Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1553/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddiaərizəsi ilə müraciət edərək,ünvan 1 ünvanında yerləşən evdən cavabdehə məxsus cehiz əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahişetmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə faktiki münasibətlərdə olmuş və qısa müddət onun evində yaşamışdır. Sonradan cavabdeh valideynlərinə məxsus evdə yaşamışdır. Uzun müddətdir ki, cavabdeh atası evində yaşayır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-3150/2019 saylı qətnaməsi ilə oğlu ilə cavabdeh arasında rəsmi nikah pozulmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh atası evinə qayıtsa da özünə məxsus olan 27 adda əmlakı ona məxsus evdə saxlayır. Həmin əmlaklar taxt, tumbalar, divan, kreslolar, termo, şifoner, taxt örtüyü, tək örtük, tozsoran, jurnal stolu, uşaq çarpayısı, tül pərdə, nahar, çay sevisi, stol-stullar, qorka, sandıq, xalça-palaz, lüstr, pokrıval, ədyal, böyük güldan, balaca güldan, büllur güldan, qaşıq çemodanı, güzgü, lampa və bakal dəstindən ibarətdir. Dəfələrlə cavabdehdən əmlakları aparmasını tələb etsə də, nəticəsi olmamışdır. Cavabdehin onun evində heç bir hüququ yoxdur, lakin onun əmlakları evin bir otağını tutmuşdur. Belə olan halda o, özünə məxsus olan yaşayış evinin otaqlarından lazımi qaydada istifadə edə bilmir. Bununla əlaqədar məhkəmədə hazırkı iddianı qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ev onun xüsusi mülkiyyətindədir, cavabdehin evində qeydiyyatı yoxdur. Cavabdehin evindən istifadə hüququ yoxdur, dəfələrlə ondan iddia ərizəsində qeyd etdiyi əmlaklarını çıxarmasını xahiş etmiş, lakin o, əmlaklarını çıxarmaqdan imtina etmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, iddiaçının oğlu ilə rəsmi evlənmişdir və onun atasının evinə gəlin köçmüşdür. Cavabdehin oğlu ilə aralarındakı nikah məhkəmə qaydasında pozulsa da, əmlaklarını cavabdehin evindən çıxarmaq istəmir. Ona görə ki, onun 1 uşağı var, o, harada yaşamalıdır? İddia ərizəsində qeyd olunan əmlakların hamısı ona məxsusdur, o, iddiaçının razılığı ilə onun evinə köçmüş və əmlaklarımı da onun razılığı ilə oraya yerləşdirmişdir, lakin həmin evdə qeydiyyatı yoxdur. İddiaçının evindən istifadə etməsi ilə əlaqədar onunla notarial müqavilə bağlamamışdır. Əmlakları iddiaçının evindən çıxarmaq istəmir. Odur ki, hazırda iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 3934.21/Vİ-94 reyestr nömrəli, qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ev İddiaçı məxsusdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-3150/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X2 və Cavabdeh arasında xx xxxxxxxx 2014-cü il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində 460 nömrə ilə qeydə alınmış nikah pozulmuş, qətnamə qanuni qüvvəyə minmişdir. İşin araşdırılmış hallarından və tərəflərin izahatından cavabdehə məxsus əmlakların iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evində olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnrot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. X6 məhkəməsi «Sporrong və Lonnrotun İsveçrə qarşı» məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mülkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi, habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və X6 Məhkəməsinin presedentlərinə görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən və İddiaçı məxsus olan yaşayış evindən cavabdeh X1 əmlaklarının çıxarılması iddiaçının bilavasitə mülkiyyət hüququnun müdafiəsinə yönəlmiş tələbdir və iddiaçının tələb hüququnun əsasını qanunvericiliyin və Avropa Konvensiyasının qeyd edilən normalarının tələbləri təşkil edir. Həmçinin, mülki hüquq sahəsinin vindikasiya iddiası (əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi) və neqator iddia (mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması) institutlarının mahiyyəti də məhz qeyd edilən qanunvericilik normalarının tələblərini ehtiva etməklə, mülkiyyətçinin hüquqlarının müdafiəsinin təminatına yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh məxsus əmlaklar ünvan 1 ünvanında yerləşən və İddiaçı məxsus olan yaşayış evindən çıxarılmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus taxt, tumbalar, divan, kreslolar, termo, şifoner, taxt örtüyü, tək örtük, tozsoran, jurnal stolu, uşaq çarpayısı, tül pərdə, nahar, çay sevisi, stol-stullar, qorka, sandıq, xalça-palaz, lüstr, pokrıval, ədyal, böyük güldan, balaca güldan, büllur güldan, qaşıq çemodanı, güzgü, lampa və bakal dəstindən ibarət əmlaklar ünvan 1 ünvanında yerləşən və İddiaçı məxsus olan yaşayış evindən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1553/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1553/2020
17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver