Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1621/2020 21.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçı vəkili X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul şəklində 200 manat, cəmisi 600 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2003-cü ildə ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2004-cü ildə Nərmin, xx.xx.2006-cı ildə Aysu və xx.xx.2017-ci ildə Sənan adlı uşaqları anadan olmuşlar. Oğlu Sənan onun yanında, o biri iki uşaq isə cavabdehlə qalır. Cavabdeh uşaqlarını ona vermir. O, uşaqlarını istəyir, həm də uşaqları üçün aliment tələb edir. Dəfələrlə cavabdehdən xahiş etmişdir ki, uşaqları saxlamaq üçün ona kömək etsin, lakin cavabdeh könüllü olaraq ona heç bir kömək etmir. Ona görə məhkəmədə aliment tələbinə dair iddia qaldırmalı olmuşdur. Göstərilənlərə əsasən cavabdehdən aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq uşağı azyaşlı olduğuna görə və uşağına qulluq göstərən olmadığına görə heç yerdə işləmədiyini, cavabdehin qazancı, gəlirləri barədə məlumatının olmadığını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib bildirmişdir ki, xx.xx.2003-cü ildə iddiaçı ilə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2004-cü ildə Nərmin, xx.xx.2006-cı ildə Aysu və xx.xx.2017-ci ildə Sənan adlı uşaqları anadan olmuşlar. Oğlu Sənan iddiaçının yanında qalır, digər iki uşaq isə onunla qalırlar. İddiaçı özü uşaqları yanında qoyub getmişdir, iddiaçının yanında qalan uşaq üçün aliment ödəməyə maddi imkanı yoxdur. Çünki onun yanında da iki uşağı var və o, onların saxlanılması üçün iddiaçıdan aliment tələb etmir. Özü heç yerdə işləmir, bağı, mal-qarası, təsərrüfatı yoxdur. Ona görə də iddiaçıya onunla qalan uşaq üçün aliment ödəmək iqtidarında deyil. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qısmən təmin olunmalıdır. İş materiallarında olan AZ-İ 066108 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçı Həsənova (Babayeva) Gülnarə Şəfəq qızı və Cavabdeh xx.xx.2003-cü ildə nikaha daxil olmuşlar. Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli arayışlarından müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X8 anadan olmuşlar. AZ-İİİ 828513 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyənnaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. İşin hallarından müəyyən olunur ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X8 hazırda cavabdehlə yaşayırlar, xx.xx.2017-ci il təvəllüdlü X9 isə iddiaçı ilə qalır. Ona görə də, məhkəmə iddia tələbini xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair hissədə əsaslı hesab etmir. Məhkəmə azyaşlı xx.xx.2017-ci il təvəllüdlü X5 .mənafeyini, tərəflərin maddi vəziyyətlərini, həmçinin Yaşayış minimumu haqqında Qanunun tələblərini nəzərə alaraq hesab edir ki, iddia X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən alimentin tutulmasına dair hissədə qismən əsaslı olduğundan qismən təmin edilməli və tərəflərin birgə nikahlarından olan uşaqları - xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının azyaşlı uşağın mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2020-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Buna görə də alimentin tutulması xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin olunmalı və tərəflərin birgə nikahlarından olan uşaqları xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 15 (on beş) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin.Rüsumun qalan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1621/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1621/2020
21.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver