Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1539/2020 30.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək alimentin onun qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə cavabdehlə aralarında olan nikahları pozulmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü X3 cavabdehin himaysində saxlanılmaqla uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Cavabdehlə münasibətləri pisləşdikdən sonra 2014-cü ildə Pərvanə Cəfərova ilə faktiki nikah münasibətlərinə girməklə ailə qurmuşdur. İkinci nikahdan da onun iki uşağı vardır. O, Azərbaycan Respublikası DTX-nin əməkdaşıdır, aylıq əmək haqqı 1500 manat təşkil edir. Ondan cavabdehin xeyrinə hər ay əmək haqqının (bütün gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulur. Bu da hər ay 405 manat təşkil edir ki, qalan əmək haqqının ailəsinin və uşaqlarının ehtiyaclarını ödəmir. Belə ki, özləri ailəliklə kirayədə yaşayırlar, onun başqa gəlirləri yoxdur. 2018-ci ildə valideynləri tərəfindən cavabdeh üçün Xaçmaz şəhərində 30000 manat dəyərində ev də alınıb verilmişdir. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır ki, köhnə qaydada ondan aliment tutulduqda yeni nikahdan olan uşaqlarının maraqları pozulur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-511/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında nikah qeydi pozulmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)- 3054/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Göründüyü kimi qeyd olunan maddədə ¼ hissədən aşağı həddə alimentin tutulması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1539/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1539/2020
30.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver