Məhkəmə qərarları › İş №2(067)-1510/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1510/2021

03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1510/2021 03.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, 10 may 2013-cü ildə anadan olmuş X1 üçün Cavabdeh Hacı oğlundan hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə rəsmi nikah bağlamaqla vətəndaş X6 oglu ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan bir uşağı vardır. Onunla 2011-ci ilin axırlarında faktiki olaraq ayrılmışlar və o vaxtdan da o, valideynlərinin evinə qayıtmışdır, İ.Əlimovla birgə nikahdan olan uşaqları atasının yanında qalmışdır. 2012-ci ilin may ayında o, cavabdehlə faktiki nikah münasibətlərinə daxil olmuş və cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüşdür. Birgə yaşayışlarından 10 may 2003-cü ildə Elmar adında uşağı dünyaya gəlmiş və cavabdehlə rəsmi nikahları olmadığı üçün o, rəsmi ərizə ilə Xaçmaz rayon qeydiyyat şöbəsinə müraciət edərək uşağa dair atalığı etiraf etmiş və Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən 14 avqust 2013-cü il tarixli A7.-1 saylı 229541 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Həmin sənəd əsasında Xaçmaz rayon qeydiyyat şöbəsi 02 sentyabr 2015-ci il tarixdə Az-İİ 1 saylı 610712 nömrəli dogıım haqqında şəhadətnamə vermişdir. Bu sənəddə övladı X2 atası kimi Cavabdeh Hacı oglu göstərilmişdir. 2021-ci ilin yanvar ayının ortalarında onlar cavabdehlə faktiki olaraq ayrılmışar. O vaxtan da o, cavabdehin evindən çıxaraq uşağı ilə birlikdə Yalama İƏD-nin Düztahir-oba kəndindəki valideynlərinə məxsus evdə yaşayır. Üç aydır ki, cavabdehlə ailə münasibətləri kəsilmişdir, bu müddət ərzində cavabdeh uşağın saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. O, özü də heç yerdə işləmir və onlar anasının aldığı pensiya hesabına dolanırlar. Maddi vəziyyəti olduqca ağırdır, uşagın minimal tələbatları ödəmək iqtidarında deyildir. Cavabdeh isə uşağı ilə ümumiyyətlə maraqlanmır. Cavabdeh 2-ci qrup əlilliyinə görə ayda 250 manatdan yuxarı pensiya alır. Bundan da əlavə cavabdehin şəxsi təsərrüfatında qoyunlar vardır. Belə olan halda hesab edir ki, uşagın saxlanılması üçün ona hər ay 120 manat aliment ödəmək iqtidarındadır. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq uşağı kiçik olduğuna görə heç yerdə işləmədiyini və cavabdehin qazancı barədə məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Hacı oğlu iddianı qəbul etməyərək, izahatında uşağını tələb etdiyini, iddiaçı kimi qadında uşaq saxlamaq istəmədiyindən iddiaçıya aliment ödəməyək istəmədiyini, İİ qrup əlil olduğunu və ayda 250 manat pensiya aldığını bildirmişdir. O, ata evində bacısı ilə birlikdə yaşayır və bacısının qoyunlarına baxır, amma buna görə bacısından pul almır. Başqa qazanc yeri yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, İş materiallarında olan AZ-İ seriyalı 207478 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 oglu ilə İddiaçı arasındakı rəsmi nikah qeydi 23.04.2015-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 610712 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı birgə yaşayışlarından 10 may 2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 229541 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 10 may 2013-cü ildə anadan olmuş X2 atası Cavabdeh müəyyən edilmişdir. İş materiallarında olan 23.04.2021-ci il tarxli arayışdan müəyyən olunur ki, İddiaçı Xaçmaz rayon Düztahir-oba kəndində qeydiyyata olmaqla həmin kənddə yaşayır və onun himayəsində 10 may 2013-cü il təvəllüdlü X4 övladı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 05.05.2021-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, 10 may 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 05.05.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 120 (yüz iyirmi) manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşağın qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia təmin edilməli və 10 may 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 05.05.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 120 (yüz iyirmi) manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. 10 may 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 05.05.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 120 (yüz iyirmi) manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar