Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1631/2023 04.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun təhsili üçün hər il hər ay xərclənən 550 manat pulun yarı hissəsi 275 manat pulun, habelə 55 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, valideynlərindən atası Cavabdeh ilə anası X3 16 noyabr 2002-ci ildə evlənmişlər. Xaçmaz rayon məhkəməsinin 20 iyul 2004-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Xaçmaz rayon Məhkəməsinin 23 yanvar 2009-cu il tarixli qətnaməsi ilə onun saxlanmağı üçün Cavabdeh aliment tutulması qət edilmiş, Xaçmaz rayon Məhkəməsinin 14 oktyabr 2010-cu il tarixli 2(067)-956/2010 saylı qətnaməsi ilə alimentin miqdarı artırılmışdır. Onun 18 yaşı tamam olduğuna görə cavabdehin aliment öhdəliklərinə xitam verilmişdir. O, Bakı Dövlət Universitetində əyani təhsil alır. Bakı şəhərində yaşamaq və kirayədə qalmaq çox baha başa gəldiyinə görə Sumqayıt şəhərində kirayədə qalır. Kirayə haqqı olaraq 250 manat ödəyir. Hər gün universitetə gedib-gəlir, hər gün iki marşurt dəyişmək məcburiyyətindədir. Bundan başqa dərs ləvazimatlarının alınmasına, qidalanma və geyinməyinə hər ay orta hesabla 300 manat vəsait xərcləyir. Tələb olunan vəsaitin yarı hissəsindən çoxunu anası X3 təmin edir. Digər valideyni olan cavabdeh isə onun valideyni olaraq həmin xərcin yarı hissəsini ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, cavabdehdən 200 manat aliment tələb edir. Onun qızı tələbədir, bu səbəbdən işləmir. İşləməyə vaxtı da olmur, çünki imtahanları və dərsləri var. Həmçinin kirayə qalır və xərcləri çox olur. O, tək qadındır, bütün bu xərcləri qarşılaya bilmir. Məhkəmə iclasında Cavabdehn iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, 18 yaşına kimi alimenti tam şəkildə ödəmişdir. Hazırda isə qızı 18 yaşını keçib. Onun başqa ailəsi də var və həmin evliliyindən övladları var. Maddi imkanı bu pulu vermək üçün bəs etmir. Üstəlik qızı heç onunla görüşmür. Xahiş edir ki, iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 14 oktyabr 2010-cu il tarixli 2(067)-956/2010 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin nikahından olan xx xxx 2003-cü il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 65 manat aliment tutularaq X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərqrında göstərilmişdir ki, Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyətli olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3.-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda sadalananara əsasən, məhkəmə hesab edir ki, valideynlərin nikahı pozulduqda yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyətli uşaq təhsil haqqının ödənilməsi üçün valideynə aliment tələbi irəli sürə bilməz. Qanunda valideynlərin uşaqların digər təhsil pillə və səviyyələrində təhsil almasını təmin etməyə borclu olması göstərilmir. Orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunda nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. ( AR Konstitusiya Məhkəməsinin 27 yanvar 2015-ci il tarixli qərarı). Yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmə tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Beləliklə,işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1631/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1631/2023
04.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver