Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1543/2025 01.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentin «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu hesab edilən 246 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah Xaçmaz rayon Məhkəməsinin 2(067)-128/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X1 himayəsində saxlanılması və onun yetkinlik yaşınna çatana kimi 05 sentyabr 2019-cu il tarixindən başlayaraq cavabdehdən hər ay 110 manat məbləğində sabit pul şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. 2021-ci ildə müraciətinə əsasən Xaçmaz rayon Məhkəməsinin 2(067)-806/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, aliment miqdarı artırılaraq 150 manat məbləğində müəyyən edilmişdir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanunu ilə 2025-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması tələbi ilə çıxış etmiş, bu zaman əsas olaraq, ölkə üzrə yaşayış minimumunun artımına əsaslanmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarına əsasən əgər alimentin miqdarının artırılması barədə iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırkı işdə də iddia minimum əmək haqqının artımına əsaslanır və belə olan halda işə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbulundan imtina edilməli, iddiaçıya icra icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçıya aidiyyəti üzrə icra icraatı qaydasında müraciət hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-1543/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1543/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver