Məhkəmə qərarları › İş №2(067)-161/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-161/2023

03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-161/2023 03.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı nikahın pozulması və sair tələbinə dair qarşılıqlı iddiasə üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlə birgə nikahdan doğulmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 250 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2009-cu il tarixində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşlar. Uşaqlar hazırda onun yanında qalırlar. Cavabdehlə birgə yaşadıqları dövrdə aralarında tez-tez mübahisələr olub və uşaqların xətrinə, ailənin dağılmaması naminə dözmüşdür. Artıq 4 aydan çoxdur ki, ayrılmış və faktiki ər-arvad kimi yaşamırlar. Cavabdeh bu müddət ərzində ailəyə, uşaqlara baxmayıb, heç bir yardım göstərməyib. Cavabdeh bazarda dükanlara taxıl taxıl paylayanlarla işləyir və yaxşı pul qazanır. Cavabdehdən hər uşaq üçün 250 manat pul tələb edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında olan nikahın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddiasını müdafiə edir. Qarşılıqlı iddianı isə qəbul etmir. Birgə nikahından 2 övladı var. Cavabdehlə hazırda ayrı yaşayırlar. Hər uşağa 250 manat olmaqla alimentin təyin olunmasını istəyir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir, nikahları xx.xx.2023-cü ildə pozulub. O, özü fəhlə işləyir. Hər ay 200 manat pulu iddiaçının kartına köçürür. Eyni zamanda qarşılıqlı iddianın baxılmamış saxlanılmasını xahiş edir. İş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında nikah xx.xx.2009-cu ildə bağlanmışdır. Nikahdan sonra qadın Əliyeva soyadını qəbul etmişdir. İş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ilk iddia tələbi qismən əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İlk iddia qismən təmin edilsin, qarşılıqlı iddia baxılmamış saxlanılsın. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 08 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində aliment alınaraq Əliyeva (Muradova) Sevinc Atif qızına verilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar