Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1636/2025 21.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə iddiaçı X2 Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq onunla Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü oğlu X1 üçün mediasiya təklifinin cavabdehə göndərildiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay cavabdehdən 246 manat sabit pul məbləğində alimentin, habelə mediasiya prosesinə ödənilmiş 60 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını Bakı 2 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2024-cü il tarixdə X6 adlı bir övladı olmuşdur. Uşaq onunla qalır. Aralarında yaranmış münaqişə və mübahisələr səbəbindən boşanmışlar. xx.xx.2024-cü il tarixdə nikahın pozulması qeydiyyata alınmış və həmin tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hazırda bir uşağın saxlanması üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. Cavabdehlə ayrıldıqdan sonra uşaq onun yanında qalır, uşağın saxlanılması üçün aliment təyin olunmasına görə mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etsə də, qanunda nəzərdə tutulmuş məbləğdə aliment ödəmək istəmədiyindən razılığa gələ bilməmişlər. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, yanvar ayına kimi alimenti ödəmişdir. İddiaçı ona yanvar ayından sonra alimenti ödəməməsini, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Özü evdən çıxmış, kirayədə yaşayır. 246 manat aliment ödəməyə etiraz etmir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə “Aslanov”, qadına “Şahvələdova” soyadı verilmişdir. -Doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, xx.xx.2024-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. -X3 iştirak edilməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, tərəflər X3 iştirak etmişlər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha girməklə ailə qurmuşlar. Nikahlarından 1 övladları doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Tərəflərin ayrı yaşadıqları müddətdə cavabdeh uşaqların saxlanılması üçün 2025-ci ilin yanvar ayınadək iddiaçıya köməklik göstərmişdir. Hazırda iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq Hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, 2025-ci il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini, həmçinin cavabdehin alimentin məbləği ilə bağlı məhkəmə iclasında bildirdiyi şifahi razılığını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutularaq ödənilməsi məqsədəuyğundur. Cavabdeh 2025-ci ilin yanvar ayından etibarən uşağın saxlanması üçün iddiaçıya maddi yardım göstərmədiyini etiraf etdiyindən alimentin tutularaq iddiaçıya verilməsi xx.xx.2025-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materialları və tərəflərin izahatları ilə müəyyən olundu ki, iddia ərizəsi xx.xx.2025-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olsa da, iddiaçı xx.xx.2025-ci il tarixdən etibarən uşağın saxlanması üçün cavabdehdən maddi yardım almamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.3-ci maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3- maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 244 manat müəyyən olunduğundan, iddianın qiyməti 244 manat x 12 aya=2928 manat təşkil edir. Belə olan halda, cavabdehdən 49.28 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdehdən 49.28 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1636/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1636/2025
21.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver