Məhkəmə qərarları › İş №2(067)-1785/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1785/2024

04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1785/2024 04.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün mediasiya təklifinin cavabdehə göndərildiyi xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 235 (iki yüz oruz beş) manat, cəmi hər ay 705 manat sabit pul məbləğində alimentin, habelə mediasiya prosesinə ödənilmiş 60 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə nikahlarını Xaçmaz rayon Çinartala İƏD-də 11 nömrə ilə rəsmiləşdirməklə ailə qurmuşlar və həmin tarixdə cavabdehin valideynlərinə məxsus Xaçmaz rayonu, Palçıqoba kəndində yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan üç övladları vardır: X6-xx.xx.2016-cı il təvəllüdlü .X7xx.xx.2017-ci il təvəllüdlü, X5-xx.xx.2018-ci il təvəllüdlü. 06 mart 2024-cü il tarixdə o, evdə baş verən mübahisələrə və cavabdeh tərəfindən mütəmadi olaraq məruz qaldığı təhqir və təhdidlərə dözə bilməyib, cavabdehin evindən çıxıb valideynlərinə məxsus evə qayıtmışdır. İki gündən sonra cavabdehin qardaşı və qardaşı arvadı hər üç uşağını gətirib ona təhvil verdilər və 08 mart 2024-cü il tarixdən hər üç uşaq onun himayəsində olmaqla valideynlərinə məxsus evdə yaşayır. Bu müddət ərzində cavabdeh uşaqların saxlanılması üçün ona heç bir maddi yardım göstərməmişdir. O, özü hal-hazırda Xaçmaz rayonu, Mollaburhan kənd natamam orta məktəbində müqavilə üzrə müəllim vəzifəsində çalışır və aylıq əmək haqqı 140 manat təşkil edir. Cavabdehlə aralarında uşaqlara alimentin ödənilməsinə dair hər hansı saziş yoxdur. O, cavabdehdən uşaqların saxlanılması üçün aliment almaq məqsədilə mediasiya təşkilatına da müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən mediasiya sessiyası təyin edilmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən mediator tərəfindən xx.xx.2024-cü il tarixli, MŞQ/MT-027/2024-000517 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış tərtib olunmuşdur. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar onun tərəfindən mediasiya təşkilatının hesabına 60 manat haqq ödənilmişdir (qəbz № 27578, xx.xx.2024-cü il tarixli). Cavabdeh könüllü olaraq uşaqların saxlanılması üçün ona maddi yardım göstərməkdən boyun qaçırdığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq bildiirmişdir ki, İddiaçı cavabdehlə xx.xx.2012-ci ildə ailə quraraq həmin tarixdən Xaçmaz rayonu, Palçıqoba kəndində yerləşən evə köçmüşdür. Birgə nikahlarından xx.xx.2016-cı il təvvəlüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. 06 mart 2024-cü il tarixdə iddiaçı evdə baş verən mübahisələrə dözə bilməyib, ata evinə gəlmişdir. İki gündən sonra cavabdehin qardaşı və qardaşı yoldaşı uşaqları götürərək üç uşağı da götürərək iddiaçının atasının evinə gətirmişdir. Həmin gündən etibarən cavabdeh uşaqlarla maraqlanmamışdır. Bundan sonra iddiaçı alimentlə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh həmin mediasiya prosesində iştirak etməmişdir. Cavabdeh könüllü olaraq uşaqlara maddi yardım etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin rəsmi iş yeri olmasa da, mebel sexi vardır. Bundan əlavə sərnişin daşımaqla məşğuldur. Həmçinin meyvə bağları vardır. Yəni, maddi imkanı yerindədir. Cavabdehdən hər uşağa 235 manat aliment olmaqla, ümumilikdə 704 manat sabit pul məbləğində aliment təyin olunmasını xahiş edir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasna baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Arayışından müəyyən olunur ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikahlarını Xaçmaz rayon Çinartala İƏD-də 11 nömrə ilə rəsmiləşdirməklə ailə qurmuşlar. - Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Arayışlarından müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 anadan olmuşlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan üç uşaqları vardır. Uşaqlar hazırda iddiaçının himnayəsindədirlər. İddiaçı cavabdehdən uşaqların saxlanması üçün aliment tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını, cavabdehin müntəzəm gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 185 manat olmaqla, cəmi 555 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan, yaşayış minimumu ilə müəyyən edilmiş 235 manat məbləğinin 185 manat hissəsi cavabdeh tərəfindən ödənildiyindən (hər uşağa görə), qalan hissə də iddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 06 may 2024-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 6660 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 86.60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 06 may 2024-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 185 manat olmaqla, ümumilikdə 555 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsinə görə 86.60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar