Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1624/2025 29.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 xeyrinə Cavabdeh hər uşaq üçün 246 manat olmaqla, cəmi 738 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 05 yanvar 2023-cü il tarixdə onunla Cavabdeh arasında olan nikahları məhkəmə qaydasında pozulmuşdur. Cavabdehlə nikahdan onların yetkinlik yaşına çatmamış üç uşaqları vardır: xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7. Cavabdeh ona müxtəlif vədlər verərək, aliment istəməməsinə nail olmuşdur. Lakin sonradan sözünün üstündə durmamış, uşaqlarına maddi yardım göstərməmişdir. Halbuki onun obyekti, gəlirləri vardır. Lakin aliment ödəməmək üçün üçüncü şəxslərin adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, tələbinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlə aralarında olan rəsmi nikah 2022-ci ildə pozulmuşdur. Birgə nikahlarından üç uşaqları vardır. Nikah pozulduqdan sonra uşaqlar onun himayəsində qalmışlar. Cavabdehdən hal-hazıra kimi aliment tələb etməmişdir. Uşaqlara tək özü baxmış, saxlamışdır. Cavabdeh uşaqlarla maraqlanmır və onların saxlanılmasında ona könüllü köməklik göstərmir. Ona görə də uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər uşağa görə, hər ay ən azı 200 manat məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə iclasında iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, cavabdeh hər ay, hər uşaq üçün 120 manat ödəmək iqtidarındadır. Bundan artıq ödəyə bilmir. Atadır, maddi imkanı gələcəkdə yaxşı olarsa, daha çox bir məbləğ ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(067)-2787/2022 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh iə cavabdeh Yusifova (Hüseynova) Mətanət Elbrus qızı arasında xx.xx.2014-cü ildə bağlanmış nikah pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X7 anası Yusifova (Hüseynova) Mətanət Elbrus qızının yanında (himayəsində) saxlanılmışlar. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı, 460627 nömrəli nikahı pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha 05 yanvar 2023-cü il tarixində xitam verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 506934 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 09 avqust 2012-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 506933 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 23 yanvar 2015-ci il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı, 684510 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 19 noyabr 2021-ci il təvəllüdlü X7 doğulmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı və Cavabdeh rəsmi gəlirləri yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 202-cü il tarixli 15 saylı qərarının 1.2.1. 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-dən 345 manat həddində müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 03 aprel 2025-ci ildə Xaçmaz rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin qismən etirafını nəzərə alaraq hesab edir ki, 03 aprel 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarında doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 09 avqust 2012-ci il təvəllüdlü X2, 23 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 noyabr 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər bir uşaq üçün 180 manat olmaqla, ümumilikdə 540 manat sabit pul şəklində aliment məbləği tutulması məqsədə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, iddianın qiyməti 540 manat x 12 ay = 6480 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 84.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və 03 aprel 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarında doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 09 avqust 2012-ci il təvəllüdlü X2, 23 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 noyabr 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər bir uşaq üçün 180 manat olmaqla, ümumilikdə 540 manat sabit pul şəklində aliment məbləği tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 aprel 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahlarında doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 09 avqust 2012-ci il təvəllüdlü X2, 23 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 noyabr 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər bir uşaq üçün 180 manat olmaqla, ümumilikdə 540 manat sabit pul şəklində aliment məbləği tutulsun. Cavabdeh 84.80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1624/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1624/2025
29.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver