Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1764/2020 11.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh Feyruz oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Feyruz oğluna qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Feyruz oğlu ilə birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü Gülərin saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Feyruz oğlu ilə xx xxxxxxx 2008-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşlar. Müəyyən səbəblərdən nikahlarını xx.xx.2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründə xx.xx.2010-cu il tarixdə X4 adlı övladları dünyaya gəlmişdir. Ona görə də, cavabdehdən qanunvericiliyə müvafiq qaydada aliment tələb edir.Uşaq mənimlə qalır. Cavabdeh uşaqla maraqlanmır. Onlar cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. O, uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. Dəfələrlə cavabdehdən xahiş etmişdi ki, uşağıı saxlamaq üçün ona kömək etsin, lakin o, könüllü olaraq ona heç bir kömək göstərmir. Uşaq azyaşlı olduğu üçün özü heç yerdə işləmir, cavabdehin toyuq-cücə sexi var, torpaq sahəsi var və orada kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olur, amma onun gəlirləri barədə məlumatı yoxdur. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Məhkəmə iclasında Cavabdeh Feyruz oğlu iddianı qəbul etmədiyinibildirərək, iddiaçı ilə nikahlarını rəsmiləşdirmədən xx.xx.2008-ci ildə ailə qurduqlarını, 2010-cu ilin oktyabr ayındarəsmi nikaha daxil olduqlarını, birgə nikahdan xx.xx.2010-cu ildə Gülər adlı qızlarının anadan olduğunu, 2018-ci ildə boşandıqlarını və uşaqlarının iddiaçı ilə qaldığını bildirmişdir. Bildiyinə görə iddiaçı yeni ailə qurmuş və uşağı valideynlərinin yanında qoyub getmişdir. O, hazırda işləmir, pay torpağında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə məşğul olur, aylıq gəlirinin dəqiq nə qədər olduğunu bilmir, sexi və başqa qazanc yeri yoxdur. İddiaçı uşağı valideynlərinin yanında qoyub getdiyi üçün ona aliment ödəmək istəmir. İddiaya qarşı təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki iş materiallarında olan Xaçmaz Rayon İHB-nin Aşağı Zeyid kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonunun Aşağı Zeyid kəndində yaşayır. Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli, 314 saylı arayışından müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Az-İ 274705 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə tərəflər arasında nikah pozulmuşdur. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından olan uşaqları hazırda İddiaçı ilə birgə yaşayırlar, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi yardım göstərmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə azyaşlı uşağın mənafeyini və tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nigahından anadan olmuş yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh Feyruz oğlundan hər ay 170 manat alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh Feyruz oğlundan hər ay 170 (yüz yetmiş) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh Feyruz oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1764/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1764/2020
11.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver