Məhkəmə qərarları › İş №2(067)-1560/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1560/2022

07.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1560/2022 07.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü Heydərin yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul şəkilində 300 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 19 aprel 2018-ci il tarixdə Cavabdeh ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurumuşlar. Birgə nikahdan 2 uşaqları xx.xx.2019-cu il tarixdə Yaşar, xx.xx.2020-ci il tarixdə Heydər dünyaya gəlmişlər. Cavabdehlə münasibətləri pozulduğundan 3 aydır ki, ayrılmışlar. Hazırda uşaqları ilə birlikdə yuxarıda qeyd olunan ünvanda yaşayır. Uşaqlar onun himayəsindədirlər. Cavabdeh uşaqların saxlanmaları üçün ona yardım etmir. Yaşar adlı uşaq üçün aliment qət edilsədə cavabdeh alimenti vaxtı-vaxtında ödəmir. O evdar qadındır, uşaqlar himayəsindədir, komunal xərclər, qalxıb ona görə də uşağa paş-paltar və digər tələb olunan Əşyaları alımaqda çətinlik çəkir, cavabdeh Heydərin saxlanması üçün heç bir köməklik etmir, lakin cavabdehin buna hər-cür imkanı və gündəlik gəlirləri var, belə ki, o, usta işləyir onun gəlirləri var, yaşayış evi var. Onun bu vəziyyətində uşağı saxlamaq üçün ayda ondan cəmi 300 manat aliment tutulmalıdır, çünki onun qazancı qeyri- müntəzəmdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehlə xx.xx.2018-ci ildə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu ildə Yaşar və xx.xx.2020-ci ildə Heydər adlı övladları anadan olublar. Hazırda cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. O valideynlərinin evində uşaqları ilə birlikdə yaşayır. Cavabdeh uşaqların saxlanılmasında heç bir köməklik göstərmir, uşaqlarıyla maraqlanmır. Bu günə qədər uşaqlarının bütün tələbatlarını özü qarşılayır. xx.xx.2019-cu il təvəllüdlü oğlularının saxlanılması üçün məhkəmə qətnaməsi ilə cavabdehdən ayda 130 manat alimentin tutulması qət edilsə də, o həmin alimenti belə ödəmir. Ona görə də hazırkı iddianı qaldırmışdır. İddianın təmin edilməsini xahiş edir. O uşaqları azyaşlı olduğuna görə heç yerdə işləyə bilmir. Cavabdeh ustadır, amma nə qədər pul qazanır bilmir. Cavabdeh özü ona qarşı nikahın pozulmasına dair iddia qaldırıb, iş hazırda məhkəmənin icraatındadır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada sms məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ seriyalı 259125 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İş materiallarında olan AZ-İV seriyalı 349203 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan AZ-İV seriyalı 494794 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşlar. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 467/2020 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2022-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağların mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşağın qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 510 manat müəyyən olunduğundan, iddianın qiyməti 170 manat x 12 aya=2040 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 40,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 40,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 40,40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar