Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1708/2020 21.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun təhsili üçün hər il ödənilən 500 manat təhsil haqqının 250 manatı, kollecdə təhsil alacağı müddət üçün hər ay 250 manat pulun, İ-İİİ kurslarda təhsilə görə ödənilmiş 1500 manat pulun yarısı olan 750 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, atası Cavabdeh anası Zivər Hacıyeva ilə 2001ci ildə evlənmişlər. Xaçmaz rayon məhkəməsinin 2003-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə onun saxlanması üçün cavabdehdən 100 manat aliment tutulması qət edilmişdir. xx.xx.2020-ci ildə onun 18 yaşı tamam olduğuna görə cavabdehin aliment öhdəliklərinə xitam verilmişdir. O, Azərbaycan Dövlət Pedaqoji Kollecinə daxil olmuş və hazırda əyani «Texnologiya müəllimliyi» şöbəsinin 3-cü kursunda ödənişli qaydada təhsil alır. Təhsil haqqı hər il üçün 500 manat təşkil edir. Təhsili 2021-ci ildə başa çatacaqdır. Bundan başqa Bakı şəhərində kirayədə qalır, kirayə haqqı olaraq 150 manat ödəyir. Bundan başqa dərs ləvazimatlarının alınmasına, qidalanmasına və geyiminə hər ay orta hesabla 300 manat vəsait xərcləyir. Kollecə ödənilən 500 manatdan başqa hər ay ən azından 450-500 manat vəsait sərf edilir. Tələb olunan vəsaitin yarı hissəsindən çoxunu anası təmin edir. Digər valideyni olan cavabdeh isə validyeyn olaraq həmin xərcin yarı hissəsini ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək İddiaçı təhsil aldığı müddətdə ona hər ay 100 manat ödəyə biləcəyini göstərmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 148 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı Cəlal oğlu kollecin əyani şöbəsinə 2017/2018-ci tədris ilində ümumi orta (9 illik) təhsil bazasından «Texnologiya müəllimliyi» ixtisasına qəbul olmuşdur. Hal-hazırda 3-cü kursda ödənişlə əsaslarla təhsil alır. 500 manat təhsil haqqı ödəyir. Təhsil müddətini 2021ci ildə başa vuracaqdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3.-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Azərbaycan Dövlət Pedaqoji Kollecində 4-cü kurs təhsili üçün ödəniləcək 500 manat təhsil haqqının yarısı-yəni 250 manatı, kollecdə təhsil alacağı müddətdə hər ay 100 manat pulun, kollecə İ-İİİ kurslarda təhsil haqqı olaraq ödənilmiş 1500 manat pulun yarısı-yəni 750 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1708/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1708/2020
21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver