Məhkəmə qərarları › İş №2(067)-1487/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1487/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1487/2023 08.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi X4, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması barədə iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 06 yanvar 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqları ilə maraqlanmır, uşaqların saxlanması üçün ona vəsait ödəmir. Uşaqların saxlanması üçün maddi cəhətdən çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qismən qəbul edərək göstərmişdir ki, 2 uşağa cəmi 280-300 manat arası aliment ödəyə bilər. Bundan artıq ödəmək imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, tərəflərin rəsmi nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli 3-29-32/2-283/2023 saylı arayışdan müəyyən olunur ki, İddiaçı həqiqətən xx.xx.2005-ci il tarixdən Xaçmaz rayonu Yaquboba kənd ibtidai məktəbində ibtidai sinif müəllim vəzifəsində işləyir və ona 2023-cü ilin mart ayında 963.17 manat əmək haqqı ödənilmişdir. İş materiallarında olan Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli 3-29-32/2-282/2023 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh həqiqətən xx.xx.2005-ci il tarixdən Xaçmaz rayonu Düztahiroba kənd ibtidai məktəbində ibtidai sinif müəllim vəzifəsində işləyir və ona 2023-cü ilin mart ayında 945.08 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, həm iddiaçının, həm cavabdehin rəsmi iş yerləri mövcuddur və hər ikisi demək olar ki eyni məbləğdə əmək haqqı alırlar. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 aprel 2023-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 160 manat artırıldığından, iddianın qiyməti 300 manat x 12 aya= 2600 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 46 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 12 aprel 2023-cü ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşaqların mənafeyini və uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 aprel 2023-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində sabit pul şəklində aliment alınaraq Qurbanova (Əmirmətova) Zümrüd Hacırəhim qızına verilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh 46 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar