəni bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması, təkrar məhkəmə qətnaməsinin çıxarılmasına ziddir. Eyni zamanda nənə və baba kimi onlar da nəvələrinə baxmağa köməklik edirlər. İddianın təmin olunmamasını xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(067)-667/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, X2 09.07.2012-ci il təvəllüdlü X4 və 18.12.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 30 yanvar 2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin 08.04.2021-ci il tarixli 58869/06 nömrəli arayışından müəyyən olunur ki, X3 18.10.2016-cı il tarixdən ölkə hüdudları xaricində olduğu üçün axtarışa verilmişdir. Bu günə kimi X7 400 manat aliment ödəmiş, icra sənədi üzrə 2400 manat ödənilməmiş aliment borcu vardır. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X12 25.05.2021-ci il tarixli 856 nömrəli arayışından müəyyən olunur ki, Cavabdeh2 Abzər qızı «İnsulindən asılı şəkərli diabet tip 2 ağır forma» diaqnozu ilə 2011-ci il tarixdən Xaçmaz RMX-da həkimetdokrinoloqun qeydiyyatındadır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlər təqaüdçü olmaqla heç yerdə işləmirlər, eyni zamanda cavabdehlərin zəruri vəsaitə malik olması barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa X3 aliment öhdəliyinə xitam verilməsi yaxud da aliment ödəməkdən azad edilməsinə dair iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı Cavabdeh1 və Cavabdeh2 Abzər qızına qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1479/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1479/2021
26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver